Ədəbi mətnlərin tədrisi və təbliği müasir kontekstdə: milli mentalitetlə müasirliyin sintezi
22 Noyabr 08:43 ƏdəbiyyatElnarə Qaragözova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi
Bədii mətnin mütaliəsi emosiyaların, təxəyyülün, təfəkkürün bir-birinə bağlı işi, obrazın yaranmasına gətirib çıxaran müəllif ideyasını dərk etmək kimi məqamları öznüdə ehtiva edən mürəkkəb estetik fəaliyyətdir. Mütaliə mənəvi cəhətdən yetkin, maariflənmiş, mədəni və sosial cəhətdən ən dəyərli insani keyfiyyətlərə malik cəmiyyət formalaşdırır. Müasir dövrdə mütaliənin sosial və pedaqoji dəyəri məsələsi həmişəkindən daha aktualdır. Gənc nəslin psixoloji, intellektual və mədəni inkişafına hansı ədəbiyyat və janr növlərinin daha çox təsir etdiyinə xüsusi diqqət yetirilməlidir: "Demək olar ki, bütün tədqiqatçılar beynin koqnitiv funksiyalarının inkişaf etdirilməsində kitab oxumanın mühüm rolunu qeyd edirlər. Oxumaq diqqətin konsentrasiya qabiliyyətini artırır və yaddaşa müsbət təsir göstərir. Oxumanın təsiri ilə bağlı demək olar ki, bütün tədqiqatlarda insanın idrak funksiyalarına təkcə oxunan mətnin kəmiyyəti deyil həm də onun keyfiyyətinin mühüm təsir göstərdiyi vurğulanır. " [Крючкова Ю. "O роли чтения в современной образовательной парадигме" ]
Bu gün bir çox tədqiqatçılar qeyd edirlər ki, müasirləşmə prosesləri sayəsində mütaliə prosesi, onun nüfuzu və rolu ciddi dəyişikliklərə məruz qalır. Dəyişən dünyada daha yaxşı strukturlaşdırılmış olsa da informasiyanın ənənəvi formasının - çap olunmuş məlumatların qəbulu və yadda saxlanılması çətinləşir. İndi səpələnmiş və sistemləşdirilməmiş audiovizual məlumat daha populyardır. Bu sayədə gənc nəslin oxu motivasiyası və mütaliədə üstünlük təşkil edən əsərlərin siyahısı, belə demək mümkünsə bədii "repertuar" dəyişir, klassik ədəbi irsə marağın azalması nitqdə bəsitləşməyə və ədəbi dilin kasadlaşmasına gətirib çıxarır. Deməli kiitabı və oxu mədəniyyətini texniki yenilikləri gətirdiyi problemləri, eləcə də təmin etdiyi üstünlükləri nəzərə almaqla təbliğ etmək lazımdır: "Müasir gənc adam isə, ilk növbədə, yeni texnologiyaların və resursların istifadəçisi, virtual informasiyanın qavrayışına istiqamətlənmiş şəxsiyyətdir. Bu gün ona lazım olan informasiyanı qısa zaman kəsiyində, operativ və dinamik şəkildə əldə etmək çox vacibdir. Kitabxanaların da müasir maarifləndirmə fəaliyyətinin zəruri tərkib hissəsi uşaq və gəncləri faydalı ədəbiyyatın mütaliəsinə yönəltmək, müxtəlif yaradıcı müsabiqələrdə iştiraka cəlb etmək olmalıdır." [Abdullayeva A.T. Kitabxanalar mütaliə mədəniyyətinin formalaşmasında mühüm mərkəz kimi]
Sadaladığımız modernləşmə prosesi ənənəvi mütaliə mədəniyyətini çöküşə uğratdığı bir zamanda ədəbi mətnlərdə hansı nüanslara diqqət etməli və necə ədəbi mətn oxu prosesini necə yönlədirməliyik? Məhşur pedaqoq V.Q. Marantzman tədris zamanı gənclərdə oxucu qavrayışını müəyyən etmək və aktivləşdirmək üçün aşağıdakı üsulları təklif edir:
"1. Əsərlərin yaradılması prosesində müəllifin düşüncələrinin inkişafını müəyyən etmək üçün müxtəlif nəşrlərin müqayisəsi.
2. Əsəri yazıçının digər əsərləri ilə müqayisə edərək dünyagörüşünün əsaslarını və bədii üsulunu aydınlaşdırmaq.
3. Müəllifin mövqeyinin unikallığını vurğulamaq üçün əsəri başqa yazıçının əsərləri ilə müqayisə etmək.
4. Müəllif fikrinin inkişaf məntiqini açan kompozisiya təhlili.
5. Stilistik təhlil, müəyyən bir söz və ya obrazın seçimində müəllifin təsvir olunana münasibətinin necə formalaşdığını ortaya qoyur.
6. Əsərin yazılmasına səbəb olan tarixi-psixoloji vəziyyətin rekreasiyası." [Методика преподавания литературы: Учебник для пед. вузов. / Под ред. Богдановой О.Ю., Маранцмана В.Г]
Bu günkü reallıqları, süni intellektin populyarlığını, müxtəlif keyfiyyətli, ranqlı məlumatların böyük kütlə və istənilən yaş qrupu üçün praktik əlaçatanlığını nəzərə almaqla bu təməl prinsipləri bu gün də ədəbi mətnlərin tədrisi və təbliğində tətbiq etmək mümkündür. Lakin bu kontekstdə iki əsas məqamı da diqqətdə saxlamaq lazımdır: oxucu-yazıçı münasibəti və düzgün seçimə yönləndirmə. Bugünün reallığı qapalı, "taxtda oturan" yazıçı obrazını qəbul etmir. Lakin həddindən artıq əlçatan, məişət düşüncəsinə yaxın yazıçı da maraq doğurmur. Müasir dövrün yazıçı obrazı fərqli, milli metalitetlə müasirliyin sintezindən doğan fiziki, eləcə də mental obraza malik, şou və biznes elementlərini yüksək bilgi, fitri istedadla birləşdirən bir şəxsdir. Yazıçının daimi axtarışda və inkişafda olması, müasir dünyaya milli maraqlar dairəsindən inteqrasiya edə bilməsi onu lokal və qlobal miqyasda dəyərli imzaya, oxucu kumirinə çevirə bilər. Digər əsas məqam isə oxucunu düzgün seçimə yönləndirməklə bağlıdır. Burada isə əsas məqam mənəviyyatı və milli maraqları biznes maraqlarından üstün tutmaqdır. Sırf gəlir gətirdiyinə görə istənilən mətni oxucuya təqdim və təbliğ etmək yaxın perspektivdə böyük problemlərə gətirib çıxara bilər. Bu gün sovet dövründəki senzura mövcud deyil və o tipli senzuranın olması da arzuolunan deyil. Lakin yenə də kitabın təbliği müəyyən ideya yönümü və milli maraqlar çərçivəsində aparılsa gənc nəslin formalaşmasına daha müsbət təsir edə bilər.
Bu gün Azərbaycanda kitabın və mütaliə mədəniyyətinin təbliği sahəsində mühüm addımlar atılır. Keçirilən kitab sərgiləri, ədəbi müsabiqələr, oxu günləri, kitab təqdimatları məhz bu məqsədə yönəlib. Lakin oxucu kütləsini formalaşdırmaq və aktivləşdirmək üçün məhz ədəbi mətnlərin tədrisini diqqətdə saxlamaq lazımdır. Məhz bu günkü gənc nəsil sabahın professional oxucu kütləsini formalaşdıracaq.