Səkkizinci Türkiyə səfərnaməsi
9 İyun 2023 11:25 ƏdəbiyyatƏvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/508939
Akad. Müxbir üzvü C. Qiyasinin çıxışından:
Bu oturumdakı sonuncu məruzəçi Quba Müəllimlər İnstitutunun direktoru fizika üzrə fəlsəfə doktoru (!) Yusif Aliyev oldu. Şəxsən tanımırdım. Onun kimliyini mənə Qubada böyük şair Ramiz Qusarçaylı söyləmişdi. Tanıdım. Onu Bursada tanıdım. İxtisasca fizik ola-ola belə ririk əhvali-ruhiyyədə olasan? Məəttəl qaldım. Yusif müəllim məqaləsini oxumadı, danışdı, özü də necə danışdı və dedi:
Dosent Yusif Alıyevin çıxışından:
"Nizami Gəncəvinin hansı dildə yazıb, yaratmasının önəmindən daha çox onun yazdıqlarının dövrünü necə qabaqlaya bilməsindən danışılması daha çox haqq edilmiş olardı.
Ədəbiyyatşünaslar Nizami Gəncəvinin əsərlərindəki, xüsusən də "Xəmsə"dəki obrazların, tarixçilər isə tarixi hadisələrin və digər detalların tədqiqatını aparsalar da fiziklər Şeyx Nizaminin əsərlərindəki təbiət qanunauyğunluqlarının necə məharətlə verildiyinin fərqində olurlar. Qısası ədəbiyyata az-çox bələd olan bir fizik böyük Nizami haqqında bu sözləri deyər: "Nizami Gəncəvi böyük şair olaraq fizikanı, dünyəvi elmləri dərindən bildiyindən, yazmış olduğu əsərlərində təbiət qanunlarını nəzmə çəkmişdir".
Fizikanın müxtəlif tədqiqat sahələri ilə məşğul olan alimlər də sübut edirlər ki, kəşfi hansısa alimlərin adı ilə bağlı olan bir sıra fiziki hadisə və qanunauyğunluqları Nizami Gəncəvi onlardan xeyli qabaq öz əsərlərində vermişdir. Məsələn, Nizaminin "Xosrov və Şirin" əsərindən bir parçaya diqqət edək:
Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdi özünə dəmir zənçiri.
Kəhrəbanın eşqə düşməsə canı,
Belə cəzb etməzdi quru samanı.
Dünyada gövhər var, daş var nə qədər,
Onlar nə bir saman, nə dəmir çəkər.
Bu saysız hesabsız maddələr yenə,
Bax gör meyl edirlər mərkəzlərinə.
Göyə doğru əgər çox qalxarsa su
Yenə torpaq olar ən son arzusu
Şair bu misralarla öz dövründə elmə məlum olmayan elektromaqnit qanunlarından bəhs edir. Hətta kəşfinin 1667-ci ildə ingilis alimi Nyuton tərəfindən həyata keçirildiyi söyləyən "cazibə qanunu" haqqında dahi Nizami bu misralarla açıqca bilgilər vermişdir. Hətta Şeyx Nizami daha dərinə gedərək dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının elektromaqnit dalğaları olduğunu da göstərmişdir. Bu sübut olduqca dəqiq, real faktlarla nəzmə düzüldüyündən insanı mat edir.
Tarixi-romantik poema olan "İskəndərnamə"də tarix, ədəbiyyat hadisələri ilə yanaşı, həmin dövrdə elmə məlum olmayan fiziki hadisələri Nizami öz təxəyyülü ilə açıq şəkildə nəzmə çəkmişdir.
Əvvəl mövcud oldu təkcə hərəkət,
Onu iki yerə ayırdı sürət.
Əvvəlki hərəkət ayrıldı yenə.
Bu üçü qoşulub biri-birinə,
Üç xətt zahir oldu üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Nizami bütün milli və genetik səciyyələrinə görə türk millətinə məxsusdur. Lakin düşünürəm ki, böyük Nizamini öyrənərkən onu ümumdünya şairi kimi öyrənmək lazımdır. Nizaminin Gəncədən kənara çıxmadan fars dilində "Xəmsə" kimi nəhəng bir xəzinə yaratması və bu gün də yüzlərlə tədqiqatçıları olmasına baxmayaraq dəryadan bir damla kimi öyrənilməsi onun böyüklüyü qarşısında hamımızı heyran qoyur.
Restoran. Yeməkdən sonra yenə də demək başlandı.
İkinci oturum başkanı prof. Dr. Xədicə Şahindir (Bursa Uludağ Universiteti).
Bu oturumdakı birinci məruzəçi Nizami Gəncəvi adına Daşkənd pedoqoji Universitetinin professoru Erkin Zuhriddinoviç Nuriddinov oldu. "Nizami Gəncəvi irsi və Özbəkistan" adlı maraqlı bir məqalə. Onun və ondan sonrakı məqalələr əlimdə olmadığı üçün bəzilərinin adlarını yazmaqla kifayətlənirəm:
İkinci çıxışçı prof.dr. Yavuz Akpınardır. Üçüncü: prof.dr. Bayram Apoyev (Gəncə Dövlət Universiteti) Məqaləsinin adı: "Nizami Gəncəvi özünütərbiyənin pedaqoji şərtləri haqqında".
Dördüncü: Müəllim Süleyman Aksu (məqaləsinin adı təəssüf ki, proqramda yazılmayıb).
Beşinci: Dr.Öğretmen Şəfa Qurbanova (Azərbaycan Dövlət Slavyan Universiteti) "Nizami Gəncəvi əsərlərinin fransız dilinə çevirmələri"
Məruzələr bitdikdən sonra klubun səhnəsində türk müğənnilərinin ifasında Azərbaycan mahnılarından ibarət konsert səsləndi. "Sarı gəlin"i oxuyan sarı saçlı bir xanımın ifasından böyük həzz aldıq. İnsafən başqa çalğıçı və müğənnilər də bizi məmnun etdilər.
27 iyul. Konfransın ikinci günü.
Bu gün 5 məqalə dinləməliyik. Oturumun Başkanı Bursa Uludağ Universitetinin Doçent doktoru (yəchr("39")ni bizim keçmiş təchr("39")birimizlə desək elmlər namizədi) Ərdəm Özdəmirdir. Çıxışçıları sıra ilə təqdim edirəm:
1.Doç.doktor Bibixanım İbadovanın (Azərbaycanın Dövlət Eğitim İnstitutu) "Ümumtəhsil məktəblərində Nizami Gəncəvi yaradıcılığının tədrisinə dair" adlı məqaləsi dinlənildi və müəllifə suallar verildi.
2. Pedaqogika üzrə Əlimuxtar Muxtarov (AMEA-nın Gəncə filialı) "Nizami Gəncəvi "Xəmsə"si bəşəriyyətin elmi, mənəvi abidəsidir" adlı məqaləsini varaqdan oxumadan danışdı.
3. Prof.dr. Həcər Hüseynova (Azərbaycan Dövlət Pedaqoji Universiteti) "Nizami Gəncəvinin hikmət dünyası" məqaləsini oxumaqla böyük şairin yalnız bir dünyasını (hikmət dünyasına!) baş vurub, onun hikmətanə deyimlərinin tərifinə başladı.
4. Prof.dr. Dildar Əbrarovna Nuriddinova (Özbəkistan Cumhuriyyəti Təhsil Bakanlığının Bölüm Başkanı) - Heç bilmədim nə oxudu. Salondan çıxmışdım.
5. Sərxan Cəfərov (Azərbaycan Xəzər Universiteti) Mətni ingilis dilində olan "Experimental Phonetic Study of the Parenthetical Clanses" məqaləsini təqdim etdi.
Azacıq fasilədən sonra oturumun davamı oldu. (1145-dən 1315-dək) Bu Oturum Başkanı həmyerlimiz prof.dr. Bayram Apoyevdir.
Məruzəçilər:
1. Prof.dr. Elman Quliyev (Azərbaycanın Dövlət Pedaqoji Universiteti) "Nizami və"Xəmsə" ənənəsi" adlı cəlbedici məqaləsini aramla danışdı və onunla aparıcı arasında kiçik bir mübahisə yarandı.
2. Doç.dr. Minarə Əliyeva Çinar (Bursa Uludağ Universiteti). Məqaləsinin adı proqramda əks olunmamışdır.
3. Doç.dr. Könül Səmədovanın da (Azərbaycan Dövlət Pedaqoji Universiteti) məqaləsinin adı proqramda yoxdur.
4. Doç.dr. Aygün Kərimovanın (Azərbaycan Dövlət Pedaqoji Universiteti) məqaləsinin adı "Nizami yaradıcılığında azad qadın surətləri" adlandı.
5. Doç.dr. Nəriman Sayğılı və Yardımçı dr. Məhərrəm Özdəmir (Çin və Amerikan Universiteti) "Nizami Gəncəvi və Süleyman Ali Uluçamgil" adlanan məqalə də dinlənildi.
Beləliklə bu günün də oturumları bitdi və "İbis"ə qayıtdıq.
Axşam Rafael Hüseynov, Cəfər Qiyasi və mən, çox qəribədir ki, adı Füzuli olan "Balıq" restoranına doğru yollandıq. Şəhərdən yarım saatlıq yoldur. Müşayətçilərimiz Şimali Kipr-Azərbaycanın Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və "Türksoy"un nümayəndəsi Elçin Qafarlıdır. Dədə-babaları Borçalıdan köçüb Bursada sakin olmuş Möhsün Şaşmaz adlı iş adamı bizi qarşıladı, xeyli söhbətləşdik. Geri qayıdanda gecə yarıdan keçmişdi. Bu gün də belə bitdi.
28 iyul
Saat 1030-da Bursa şəhər gəzintisinə yollandıq. Bizi müşayiət edən şəxs gid (məlumatçı - Ş.F.) çərkəzdir, adı Səiddir, ata-babaları vaxtı ilə Çərkəzistandan köçüb Türkiyədə məskən salmışdır.
Məşhur Yaşıl Camidəyik (XV əsr). Türbələr. Ortada Çələbi Sultan Mehmedin məzarı. Ətrafindakı məzarlarda isə Əmirzadə Yusif Çələbi, Şahzadə Mahmud, sultanın qızları Səlcuq Xatun, Sitti Xatun, Ayşə Xatun, Hafza Xatun və başqaları uyumaqdadırlar...
Camidən çıxıb möhtəşəm "Bursanın Fatih Muzeyi"nə gəldik. I mərtəbədə Osmanlı tarixinə həsr olunmuş film nümayiş etdirildi, ekspozisiyalara tamaşa etdik. II mərtəbədə isə heyrətamiz bir mənzərə: Muzeyin səmanı tutan dairəvi tarixi rəsmlər qalleriyası. Sanki XIV əsrə, daha dəqiq desək, 1326-cı ilin nisan ayının 6-dayıq. Həmin günün tarixçəsini əks etdirən möhtəşəm bir Fəthin panoraması: "Məğlubiyyətə uğradılmış Bizanslılar. Qalib türklər. Minlərlə insan, heyvan və quş rəsimləri. Deməklə başa gələn deyil. Sanki həmin ilin 8 nisanındayıq. Bu nəhəng panoramanın tərkibində bir azərbaycanlı 1987-ci ildə (Yaşar Cabbarov) və bir ukraynalı olmaqla 8 rəssam aylarla gecə-gündüz çalışmışlar (başçılar Xəlil Tunc).
Axşamüstü "Türksoy" təşkilatının rəhbəri Elçin Qafarlı mənə bir kitab təqdim etdi. "İmadəddin Nəsimi dünya dillərində". Nəfis şəkillərlə bəzədilmiş (rəsmlərin müəllifi Azərbaycanın Xalq rəssamı prof.dr. Arif Hüseynovdur) dəyərli bir kitab. İçərisində böyük şairimizin Azərbaycan türkcəsi, qazaq, qırqız, özbək, Türkiyə türkcəsi, türkmən, alman, fransız, ingilis, ispan, italyan, rus, rumın (roman), tacik və Ukrayna dillərində yer tutan şeirlərinə göz yetirdim. Bursada başlayıb İstanbulda bitirdiyim iki Nəsimi qəzəl-təzminimi təqdim edirəm:
I
"Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,
Könlümün dildarı sənsən, özgə dildar istəməz"
Öylə hambaləm ki, mən sevda yükündən xaliyəm,
Kim mənim tək istəyər sevdanı inkar? İstəməz!
Hər şəhər divanəsi mümkünmü Məcnun adlana?
Yoxdu Leylim, mən varammı, dinməyin "var"! İstəməz!!!
Bağiban, gülzarə getməz bir daha, mən tək sevən
Canlı gül gülzarı tərk etmişsə, gülzar istəməz.
Olsa vacib bağdə mən sərvimi dar eylərəm,
Kim deyər Mənsur tək eşq aşiqi dar istəməz.
Sevgimi inkar edib inkarı inkar etmədim,
Etməsinlər cəhd, qəlb inkarı inkar istəməz.
Bursa, 28-29 iyul, 2021
II
"Ləbinə əhli-nəzər can" dedilər gerçək imiş,
Ağzına"nöqteyi-pünhan "dedilər gerçək imiş.[2]
Neçə vaxtdır ki, bizim bağçada açmır güllər,
"Bülbülün halı pərişan" dedilər, gerçək imiş.
"Adəm övladı yaşar Yerdə adam şəklində,
Yox Nizami təki İnsan dedilər, gerçək imiş.
İsmayıl gözləmədə, harda Ərəbzəngi xanım?
"Aşiqə yox daha meydan" dedilər, gerçək imiş.
"Şipşirindirsə vüsal mərhələsi, əksinədir -
Ağrıdır aşiqi hicran" dedilər, gerçək imiş.
Vardı gül, amma görünmür yeriyən gül hələ də,
Yar gəzən bağə "gülüstan" dedilər, gerçək imiş.
Can verirdim, qapımı açdı və canan gəldi,
Cananı Şahinə "loğman" dedilər, gerçək imiş.
Bursa, 29 iyul 2021
Elə həmin gün "İbis otel"in həyətində Azərtacın Türkiyə Bürosunun rəhbəri Sabir Şahtaxtı ilə tanış oldum. Tanımırdım. Tanıdım. Uzun illər İranda, sonradan isə Türkiyədə yorulmadan işləyir. 12 roman müəllifi olan bu Büro rəhbərinin bütün əsərləri Türkiyədə türk dilində işıq üzü görmüşdür. (Papaq altında oğullar varmış)
Axşam çağı "Mor Çilək" restoranında Nizami Gəncəvi Uluslararası Konqresin bağlanış mərasimi keçirildi, iştirakçıların hamısına "Düzənləmə Kurulu Başkanları" Rafael Hüseynov və Orxan Həsənoğlu tərəfindən imzalanmış sertifikatlar təqdim olundu, Bursada müalicədə olan bir qazimizin atası çıxış etdi, oğlunun vəziyyəti və müalicəsi haqqında məlumat verdi.
Sonrasa şam yeməyi və çal-çağır. O qədər oynadılar ki... Yusif Alıyev hamıdan çevik oynayırdı.
29 iyul.
Bursaya səfərimdən olduqca razı qaldım. Bu günsə geri qayıdırıq. Bu qədim şəhərlə bağlı təəssüratım unudulmazdır. Vaxtı ilə çap olunmuş bir kitabımın adı "Yenə görüşərik"dir. Xalq şairimiz Nəriman Həsənzadənin bu kitaba yazdığı "Təki görüş olsun" adlı məqaləsinin sonu belə qurtarır: "Yenə görüşərik" kitabının əlyazmasını oxuyub qurtardım. Şahin, yenə görüşərik" (Bax: Şahin Fazil. Yenə görüşərik, Bakı, "Yazıçı" nəşriyyatı, 1989, səh.5). Böyük şairimizin təbirincə desəm" Bursa, yenə görüşərik" dedim, şahanə xəyallara daldım və nəticədə böyük bir şe¢r yarandı:
Səninlə yenə də görüşəcəyəm
Yetişdi ayrılıq anı səninlə,
Səninlə yenə də görüşəcəyəm.
Səndən ayrılıram mən gülə-gülə,
Səninlə yenə də görüşəcəyəm.
Tərəqqi möhtəşəm, vüsət mükəmməl!
Qoynunda gecə də, gündüz də gözəl,
Səninlə hər görüş necə də gözəl,
Səninlə yenə də görüşəcəyəm.
Hər görüş əzəmət, qürur, təntənə,
Yenə küskün içrə coşur təntənə...
"Gəl yenə görüşək" desən sən mənə
Səninlə yenə də görüşəcəyəm.
Özümü bəxtəvər, xoşbəxt sayıram,
Hicranı vüsaldan gərək ayıram,
Sənlə görüşlərdən yorulmayıram,
Səninlə yenə də görüşəcəyəm.
Xoşluqla demişəm "xoşbəxt ol" sənə,
Uğur diləmişəm saysız, bol sənə,
"Əlvida" desəm də neçə yol sənə
Səninlə yenə də görüşəcəyəm.
Bu necə qonşuluq-təəccüblü bu,
Yanaşı yaşayır məndə yanğı, su,
Məni tərk etməyir görüş yanğısı,
Səninlə yenə də görüşəcəyəm.
Yenə görüşərik fürsət olursa,
Canda güc, ayaqda taqət olursa,
Mən qoca müsafir, ey qoca Bursa
Səninlə yenə də görüşəcəyəm.
Türkiyə üzüksə, qaşı - İstanbul,
Daşı qiymətini, daşı, İstanbul,
Ey baş şəhərlərin başı İstanbul,
Səninlə yenə də görüşəcəyəm.
Səfərdə ülfət var, şəfqət - səfərdə!
Görüş meyli xasdır hər istifərdə,
Rafael də deyir, Yusif, Cəfər də
"Səninlə yenə də görüşəcəyəm."
Türkiyə! Görüşmək istəyi varsa,
Səndə görüş şövqü, diləyi varsa,
Əlbətdə, görüşü Allah qoyarsa
Səninlə yenə də görüşəcəyəm.
Bursa, 29 iyul 2021
Bursa, sağlıq olsun, yenə görüşərik.
25-29 iyul, 2021-ci il
Bakı-Bursa-Bakı
Şahin Fazil
tarix elmləri doktoru,
professor