Vətən çəkirəm
28 Oktyabr 18:12 ƏdəbiyyatAzərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı söz ustası Ayaz Səlimxanoğlu 1974-cü ildə Qubanın Xucbala kəndində anadan olub, hazırda Quba şəhərində yaşayır.
Birinci Qarabağ müharibəsi qazisidir.
Laçın, Qubadlı, Ağdam və Cəbrayıl istiqamətində gedən döyüşlərdə ön cəbhədə igidliklə döyüşüb, Laçının Güləbird kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Döyüşdə göstərdiyi şücaətlərə görə bir neçə medalla təltif olunub.
"Ünvansız məktub" adlı nəsr kitabının müəllifidir.
Ayaz Səlimxanoğlu keçdiyi şərəfli döyüş yolları barədə yazdığı maraqlı şeir nümunələri ilə yanaşı vətənpərvər ruhda yazılan nəsr əsərlərinin də müəllifidir.
Ayaz Səlimxanoğlunun bir hekayəsini hörmətli "Olaylar" qəzetinə təqdim edirəm.
Hörmətlə,
Ramiz Qusarçaylı
Uca dağların ətəyində gözəlliyi ilə hər kəsi heyran edən xan çinar yarpağlarını tökməyib sanki bizi gözləyirdi. Sentyabrın son günləri payızın ilk həftəsi idi. Payız da özünəməxsus gözəlliyi ilə təbiətə rəng qatmışdı. Dağlardan süzülüb gələn bulaq xan çinarın yaxınlığından üzüaşağı axırdı. Tankları bulağa yaxın saxladıq, bumbuz bulağın suyundan içib, cəbhə yoldaşımla birlikdə gözəl və əsrarəngiz təbiəti seyr etməyə başladıq. Əsgər dostum dağlara boylanaraq məndən söruşdu:
-Ayaz, bilmirsən bu dağlar hansı rayona məxsusdur?
-Bildiyim qədər Laçın dağlarıdır, niyə soruşdun ki,-təccüblə ona baxdım.
-Müharibə bitəndən sonra bu dağlara gəlib öz xatirələrimi sevdiyim insanlarla bölüşəcəm,- deyib xəyala daldı. Bu anda qarşı tərəfdən batalyon komandirin səsi eşidildi, əks-səda verib bir neçə dəfə təkrarlandı:
-Tank briqadasının əsgərləri, sıraya düzülün! Biz tankların önündə ekipaj sırasına düzüldük. Komandirimiz bizi canından çox qoruyurdu. Olduğumuz yer çox güvənli yer idi, başı buludlara yaxın olan dağlar bizi düşməndən qoruyurdu.
Araya sükut çökdü, hamımız sakitcə, lal-dinməz komandirin əmrini gözləyirdik. Göyün üzündə qatar-qatar köç edən quşların səsini eşidən komandir, başını qaldırıb köçəri quşlara baxıb dilləndi:
-Başı dumanlı dağlar da, dağlardan süzülən bulaqlar da, zümrüd meşələr də, yamyaşıl çəmənliklər də, əsrlərdir torpağın üstündə kök salan, qollu-budaqlı xan çinar da Vətəndir! Hamımız qürurla vətəni qorumağa gəlmişik. Vətəni qorumaq hər kəsin müqəddəs borcudur. Müharibədir, ola bilsin ki, bir daha bu yerləri görməyək, amma gələcək nəsillər heç vaxt öz qəhrəmanlarını unudan deyildir. Hər dəfə vüqarlı dağlara, soyuq bulaqlara, laləli çəmənliklərə, məğrur dayanan xan çinara baxdıqca sizin kimi qəhrəmanları yad edib, dastanlar yazacaqlar...
Ən güclü döyüşümüz bu gecə bu dağlarda olacaq! Axşama qədər burdayıq, - deyib, komandir ucadan səsləndi:
-Azadsız!
Komandir vətəni o qədər gözəl təsvir etdi ki, hər şeyi unudub, böyük bir qaya daşına söykənib, Vətənimə baxırdım və baxmaqdan da doymurdum. Hava soyuq olduğuna görə cəbhə yoldaşlarım xan çinarın ətəyində bir tonqal qaladılar, biz tonqalın ətrafına toplaşdıq. Gözəl bir mənzərə diqqətimi çəkdi. Dağlarrr...
Dağların ətəyində xan çinar, xan çinarın ətəyində ocaq, ocağın ətrafında biri-birinə söykənib, şirin-şirin mürgüləyən əsgərlər...
Həqiqətən də bu mənzərə canlı bir əsərə bənzəyirdi. O əsrarəngiz gözəlliyi görüb, "Qanlı zəmi" filmindəki "Anama deyin" mahnısını asta-asta oxuya-oxuya tankımın yanına gəldim. Cəbrayılda olanda balaca məktəbli qız mənə rəngli karandaşlar vermişdi. Karandaşları və gündəliyimi tankdan götürüb, bulağa yaxın çəmənlikdə bardaş qurub oturdum. Gördüyüm mənzərəni gündəliymə çəkməyə başlamışdım ki, uzaqdan rəsm çəkdiyimi görən cəbhə yoldaşım mənə yaxınlaşdı:
-Salam Ayaz, yenə şəkil çəkirsən?
-Şəkil yox, rəsm çəkirəm,-dedim.
-Ayaz, sən cəbhəyə vətənin gözəlliyini həm silahla, həm də qələmlə qorumağa gəlmisən, - deyib üzümə gülümsədi.
-Qardaş, bilirsən, necə də möhtəşəm bir rəsm əsəri çəkirəm?!
-Yox, qardaş, hardan bilim,-deyib dostum diqqətlə üzümə baxdı.
Dərindən nəfəs alıb dinləndim:
-Vətən çəkirəm!
O, gözlərini qırpmadan bir də soruşdu:
-Nə çəkirsən?
-Vətən çəkirəm!
-Ayaz, nə gözəl dedin bunu, -Vətən çəkirəm!
-Bəli qardaş, Vətən çəkirəm!
Cəbhə yoldaşım ani olaraq:
-Ayaz, gecə döyüşə atılırıq, bu gün Vətəni birlikdə çəkərik!
Ayaz Səlimxanoğlu