Dostluq imtahanlarından başı uca çıxan insan
3 Dekabr 10:59 ƏdəbiyyatFaiq bəylə ilk görüşümü yaxşı xatırlayıram. 2015-ci il idi, ilk dəfə Bakı şəhərinə dəvət oldunmuşdum. İndi haqq dünyasında olan gözəl şair, ana, dost rəhmətlik Fəraqnə xanım Mehtiyevanın qonağı idim və elə onun evində də Faiq bəylə tanış olduq. Həmən gün şam yeməyindən sonra Faiq bəy məni və rəhmətlik Ferqanə xanımı öz maşınına mindirib bulvara götürdü. Bakını ilk dəfə gördüyüm üçün gözlərimə sevincidən yuxu da gəlmirdi. Səhərə yaxın, saat 4 -ə qədər bulvarda gəzib şeir oxuduq. Faiq bəyin insan kimi insan və adam kimi adam olduğunu orda bütün vucudumla hiss etdim.
Faiq bəylə ikinci görüşümüz 2016-cı ildə baş tutdu. Rusiya Federasiyasında, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində dünya Türk xalqlarının 11-ci şeir şölənində iştirak edirdik. Bu səfər zamanı biz daha yaxınlaşdıq və daha səmimi dost olduq. Bu dəfə onun digər yüksək keyfiyyətlərini kəşf etdim; təəssübkeş, dostcanlı, Azərbaycan sevdalısı, zarafatcıl və hazırcavab, şeir oxuduqda auditoriyanə ələ almaq bacarığı ... Xanımlara qarşı həssas və diqqətli olması isə onu qadın yazarlara və xüsusi ilə də tədbirlərdə iştirakçı olan əks cinsin nümayəndələrinə sevdirən tərəfi idi. Əminliklə deyirəm: o tayda üç - beş dost adlandırdığım insan varsa, əlbəttə ki onlardan biri də dostum Faiq Balabəylidir.
Faiq bəy dostluq imtahanlarından başı uca çıxan bir insandır. Bakıda və Azərbaycandan kənarda bunu görmüşəm. Elə onlayın görüşlərimiz zamanı da o bunu sübut edib. Ona güvənmək olar, baxmayaraq ki, şıltaqlığı tutanda adamla etdiyi zarafatlar bəzən onunla daha diqqətli olmağa sövq edir. Bu zarafatların ağırlığına, gətirdiyi hər hansı bir fəsada baxmayaraq ondan heç incimək olmurdu.
Əminliklə deyirəm, boyunun bəstə olmağına baxmayaraq, sözünün özü və çəkisi xarakterindəki sambal çox böyükdür. Sözü bütövdür, çünki sözünün ağasıdır. Yerinə düşər deyim ki, şair qardaşım mənə verdiyi sözlərindən bu saata kimi təkcə birinə əməl etməyib. Nə idi bu söz? Şair demişkən, deməsəm ölləm. Kazandakı macəra dolu günlərimizdən birindən sonra zarafatla Faiq bəy mənə söz vermişdi ki, səni evləndirəcəm, elçiliyini də özüm edəcəm. Mən də eynən onun kimi zarafatla demişdim ki, o zaman mənə bir pullu Yəhud qızı alarsan, sənə etibar edirəm, elə qızı da özün seçərsən. Şair qardaşımız Əkbər Qoşalı, bu məsələdə Faiqə güvənmə desə də, sonda razılaşdıq ki, Yəhud qızı tapılsın, elçiliyimizi edək və mən də evlənim. Amma, bütün sözlərində dəqiq olan Faiq qardaşım pullu, qırmızı donlu Yahud qızını mənə hələ də tapmayıb və mən hələ də evlənməmişəm. Yəni hələ də Faiq bəyin verdiyi sözə güvənib və qırmızı donlu Yəhud qızını gözləyirəm. Amma özü 5 gün ərzində Kazanda azından müxtəlif millətlərdən olan 5-6 qızla "həmsöhbət" olub şəkil çəkdirdi, məni göstərdi, nə dedi, demədi, o xanımlarda özümə qarşı hörmət gördüm, üzümə güldülər və sair. Bu heç, amma digər tərəfdən mən rus dilini bilmədiyim üçün onun zarafatlarına inanırdım. O, adamı inandırmağı da yaxşı bacarırdı. İndi dostumun zarafatlarını yadıma salıram, zarafala da ona bu şeiri yazıram:
Biz gələndə qar yağırdı Kazana
Qış sovuşdu, yay da keçdi, Faiq bəy.
Deyirdin ki pozu olmaz yazana
Qış yazılan, yayda keçdi, Faiq bəy
Narsuluydu, Aynaraydı və Lyuda
sən danışan nağıllara uyurda.
Demişdin ha, qəşəng qız var Yahuda
xəyalımdan toy da keçdi, Faiq bəy.
Hər kəs bəh-bəh etdi sənin işindən
Çox meyvənin tamı keçdi dişindən
Mən o qədər xiffət etdim, bu işdən
Yas da düşdü, vay da keçdi Faiq bəy.
Sən vurğunsan həm zənənə, dənizə
Urusetdə həsrət qoydun kənizə.
Doğulsaqda, yaşasaq da Təbrizə
Ah-vayımız Xoyda keçdi, Faiq bəy.
Qurd ağızlı mən Məhəmməd Çalğınam
fikirliyəm, xəyallıyam, dalğınam.
Daha sənə nə etibar, nə inam
can ağrıyıb, "oy" da keçdi Faiq bəy.
Əlbəttə bu şair qardaşıma zarafatla yazdığım gileydir. Dediyim kimi, mən onun bütün xatakterini bəyəndim, sevdim.
Faiq can! İndi bu saat mənim bu yazımı harda oxuyursan, bilmirəm. Mən isə yenə də doğma Təbrizdəyəm. On beş aydır ki, öz evimdə zindan əzabı çəkirəm, bunu hamıdan yaxşı sən bilirsən, mediadan istifadə haqqım yox, heç bir tiribundan şeir oxuya da bilmərəm. Belə desəm, daha yaxşı olar, səsim və nəfəsim yasaqdır.
Bilirsən ki, mən əzildikcə böyüyürəm və yasaqlaşdıqca daha rahat sınırları pozuram. Bilirəm, bu da bitəcək və bilirəm ki, təkrar görüşəcəyik. O gözəl Bakını, dostları, səni bir də görəcəm.
Faiq bəy, sənin şairliyinə gəldikdə isə deyim ki, şeirlərində Azərbaycanın digər şairlərinin şeirlərində olduğu kimi həsrəti, nisgili və nastalejini aydın və aşkarcasına görürük. "Şuşa" şeirində biz həmin nastalejilə üzbə üzük. Sənin ruhun Vətənpərvərliklə yoğrulub.
Əlbəttə, fikrimcə şərqdə modern deyə bir məfkurə yaranmadı. Ya da yaranmasını istəmədilər, amma postmodernizm şərqdə qanad açıb uçur. Sənin şeirlərində bu nəinki sezilir, doy verib görsənir.
Tutalım postmodernizmi Amerikada memarlar ortaya qoydular. Amma posmodernizm şərq üçün yarandı həqiqətən. Biz posmodernizmi şərqdə və şərqin ədəbiyatında görürük. Sənin də yaradıcılığında bu aşkar görünür, dediyim kimi.
Bilirəm ki, Faiq, sən nədən yazırsan yaz, oxucunu səmimiyyətinə inandıra bilirsən. Sənin şeirlərində saxta heç nə görünməz, hiss olunmaz. Yaşantılarındır. Sevgi şeirlərin də yadda qalan, səmimi şeirlərdir. Sən ilk sevginin adını çəkməsən də o sevginin ətrini şeirlərində hiss edirik, görürük. Sənin elə tez-tez xatırladığım "Xəbər göndərin ona" və "Qayıt gəl" şeirlərini misal gətirə bilərəm. Bu şeirlərdə həm həsrətin, həm də ilk sevginin ətrini görməmək, duymamaq olmur.
Əziz dostum, Faiq, sənin 60 yaşın tamam olub, üzü 70 tərəf aram-aram gedirsən. Get, qardaş, səni daha yüksəklərdə, sevə bilən, sevilən insanların qəlbində görürəm. Amma heç unutma, sənin şeirlərin səni daha uzaqlara aparacaq, buna əmin ol, necə ki, mən əminəm. Sənə qardaş sözümü, arzumu çatdırım: Daima gözəl ömür yaşa, ocağının odu əskik olmasın.
Məhəmməd Çalğın,
Şair. Təbriz şəhəri
24.03.2024