Şairə Mahirə Nağıqızının bədii söz ustalığı

Müasir ədəbi prosesdə özünün bədii sənətkarlığı ilə tanınan istedadlı şairlərdən olan Mahirə Nağıqızı - Hüseynovanın yaradıcılığı da bədii dil baxımından olduqca zəngin və mükəmməldir. Ana dilinin bütün imkanlarından ustalıqla istifadə edən istedadlı şairə şeirlərilə mükəmməl bədii dil ortaya qoymuşdur. Onun yaradıcılığı mövzu-mündəricə etibarilə zəngin olduğu kimi, bədii dil və sənətkarlıq baxımından da mükəmməl və nümunəvidir. Vaxtilə ədəbiyyatşünaslığın böyük bilicisi və qüdrətli yazar Mir Cəlal yazırdı ki, "bədii dil bədii əsərlərdə həyatı, varlığı şairanə bir şəkildə əksetdirmə vasitəsidir". Ustad Mirzə İbrahimov da deyirdi ki, "bədii dil ... bədii əsərin taleyini həll edir".

İstedadlı, təbli bir şairə kimi özünü tanıdan şairə bu günə dəqər xeyli sayda kitablar bəxş etmişdir. Geniş oxucu kütləsi tərəfindən sevilərək rəğbətlə qarşılanan Mahirə Nağıqızı bir şairə kimi qiymətli əsərlərinə görə "Qızıl qələm" və digər mükafatlara layiq görülmüşdür.

Müasir ədəbi prosesdə öz qələmi və imzası ilə tanınımış Mahirə Nağıqızının yaradıcılığı özünəməxsus bədii ifadə imkanları ilə zəngin və sənətkarlıq örnəyidir. Mövzu-mündəricə etibarilə yaradıcılığı zənginliyə malik olan şairənin müşahidə qabiliyyəti ilə ifadə imkanlarının məharəti və zənginliyi bir-birini tamamlayaraq çox ecazkar, bədii sənətkarlıq baxımından heyrətamiz bir yaradıcılıq nümunəsi ortaya çıxarmışdır. Şairə M.Nağıqızı dilçi alim olmaqla ana dilimizin üslubi imkanlarına bütün dərinliyi ilə bələd olduğu kimi, öz yaradıcılığı ilə də onun üslubi zənginliyinin təcrübi örnəyini ortaya qoymağa müvəffəq ola bilmişdir. Bu baxımdan M.Nağıqızının yaradıcılığında olduqca məzmunlu və özünəməxsus məcazlar nümunəsi, üslubi fiqurlar örnəyinə rast gəlmək mümkündür. Şairə hiss və duyğularını, lirik obrazını dilin mükəmməl poetik sistemi ilə təqdim edərək yaddaqalan, diqqətçəkici və orijinal məcazlar və poetik fiqurlar istifadə etmişdir. Şairənin yaradıcılığı üçün müqəddəs ANA obrazını bədii cəhətdən təsirli və yaddaqalan təqdim etmək üçün istifadə etdiyi üslubi fiqurlar, mübaliğə və məcazların məharətli öz çəkiciliyi ilə fərqlənmiş və nümunəyə çevrilmişdir:

Xəbərim olmayıb süd əmməyimdən,

Bəlkə döşləri də daşıymış onun?!

Əlini başıma çəkdiyi gündən,

Duydum əllərinin daş olduğunu.

Şairə ana məhəbbətindən, ana nəvazişindən məharətlə söz açır. Elə məhəbbət ki, bəzən daş kimi ağır, nəvazişi daş kimi möhkəm. Şairə çox məharətlə daş parçalayan, qayalar qıran, palçıq qarışdırıb kərpic qaldıran bir ana əlinin daş ağırlığında gizlənən ana nəvazişini ən sadə dil konstruksiyaları ilə canlı-canlı, təsirli ifadə etməyə qabil olmuşdur. Anasının sədaqətini, evinə, ocağına bağlılığını məhz bu daşlara dözən tabında-tavanında taparaq əks etdirib. Bununla da təkcə bir ananın deyil, milyonlarla azərbaycanlı anası - qadınının obrazını, heysiyyət və həssasiyyətini, sədaqət və qeyrətini, məhəbbət və nəvazişini ümumiləşdirərək obrazlaşdırıb.

Mahirə Hüseynovanın şeir dilində ana dilimizin qanadlı sözlər xəzinəsindən məharətlə istifadə edilmişdir. Onun yaradıcılığında ana dilimizin məna müxtəliflikləri ifadə etmə qüdrətinə bələdçilik və istifadə məharəti də özünü təzahür etdirir. Onun yaradıcılığında iki ANAya dərin məhəbbət və qırılmaz bağlılıq var: bir bizi dünyaya bəxş edən Ana, bir də Vətən:

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizimdə,

Sənə məhəbbətim, Vətən, bitmədi.

Vətənə məhəbbətin min-min sözdə ifadə tapdığı eyniyyətin orijinal, bənzərsiz bir nümunəsi qarşımızda dayanıb. Vətən siyasi cəhətdən konkret sərhədlərlə yer tapır, lakin bir vətəndaş, insan qəlbində Vətən və ona məhəbbət sonsuz, hüdudsüz, sərhədsizdir. Şairə böyük sənətkarlıq məharətilə obrazlı ifadələrini ən orijinal, özünəməxsus ifadə tapıntıları ilə, söz oyunları ilə əks etdirməyə müvəffəq olub. Burada da şairə bir tərəfdən misralar arasında üslubi fiqur olaraq bədii təzaddan istifadə etmiş (bitər-bitmədi), bədii təzadın qarşılaşdırma yolu ilə nəzər diqqəti cəlb etmə məharətini göstərmiş, həm də bədii təzadın ifadəlilik imkanları daxilində vətənə məhəbbətin hüdudsuzluğunu təqdim etməyə nail olmuşdur. Eləcə də "Arzuları göyərməyən kəslərin, Torpaq üstdə sinədaşı göyərər" misrasında şairə məharətlə "göyərməyən - göyərər" bədii təzadını yaratmaqla fikrin olduqca dərin və rəngin bir ifadəsini ortaya qoymuşdur. Ümumiyyətlə, istedadlı şairə öz yaradıcılığında bir sıra orijinal bədii sual, təzad, təkrir, mübaliğə, litota və b. kimi üslubi fiqurlardan istifadə etmişdir:

Təzad:

Yazılanı bu dünyada olmaz pozan;

Allahdan aşağı, bəndədən uca

Adını bir nəfər ucadan çəkir;

Allahın adından danışan insan

Allahın evini daşa tuturdu;

Onların sağlığı döyüşən əsgər,

Məzarı -Vətənin istehkamıdır və s.

Şairə məcazların çox maraqlı, həm də orijinal nümunələrini ərsəyə gətirməklə şeriyyətinə min bir rəng, canına can, ruhuna ruh qatmışdır. Şairə obrazı mükəmməl və təsirli yaratmaq üçün yaddaqalan mübaliğə və litotlardan istifadə etmiş, mükəmməl nümunələrini ortaya qoymağa müvəffəq olmuşdur. "Canımı verərəm səndən ötəri, Ruhum sağlığından xatircəm olsun" bədii misrasında da şairə mübaliğənin imkanlarından yararlanmaqla aşiqdəki məhəbbətin qırılmazlığı və fədakarlığının özünəməxsus təbiri və ifadəsini, məxsusi olaraq əzəmət, qüdrət və dəruniliyini təcəssüm etdirmişdir. Şairənin yaradıcılığında rast gəldiyimiz aşağıdakı mübaliğə və litota nümunələri də onun poetik ustalığını aydın nümayiş etdirən bədii faktlardandır:

Mübaliğə:

Ərən oğulları bir yolu seçdi

Tutub dırnağıyla sal qayaları;

Dərə keçib, dağ aşaram,

Düz-dünyanı dolaşaram;

Bir güllə gücünə sakit olanlar,

Bir addım səsinə diksinə bilər;

Litota:

Hansı dərddi dağdan ağır,

Qısılıbsan qönçə-qönçə və s.

"Bir güllə gücünə sakit olanlar, Bir addım səsinə diksinə bilər" misrasını əziz şəhidlərimizin qəhrəmanlığına hörmətlə yazan M.Nağıqızı "sakit olmaq" feilini "ölmək" feilinin evfemistik qarşılığı olaraq istifadə etmiş, "bir güllə səsinə susanlar" ifadəsində kiçiltmə (litota), "bir addım səsinə diksinə bilər" misrasında isə həm də təzad olaraq şişirtmə (mübaliğə) yaratmışdır.

Mahirə Nağıqızının yaradıcılığında çox maraqlı epitet örnəkləri var. Şairə qüvvətli fikir və təəssürat oyatmaq üçün epitetlərin bədii yaradıcılıqdakı rolundan məharətlə istifadə etmiş, orijinal örnəklərini yaradaraq bədii dilimizin zənginləşməsinə xidmət göstərmişdir:

O əsir dağların, gen dərələrin

Qərinə dərdinə qalanıb gəlib;

Dinər saza həsrət dağlar;

Bu ümid yeridir, ay lövbər adam! və s.

M.Nağıqızı yaradıcılığında ən çox diqqət çəkən məcazlardan biri metafordur. Əlbəttə, burada bədii yaradıcılıq üçün əhəmiyyətli olan ümumişlək məcazlardan istifadə etmək deyil, ağlagəlməz, qeyri-adi müqayisə predmetləri tapmaqla yalnız müəllifə xas məcazlar yaratmaq qüdrətidir ki, ədəbiyyatşünaslıqda məhz bu, sənətkarlıq olaraq dəyərləndirilir. M.Nağıqızının da bədii yaradıcılığında məhz onun özünə xas olan çoxsaylı nümunələr müşahidə etmək mümkündür ki, bunlar şairənin sənətkarlıq məharəti olaraq təzahür tapır:

Nə nazlanır Xarıbülbül,

Görüb ömrə yarı bülbül;

Get, gözləyir Laçın səni, Şuşam səni;

Torpağın bağrında yatar şəhidlər;

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər və s.

Şairə M.Nağıqızının fikrin obrazlı və təsirli təqdimi üçün istifadə etdiyi təşbehlər də maraq doğurur. M.Nağıqızının yaratdığı bu kimi təşbeh nümunələri fikrə dərin obrazlılıq və bədii təsir bəxş etmişdir:

Hər biri dikəldi, durdu dağ kimi,

Düşmən qabağına verdilər sinə.

Gecənin bağrından bir mizraq kimi

Onlar sancıldılar düşmən köksünə;

Yunus kimi məzar-məzar

Torpaq ennəm, demədimmi? və s.

Ədəbiyyatşünaslıqda bədii, məntiqi sual olaraq adlandırılan üslubi fiqurlar da bədii yaradıcılıq hadisəsi üçün olduqca əhəmiyyətlidir. Müəllif bədii sual vasitəsilə oxucunu daha çox düşündürməyə və onu fikri istiqamətləndirməyə yön verir. M.Nağıqızının da yaradıcılığı üçün xarakterik olan üslubi fiqurlardan biri bədii sualdır:

Kimə qəzəblisən, payız yağışı?;

Nələrə şəhadət etdi bu şəhər,

Qəlbində nə qədər yaraları var?! və s.

Təkrirlər də həm fikrin dərin, qüvvətli anlaşılması, düşüncənin toplanması və vurğulanması, həm də estetik cəhətdən mükəmməl ifadəsi üçün mühüm əhəmiyyətə malikdir. Təkririn növləri kimi çıxış edən anafora və epiforalardan uğurla istifadə edən sənətkar məna dərinliyi ilə bərabər, məqsəd və xüsusi vurğu kəsb edən fikirləri təkrirlər vasitəsilə ifadə etməyə üstünlük vermişdir. M.Nağıqızının şeirlərində təkrirlər məna dərinliyi və fikrin ekspressivliyi üçün uğurla istifadə edilmişdir:

"Azərbaycan bağrım" deyən,

"Ağrısıdır ağrım" deyən,

"Qardaş" deyən, "Yavrum" deyən,

Yollarına salam olsun!;

Gücün sənin - bu dünyada olan haqqın,

Göz dağımdır düşmanımda qalan haqqım.

Yağı versin: o can haqqım, bu qan haqqım,

Haqq sənindir, öz haqqını almağa get və s.

Ümumiyyətlə, şairə Mahirə Nağıqızı şeriyyət dilinə çox məsuliyyətlə yanaşaraq ana dilinin bütün imkanlarından məharətlə faydalanmış, çox zəngin söz tərkibi nümayiş etdirmiş, orijinal bədii məcazlar ortaya qoymuşdur. Onun yaradıcılığında Vətən sevgisi və el, torpaq, yurd məhəbbəti başlıca yer tutur. Mahirə xanımın yaradıcılığı yurd sevgisi ilə qaynayıb qovuşur. Şairə bu məhəbbəti təkcə mövzu-tematika ilə deyil, həm də ana yurdun doğma, şirin dili ilə, onun şəhdi-şəkəri, imkanlarından uğurla, məharətlə istifadə ilə nümayiş etdirir. Şairə çox təsiredici və orijinal cinaslar yaradır, təzadlar ortaya qoyur, bədii təkrirlər işlətməklə şeriyyətini əlvanlaşdırır, gözəlləşdirir və məna, hikmət verir. "Nazlı, nazlı", "Niyə?", "Əllərin", "Qəlbində bir yuvam olsa", "Gözəl", "Həmən yol" və digər şeirlərində, sözün əsl mənasında, ustalıqla qurulmuş söz oyunu və məharətli dil istifadəsini görmək mümkündür. Həm də ayrıca bir bədii məziyyət burasındadır ki, istedadlı müəllif təkcə estetik cəhətdən gözəl, mükəmməl söz rənginliyi yaratmır, həm də mənaca dərin, hikmətli, yüksək obrazlılığa malik fikirlər ifadə etməyə müvəffəq olur. Elə buna görədir ki, şairənin yaradıcılığı, üslubu, dili, eləcə də bədii-estetik cəhətdən mükəmməl əsərləri bir çox bəstəkarların da diqqətini cəlb etmiş, əsərlərinə nə qədər gözəl mahnılar bəstələnmişdir. "Azərbaycana", "Azərbaycan", "Ata Heydər, oğul İlham", "Vətən", "Layla çal, yatım, ana" (bəstəkarı S.Mansurova), "Ana", "Ay ana", "Dolanım", "Balam" və başqaları bu gün də sevilə-sevilə dinlənən ən gözəl mahnılarımızdandır.

Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızı həm də o şairələrdəndir ki, Azərbaycan dilinin imkanlarına həm elmi, həm də praktik cəhətdən vaqif olan və poetik cəhətdən Azərbaycan dilinin qrammatikasını əks etdirən ustad sənətkarlardandır. Şairənin "Bitmiş fikrin nağılı", "İşarələrin dili", "Nitq hissələri", "Lovğalanmaz əvəzlik", "Söz cümləyə dönəndə" kimi şeirlərində məhz ana dilimizin qrammatikası və durğu işarələrinə aid qaydalar poetik şəkildə ifadə və izah edilmişdir. Şairə yeri gəldikcə xalq deyim və ifadələrindən də ustalıqla improvizə edərək istifadə etmiş, yüksək poetik duyuma malik nümunələr ortaya qoymuşdur. "Düşdüyüm yerdə ağıram", "Gəzən ayağa daş dəyər", "Ata kürkü deyil, övlad geyinə", "Niyyət hara, mənzil ora" və b. kimi çoxsaylı nümunələrlə şairə xalq təfəkkürünün ifadə ustalığına istinad edərək fikirlərin obrazlı, canlı və daha təsirli bədii əksi üçün məharətlə faydalanmışdır. Beləliklə, Mahirə Hüseynova-Nağıqızı sözün ucalığına doğru yol gedən söz adamıdır. Özünün də dediyi kimi, "Mahirə gəlmədi becə dünyaya, Söz ilə yol gedər uca dünyaya".

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31