Repressiyadan qurtula bilməyən sənətkarın qırılmış ömür yolu

Repressiya tarixini tədqiq edərkən Abbas Mirzə Şərifzadə ilə bağlı maraqlı faktlarla rastlaşdım. Sovet rejimi qorxu, kabus içində hər kəsdən, hətta bir aktyordan da şübhələnirdi. Bir incəsənət adamı da sovet rejimi üçün təhlükəli  görünürdü. Dünya səviyyəli bir aktyor öz sənəti ilə məşğul  olmaq əvəzinə, görün, nələrin və kimlərin qurbanı olur. Arxiv sənədlərinə nəzər salaq. 1937-ci il iyulun 22-də Azərbaycan Xalq Daxili İşlər Komissarının (XDİK) müavini Gerasimov, şöbə müdiri Sinmanın üstünə belə bir dərkənar yazır: "Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar.  1937-ci il dekabrın 3-də Azərbaycan SSR XDİK DTİ-nin üçüncü bölməsinin rəis müavini, baş leytenant Borisov arayış tərtib edir: "Şərifov Abbas Mirzə Rəsul oğlu 1891-ci ildə anadan olub, azərbaycanlıdır. Azərbaycan Dövlət Dram Teatrının artistidir. Əldə olunmuş məlumatlara görə, o, bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunub. Qeyd edilənlərə əsasən, Şərifov A.M. həbs olunub Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir".[ DTX istintaq qovluğu  PR№16641]
   Abbas Mirzə kim idi? O, 1891-ci ildə Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailədə anadan olmuşdur. Atası Mirzə Rəsul   zəmanəsinin tanınmış ziyalısı olub. Seyid Əzim Şirvaninin "Üsuli-Cədid" məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.
1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır,onun bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.
İlk addımdan belə maneələrə rast gəlməsinə baxmayaraq, Abbas Mirzənin sonrakı sənət yolu işıqlı olur. Belə ki, o, teatr və kino sahəsində coşqun fəaliyyət göstərərək əvvəlcə aktyorluq, sonra isə rejissorluq sənətinin zirvəsinə çatır. On yaşında ikən gimnaziyaya daxil olur. Bu zaman o, daxili dünyasında səhnəyə marağı olduğunu hiss edir. 
Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub.  Kim nə istəyir yazır, nəyi istəyir "sübut edirdi". Yalnız ümumi bir məqsəd var idi: amansız cəza vermək və günahsızı güllələmək.
  Akademik Ziya Bünyadov "Qırmızı terror" kitabında yazır: "O zaman qarşısıalınmaz olan bu rejimə Abbas Mirzə də qurban gedir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin əməkdaşı, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur".[ Z. Bünyadov "Qırmızı terror" kitabı, Bakı, 1993]
        Dekabrın 4-də həbs olunan Abbas Mirzədən nələr soruşmurlar? Xaricdə yaşayan qohumu, İran və Türkiyə konsulluqları, əksinqilabçılarla əlaqəsinin olub-olmadığı barədə sorğu-suala tuturlar. O, bütün suallara vicdanının səsi ilə düzgün və səmimi cavablar verir.
        Akademik Ziya Bünyadov "Qırmızı terror" kitabında  daha sonra yazır:  "Abbas Mirzəyə Hüseyn Cavid, Cavad Axundzadə, Mikayıl Müşfiq, Seyid Hüseynlə əlaqələri barədə də suallar verirlər. Təbii ki, aldıqları cavablara inanmır, daha doğrusu, inanmaq istəmirlər. Səmimi deyilsiniz. Siz yaxşı artist olmağınızdan istifadə edərək Cavid, Cavad və Müşfiq kimi burjua antisovet yazıçılarını tərənnüm edib onların pantürkist xəttini həyata keçirirdiniz. Nə üçün siz konsertlərdə və radioda repertuarınıza Müşfiqin, Hüseyn Cavidin və Əhməd Cavadın əsərlərini salırdınız?―deyirlər. Abbas Mirzə bildirir ki, konsert proqramlarını İncəsənət Komitəsi təsdiq edir və icazə olmadan heç bir əsəri ifa etmək mümkün deyil".[  Z. Bünyadov "Qırmızı terror" kitabı, Bakı, 1993]
Mən özüm arxivdə çalışan zaman Abbas Mirzə Şərifzadənin istintaq materialları ilə tanış olarkən bəzi məqamlar diqqətimi cəlb etdi. Bir incəsənət adamını, məşhur teatr xadimini məhv etmək, ondan istədikləri məlumatı almaq cəhdləri baş tutmur. O, bütün işgəncələrə, təzyiqlərə baxmayaraq, öz qürurunu qoruyaraq müstəntiqin suallarını cavablandırır. 
Sual: ―Siz Azərbaycan SSRİ C.M. 68-ci maddəsi ilə məsuliyyətə cəlb olunmusunuz, özünüzü müqəssir hesab edirsinizmi?
Cavab:―Mən özümü yalnız Gəncədə İran konsulu vəqfinin yanına getməkdə müqəssir hesab edirəm.Başqa heç bir şey deyə bilmərəm.
Sual:―Musavatçılar Azərbaycana rəhbərlik etdiyi zaman siz onlara qoşulmuşdunuzmu?
Cavab:―Xeyr! Mən Musavat partiyasının  üzvü olmamışam. Onların mövqeyi ilə şərik deyiləm. Mən, ümumiyyətlə, teatrdan başqa bir iş bilmirəm.
Gerçəkdən ömrünü teatra həsr edən bir insanı qondarma ittihamlarla həbs etmək, incitmək, işgəncələr vermək  totalitar bir rejimin mahiyyətinin göstəricisi idi. 
Müstəntiqlər də öz dediklərini söyləyirdilər. Yenə də soruşurdular ki, Ülvi Rəcəb, Hacıağa Abbasov, Mirzəağa Əliyev, Əhməd Cavad, Hüseyn Cavid Abbas Mirzəyə necə təsir göstəriblər? Əlbəttə ki, adıçəkilən insanlar ona heç bir təsir, təzyiq göstərməmişdilər. Abbas Mirzə istər həmin şəxslərlə, istərsə də haqqında sual verilən Ruhulla Axundov, Əli Kərimov, Hacıağa Abbasovla münasibətləri barədə düzgün və səmimi cavablar verirdi. Dindirmələr 1938-ci ilin yanvarında da davam etdirildi. Müsavatın əkskəşfiyyat idarəsi ilə münasibətdə ittiham olunurdu. Abbas Mirzə isə yenə də bu idarə ilə heç bir əlaqəsi olmadığını və idarənin heç bir məmurunu tanımadığını bildirirdi. Altı dəfə uzun sürən dindirilmələr, eyni suallara verilən eyni cavablar, təzyiqlər, işgəncələr davam edirdi.
 Akademik Ziya Bünyadovun "Qırmızı terror" kitabına yenidən nəzər salaq: " Bütün bu proseslər görkəmli sənət adamının həm də güclü iradəyə malik olduğunu təsdiqləyirdi. Lakin bu iradə və inad sənətkara çox baha başa gəldi. Abbas Mirzə Şərifzadənin işi gələcək istintaq üçün Azərbaycan SSR XDİK-nın 4-cü şöbəsinə göndərilir və fevralın 8-də onun işi haqqında daha bir qərar çıxarılır. Fevralın 16-da isə Abbas Mirzəyə yeni ittiham təqdim edilir. Bu dəfə onu əksinqilabi burjua-millətçi təşkilatının üzvü kimi məsuliyyətə cəlb edirlər. Aprel ayında onunla daha bir repressiya qurbanı―teatrın baş repertuar komissiyasının rəhbəri Mahmud Mahmudov arasında üzləşmə keçirirlər. Əslində, belə bir üzləşmə heç keçirilməyib, yalnız uydurulub. Əvvəla, üzləşmənin kim tərəfindən aparıldığı məlum deyildi. İkincisi, bu zaman Abbas Mirzə artıq güllələnməyə məhkum edilmişdi".[   Z.Bünyadov "Qırmızı terror" kitabı, Bakı, 1993]
Jurnalist İradə Əliyeva Abbas Mirzənin ziddəyyətli ölüm tarixi  və digər məqamlarla bağlı  yazır: "1955-ci il sentyabrın 17-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası SSRİ baş prokurorunun etirazı üzrə casusluq fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş A.M.Şərifovun işi ilə tanış olur. Prokurorun etirazında göstərilir ki, Şərifovun ittihamı onun etiraflı ifadələri ilə şahidlər Ruhulla Axundovun, Həsən Ərşadinin, Mahmud Mahmudovun və Əli Həsən Abbas oğlunun ifadələrinə əsaslanır. Sənəddə göstərilir ki, ifadələr Şərifovdan fitnə yolu ilə alınıb və onun güllələnməsindən sonra işinə əlavə edilib. Şahid Ruhulla Axundov Abbas Mirzənin əleyhinə ifadələrini dəhşətli döyülmələrdən, işgəncələrdən sonra verib. Əli Həsən Abbas oğlu fitnəkar, yalançı şahid olub və istintaq tərəfindən cinayət işlərinin saxtalaşdırılması üçün ondan istifadə edilib. Şahid Həsən Ərşadi Şərifovun əleyhinə verdiyi ifadələrdən imtina edib və göstərib ki, o, çoxlu günahsız adamlara böhtan atıb. 1955-ci il oktyabrın 15-də sənətkarın qızı, tanınmış aktrisa Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. Bir müddət bundan əvvəl SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv etmiş və iş xətm olunmuşdur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirmişdilər. 1957-ci ilin oktyabr ayında "hüququ özünə qaytarılmış" Şərifzadənin vaxtilə müsadirə edilmiş mülkünün qiyməti ―720 manat son qəpiyinədək (böyük "ədalət"lə) uşaqlarına qaytarılır. Ömrünün və sənətinin çiçəklənən dövründə ―44 yaşında qətlə yetirilən Şərifzadə kim bilir səhnəmiz üçün, Azərbaycan teatrı və kinosu üçün hələ nələr edərdi?".[ İ. ƏLİYEVA, Azərbaycan,- 2016.- 30 oktyabr,- s. 4    ]
Bütün təqiblərə, ədalətsizliyə baxmayaraq, Abbas Mirzənin qısa ömründə etdikləri, onun Azərbaycan mədəniyyəti tarixində bir ustad sənətkar kimi qalması üçün kifayətdir. Abbas Mirzə Şərifzadə  kimi  qüdrətli sənətkarın həyatına son qoymaq, yalnız düşmən qüvvələrin hədəfi ola bilərdi. Buna da nail olublar. 

Əkrəm Bəydəmirli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31