Dünya ədəbiyyatının Azərbaycan oxucusuna təqdim edilməsi: Nəşr prosesindəki məsuliyyətlər – ÖZƏL

Dünya ədəbiyyatının və digər ölkələrin kitablarının Azərbaycanda nəşr olunması, qlobal mədəniyyətin və ədəbiyyatın yerli oxucuya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses, yalnız yeni və maraqlı əsərlərin təqdim edilməsini deyil, həm də ölkəmizin mədəni zənginliyini artırmaq, oxucunun düşüncə dünyasını genişləndirmək məqsədini daşıyır. Bəs başqa ölkələrdən gələn ədəbiyyatların ölkəmizdə çapı necə baş tutur?

Mövzu ilə bağlı Olaylar.az-a danışan "Qədim Qala" nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu bildirib ki, ölkəyə gətirilən dünya ədəbiyyat nümunələrinin çapı ilə bağlı bütün məsuliyyəti nəşriyyat daşıyır:

"Bədii ədəbiyyatın ölkəyə gətirilməsi   ilə bağlı heç bir senzura yoxdur. Bu senzuranı demək olar ki, nəşriyyat özü həyata keçirir və nəşriyyat kitabı götürməmişdən öncə oxuyur. Əgər onun kriteriyalarına uyğun olursa, o zaman onu çap edir. Təbii ki, burada demək olar ki, əsas məsuliyyəti nəşriyyat daşıyır.".

Şöhlət İxtiyaroğlu qeyd edib ki, dini ədəbiyyat nümunələrinin çapında isə proses daha fərqli aparılır.

"Əgər sözügedən ədəbiyyatı biz dini ədəbiyyatda nəzərdə tuturuqsa, bəli, dini ədəbiyyat da tərcümə olunandan sonra mütləqdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilsin. Kitab komitədə oxunur, oxunandan sonra ona rəy verilir. Əgər kitabın çapı üçün icazə verilirsə, daha sonra həmin kitab komitə tərəfindən verilmiş nömrə ilə çap edilir. Eyni zamanda komitəyə müraciətdə kitabın sayı da qeyd olunur. Komitə də ona artıq nəşriyyatın öz hesabına qalaqram verir. Yəni burada nəşriyyat o ədəbiyyatı çap edəndə hər bir nüsxə üçün əlavə qalaqram da alır".

Müsahimiz əlavə edib ki, direktoru olduğu "Qədim Qala" nəşriyyatı beynəxalq sərgilərdə iştirak edərək nəşriyyatın platformasına uyğun olan kitabları seçib nəşr edir.

"Burda əsas məsələ, yəni bütün məsuliyyət indiki halda nəşriyyatın üzərinə düşür. Aydın məsələdir ki, dini ədəbiyyatda bunu Dini Komitə həyata keçirir. Amma digər bədii ədəbiyyatlarda isə məsuliyyət birbaşa nəşriyyatın üzərinə düşür. Məsələn, biz "Qədim Qala" nəşriyyatı olaraq hər bizə təklif olunan kitabı çap etmirik. Biz özümüz beynəlxalq sərgilərdə iştirak edirik, nəşrlərə diqqət yetiririk. Ümumiyyətcə hər hansı bir problemi olmayan zərərli bir kitab deyilsə, nəşriyyatın platformasına uyğundursa, həmin kitabı çap edirik. Əksi yəni mümkün deyil".

Direktor sonda əlavə edib ki, nəşriyyat olaraq daha çox insanın inkişafına xitab eləyən, insanlara faydası ola bilən ədəbiyyatlara daha çox üstünlük veririk. Başqa maraqlara, işlərə xitab edən kitabları ümumiyyətlə nəşriyyat olaraq çap etmirik. Bu, bizim strategiyamıza tamamilə ziddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31