Səkkizinci Türkiyə səfərnaməsi

Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/508060

26 iyul 2021

Konfransın 1-ci günü                 

Saat 9-da Bursa Uludağ Universitetinə doğru hərəkət etdik. Bu böyük tədris müəssisəsi 1975-ci ildə yaradılıb. 46 ildir ki, tələbə yetişdirir bu universitet. Aldı­ğım məlumata görə onlarla Azərbaycan  tələbəsi də onun məzunlarındandır və ha­zır­da elə bu gün də bir neçə azəribaycanlı tələbə burada oxumaqdadır.

Universitetin qarşısında qarşılandıq. İclas salonu. Səhnədə iri hərflərlə konfransın təsisçiləri olan "Bursa Uludağ Universitesi ve Türksoy Uluslararası Türk Kültürü" sözləri diqqəti cəlb edir. Sonrakı sözləri oxudum: "Böyük Azər­bay­can şairi Nizami Gəncəvi İluslararası Konqresi". Sonrasa burada keçiriləcək tarix 25-29 iyul (25-29 Temmuz, 2021)

Dövlət himnləri səsləndi. Aparıcı böyük şairimizin qısa tərcümeyi-halını danışdı və bu ilin dünyada "Nizami ili" elan olunduğunu söylədi. Sonra əlavə edərək şairin Gəncədə doğulub-yaşadığını xüsusi vurğuladı, "Xəmsə"nin özündə ədəbi-fəlsəfi düşüncələrini əks etdirdiyini vurğuladı, çıxışını bu cümlə ilə ta­mamladı  "İngiltərə Oksford Universitetində Nizami tədris olunmaqdadır" dedi və Bursa Uludağ Universitetinin rektoru xitabət kürsüsünə dəvət olundu, bizi salamlayıb Nizami Gəncəvini xeyli təriflədi. Rektordan sonra 7 nəfərin çıxışı oldu: Əlinur Akdaş (Bur­sa Büyükşəhər Bələdiyyəsi başkanı); Prof. Dr. Aygün Əttar (Türkiyə Cümhurbaşkanlığı Güvənlik və Dış Politikalar İdarəsinin rəhbəri); Prof.Dr. Rafael Hüseynov (Azərbaycan Millət vəkili, Nizami Gəncəvi adına Azərbaycan Dövlət Ədəbiy­yat Muzeyinin direktoru); Elnur Əliyev (Nizami Gəncəvi Uluslararası Mərkəzinin Baş direktoru); Elçin Qafqazlı (Türksoy Azərbaycan təmsilçisi); Samir Abbasov (Heydər Əliyev Kültür Mərkəzinin rəhbəri); Orxan Həsənoğlu (Azərbay­can-Kıbrıs Dostluq Cəmiyyətinin Başkanı).  Qeyd etməliyəm ki, bizim qaldığımız bu oteldən universitetə qədər 50km-lik yol var. Şəhərin nə qədər böyük olduğunu təsəvvür edirsinizmi?

Türksoyun Nizami Gəncəvi Açılış sərgisi. Baxdıq. Azərbaycanın təsviri sənətinin inkişafında  mühüm  rol oynamış  və əsasən tematik tablolar ustası kimi tanınmış, həmçinin Nizami Gəncəvi əsərlərinə illüstrasiyalar yaratmış Mikayıl Abdullayevin Nizami əsərlərinin motivləri əsasında Bakı Nizami metrosunun içərisini bəzəyən rəngli rəsm nümunələrinin sıra ilə düzülmüş foto surətləri. Cəfər Qiyasi dedi: - Nizami metrosu sanki Bursaya köçürülmüşdür.

Saat 10. Konqresin açılış mərasimi.  Saat yarım davam edəcək.

Türkiyə Cümhuriyyəti və Azərbaycan  Xalq Cümhuriyyətinin İstiqlal marşları səsləndikdən sonra açılış dinləmələri başlandı, Bursa Uludağ Üniversiteti­nin rektoru prof.dr. Saim Kılavuz, Bursa Böyükşəhər Bələdiyyəsi Başkanı Əlinur Akdaş, Türkiyə Cümhuriyyəti Cümhurbaşkanlığı Güvənlik və Dış Politikalar Kurulu Üyəsi Prof. Dr. Aygün Əttar, Azərbaycan Millət vəkili, Nizami Gəncəvi adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyninin direktoru Prof. Dr. Rafael Hüseynov, Nizami Gəncəvi Uluslararası Mərkəzi Genel Mərkəzinin direktoru Elnur Alıyev, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı, Heydər Əliyev Kültür Mərkəzinin Müdiri Samir Abbasov və Azərbaycan-Kipr dostluq Cəmiyyətinin Başkanı Orxan Həsənoğlu açılış mərasimində çıxış etdilər.

Beləliklə 8 məruzə dinlənildi və saat yarımlıq açılış oturum başlandı. Oturumun Başkanı Bursa Uludağ Universitetinin Professoru Mehmet Ucadır. 5 məruzə dinlənildi. İlk söz akademik Rafael Hüseynova verildi. Məruzəçi "Nizami Gəncəvinin ədəbi məktəbi və poetik ənənələri XIII-XX əsrlər Şərq və Qərb mədəniyyətində" adlı məqaləsində həmin ədəbi məktəb və onun göstərilən əsrlərdəki poetik mənalarından geniş danışdı.

Akad.R. Hüseynovun çıxışından:

Ondan sonrakı çıxışçı Türkiyənin Qafqaz Universitetlər Birliyinin Başkanı prof.dr.Ramazan Qorxmazdır. Sən demə Nizamişünas imiş bu qorxmaz. Nizami əsərlərinin şərhinə girişib bu qorxmaz və öz sözünü deməyə çalışıb bu qorxmaz!

Üçüncü məruzəçi mən oldum. Məqaləmin adı belədir: "Nizami Gəncəvi haqqında söz və onun qəzəllərinə yazdığım doqquz təzmin".

Bəli, mən cürət edib o nəhəng şair, alim və filosofun 9 qəzəlinin bəzi beyt və misralarına təzminlər silsiləsi yaratdım. Qeyd etməliyəm ki, Nizaminin "Xəmsə"si dünyanın müxtəlif dillərinə tərcümə və çap olunmasına baxmayaraq, qəzəlləri, (bir neçəsi istisna olmaqla), heç öz ölkəmizdə də öz dilimizə tərcümə edilməmişdir. Qəzəllər var, tərcüməsi yoxdur. O böyük qəzəl ustadının "Divan" bağlayaraq yüzlərlə qəzəl, qəsidə, mərsiyə və s. şe¢r növləri yaratmasına baxmayaraq divanının çox hissəsindəki mövcud əsərləri hələ də öz tərcüməsini gözləməkdədir. Mən ustad şairimizin 1981-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən çap olunan "Qəzəliyyat" kitabına müraciət etmişəm. Bu kiçik həcmli və 110 səhifəlik kitabın tərtibçisi Məhəmmədağa Sultanzadə, "Ön söz"ün müəllifi Azadə Rüstəmova və redaktoru Həmid Məhəmmədzadədir. Bu balaca kitabın mənbəyi Səid Nəfisinin "Divane-qəsayed və qəzəliyyatı - Nezami Gəncəvi" adlanan və 1958-ci ildə Tehranda işıq üzü görən kitabıdır.

Nizami Gəncəviyə həsr olunan bu Konqresin mə¢ruzələri, təəssüf ki, hələlik Bursada çap olunmamışdır və təşkilatçıların sözünə görə tezliklə toplu halında oxuculara təqdim olunacaqdır. Mən Nizami haqqında bir neçə söz dedikdən sonra "Məqalə bitdi, amma sözüm bitmədi" söyləyərək 9 təzminin hamısını dinləyicilərə təqdim etdim. İndi sizə böyük söz sahibinin beyt və misralarına yazdığım doqquz təzminin bəzi beytlərini təqdim edirəm:

I

"Çox de şirin sözləri qoy şəkər olsun ucuz",

Yaxşı əlimdən yapış qəm-kədər olsun ucuz.

Doğru sözün qiymətin arif adamdan soruş,

Doğru söz olsun baha, amma şər olsun ucuz...

... Şerimi var etmərəm gərçi tərim axmasa,

Məsləhətim böylədir: Kaş tər olsun ucuz...

... Şahina, Divanları satma baha heç kimə,

Sən zərə möhtacımsan, qoy ki, zər olsun ucuz.

II

"Yoxdu xəzinəm sənə təqdim edim".

Hər nə varım var isə təslim edim.

Ey ulu Allah, dözüm ver mənə

İstəyimi nəzm ilə tənzim edim...

... İndi xitabım yönəlir dilbərə:

Mən Kərəməm, qoy səni Əslim edim...

... Eşqimi mirvari təhər hifz elə,

Eşqini ömrüm boyu eşqim edim.

İstəyirəm ömr uzunu tək sənin

Xidmətinə Şahini təhkim edim!!!

III

Bəlkə  can əldən gedər, canan, mənə sən "can" desən,

Eylərəm qəşş şadlığımdan "ol mənə mehman" desən.

Hökm elə, əmr eylə hər dəm baş əyim fərmanına,

Sidq ürəkdən hazıram xahiş deyil, fərman desən...

 

...."Taleyim xoşbəxt olar, par-par yanar bəxt ulduzum

Sən "Nizamiyə əgər miskin qulamımsan" desən"

Xətm edib Şahin Azərbaycanda Beş Divanını,

Nəzm edər Altıncı Divan "Yaz mənə Divan" desən.

IV

 

"Nə üçün sənin qəmindən ürəyim xərab olsun

Və fəraqın atəşindən ciyərim kəbab olsun?"

Nə gərək kədər yönəlsin, ox olub da köksü dəlsin,

Sənə iztirab gəlsin, mənəsə əzab olsun?..

 

...Demirəm cavab tapılmaz, sualı düşün cavab yaz:

Niyə çalma bağlayan az, niyə çox hicab olsun?

V

 

Bitməzmi həyatım, hardasan sən?

İtməzmi nicatım, hardasan sən?..

 

... Bərk axdı kədər seli bulaq tək,

Tərk oldu nişatım, hardasan sən?..

 

... "Sənsiz elə təşnə torpağam ki!

Ey abi-həyatım, hardasan sən?"

Şahin, necə də Nizami məhzun,

Söylər ki "nicatım, hardasan sən".

 

VI

 

"Ürək bir də şikar oldu nigarə, ey müsəlmanlar",

Bu biçarə kəsə indi nə çarə, ey müsəlmanlar?

Demişdim olmaram aşiq o yarə bir də heç və`də,

Mənəm aşiq olan yarə dübarə, ey müsəlmanlar...

 

... Xəzan əyyamı bitmişdir və qış fəsli gəlib çatmış,

Vida etmiş ömür çoxdan baharə, ey müsəlmanlar.

Bu gün mən çəkdiyim  dərdi Nizami həm çəkib, Şahin,

"Ürək bir də şikar oldu nigarə, ey müsəlmanlar".

VII

 

"Ey saqi, bekar olma, mey ver ki, bahar oldu,

Bəxtim də bekarlıqdan əl çəkdi, kənar oldu".

 

... Yar vardı, o yar yoxdur, könlümcə nigar yoxdur,

Mən ilhama bənd oldum, ilhamsa nigar oldu.

Ustad Nizamidən şagirdliyi öyrəndim,

Hər gün qələm işlətmək mən fərdə şüar oldu...

 

... Xoşbəxt adamam, Şahin, yazdım nə qədər təzmin,

Mən bəxtə ümidsizdim, bəxtim mənə yar oldu.

VIII

 

"Heç olarmı mənə fərman edəsən,

Biləsən dərdimi dərman edəsən?"

 

Canlı gülsən, nə olar seyrə gəlib

Bağımı canlı gülüstan edəsən?..

 

... Mehmanın qalması var, getməsi var,

İstərəm sən məni mehman edəsən

 

Amma, mümkumü sevən Şahinə sən

Dustağın olmağa imkan edəsən?

 

IX

 

"Deyirdim mən ki, Xaqani deyər ağı ölərkən mən,

Bu gün Xaqaniyə ağı, təəssüflər ki, mən yazdım".

Nizami Gəncəvi

Nizami durdu qarşımda bu gün şəstlə! Həmən yazdım,

Dedim "Şair, yaşa dünya qədər dünyadə sən" yazdım.

Nə boyda rəğbətin varmış Xaqani şairə, şair,

Səni şairlərin xaqanını həmdəm bilən" yazdım.

Önümdə dahi durmuşdu, tərəddüd etmədən əsla

"Olubdurmu bu ustadə məgər bir kimsə tən" yazdım...

 

... Nizami yurdunu var kəs qələt yazmış, yalandır bu,

"Vətəndir Gəncə, ey Şahin, Nizamiyə Vətən!" yazdım!!!

Bu oturumun dördüncü çıxışçısı AMEA-nın müxbir üzvü Cəfər Qiyasi oldu. Bənzərsiz memar olan Cəfər müəllimin məqaləsi, əlbətdə ixtisasına uyğun "Nizami Gəncəvinin memarlıq düşüncələri kontektsində Azərbaycanın Səlcuqilər dönəmi memarlığı" adlanır.  

Şahin Fazil

tarix elmləri doktoru,

professor

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31