Səkkizinci Türkiyə səfərnaməsi

Eşqimi eyləyirəm bir də bəyan Türkiyəyə

Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/507232

Bu Türk diyarına, türklər yurduna axırıncı dəfə 2019-cu ilin oktyabr ayının 15-də getmişdim. Səbəbi "Uluslararası 20 yüzilliyin ilk yarısında türk-erməni əlaqələri Simpoziumu" adlanan Beynəlxalq Elmi Konfransda iştirak etmək idi. İğdır şəhərində keçirilən (16-18 oktyabr 2019) və üç gün davam edən toplantıdakı iştirakçı alimlər vaxtı ilə Anadolu torpağında nə az, nə çox 523 min türkün soyqırıma məruz qaldığını təkzibolunmaz dəlillərlə bir daha bəyan etdilər. Bəli, mənfur ermənilər tərəfindən törədilən müdhiş türk soyqrımı. 1989-cu ildən başlayaraq Qarabağ torpağımız da soyqrırıma məruz qaldı, sağ qalmış minlərlə Azərbaycan türkü qaçqınlıq və köçkünlük həyatı yaşamağa başladı. Allaha şükür ki, həmin torpaqlarımızın çox böyük hissəsi işğalçı ermənilərin tapdağından təmizləndi və ölkəmizdə yeni müstəqillik dövrü başlandı. Qırx dörd günlük istiqlal müharibəsi, Zəfər müha­ribəsi!!!

Bəli, Qarabağımızın əksər torpaqları (şəhərlər, kəndlər, çaylar, bulaqlar, dağlar və s.) erməni işğalından qurtuldu.

24 iyul 2021

Bu ilin əvvəlində Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, professor Rafael Hüseynov zəng edib Türkiyədə ən böyük klassik şairimiz Nizamiyə həsr ediləcək beynəlxalq bir konfransın keçiriləcəyini bildirdi. Razılaşdım. Axı təklif görkəmli Şərqşünas alim Rafaelin təklifi idi. Axı təklif ulu Azərbaycanlı Nizmi Gəncəviyə həsr olunacaq şərafətli bir toplantıda iştirak təklifi idi. Əlbətdə, razılaşdım. Bir neçə gündən sonra hörmətli akademik Bursa şəhərində toplaşaraq "Nizami məclisi"ndə edəcəyim məruzənin adı ilə maraqlandıqda dedim: - Məni Nizami qəzəlinin bir neçə beyt və misrası özünə çəkməkdədir və onlara təzmin yaz­maq fikrindəyəm.

Dərhal razılaşdı. Söhbətimizdən bir müddət keçdi. Nəhayət yeni zəng: - Nizami Gəncəviyə həsr olunacaq Uluslararası Konqres iyulda keçiriləcəkdir.

Razılaşdım.

Hazırlaşdım. Təzminlərimi (9 təzmin) varaqlara köçürdüm, məqaləmi hazır vəziyyətə gətirdim.

Bu arada qarşı tərəfdən də dəfələrlə internet əlaqəsi başlandı ki, onların mənə çatdırılmasında Ədəbiyyat Muzeyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Əliyevanın və institutumuzda mənim şöbəmin baş laborantı Fəridənin yararlı canfəşanlığını qeyd etməyə bilmərəm.

Bəli, sabahkı gündən Türkiyəyə səkkizinci səfərim başlanacaq. İstanbula uçuşdan bir gün əvvəl yazdığım bir qəzəlimi əziz oxucular, sizə təqdim edirəm.

Eşqimi eyləyirəm bir də bəyan Türkiyəyə

Elə bağlandı bu şair qocaman Türkiyəyə,

Can atır vaxtaşırı söyləyə "can" Türkiyəyə.

Dəfələrlə elədim türkü ziyarət, yenə az!

Hey düşündüm gedərəm birdə haçan Türkiyəyə.

Möhtəşəm yerlər içində yeri var Türkiyənin,

Neçə vaxtdır qalıb heyrətdə cahan Türkiyəyə.

Söyləmiş rəhbərimiz "Dövlət iki, millət bir",

Nə zərər ölkəmə dəysin, nə ziyan Türkiyəyə.

Üstümüzdən qara əllər kənar olsun, Rəbbim,

Qismət et xoş güzəran, ey Yaradan Türkiyəyə.

Soyqırımlar neçə vaxtdır yönəlibdir türkə,

Düşmənin kimliyi çoxdandır əyan Türkiyəyə.

İrəvan torpağına sakin olub ermənilər,

Çox ziyankarlıq edibdir İrəvan Türkiyəyə.

Tarixə düşdü Zəfər günlərimiz - qırx dörd gün!

Muştuluq yolladı iqbalı yazan Türkiyəyə.

Qarabağ torpağının ağ günü görsənməkdə,

Şükr edir Azəribaycan - bu məkan Türkiyəyə.

Qələmim yazmasa hərgah sazım dillənəcək,

Hələ çox söz deyəcəkdir bu ozan Türkiyəyə.

Mən də türkəm, Atatürk yurduna bəndəm qəlbən,

Eşqimi eyləyirəm bir də bəyan Türkiyəyə!!!

Bakı, 25.07.2021  

25 iyul 2021

AMEA-nın müxbir üzvü, məşhur memar Cəfər Qiyasi ilə sübh tezdən Bakı təyyarə limanına yollandıq. Rafael Hüseynov artıq oradaydı. İstanbula uçası bir neçə həmyerlimiz də bizə qoşuldu: Bayram Apoyev (Gəncə), Əlimuxtar Muxtarov (Gəncə) və hələ tanımadığım bir neçə Nizamişünas müəllim və tədqiqatçı.

İstanbul hava limanındayıq. Çoxsaylı və izdihamlı salonlar, müsafirlər.... Bir saatdan çox vaxt  aparan  pasport yoxlamaları, gömrük nəzarəti və başqa xidməti icraatlar bitdi. Birinci qatda Bursadan göndərilmiş müşayiətçi və sürücü bizi gözləyirdi. Maşın istiqamətə doğru şütüdü.

Yol! Başdan-başa  yamyaşıl ağaclarla bəzənmiş dağlar silsiləsi. Meşə olma­yan bir qarış da yer görsənmir.

Yaşıllığı seyr edə-edə 4 saatdan sonra gəlib çatdıq Bursaya.

Osmanlı dövlətinin ilk paytaxtı Bursa şəhəri (Brusa). Eradan əvvəl 2-ci əsrin əvvəllərində Virginiya padşahı II Prusuas  tərəfindən Prusa adı ilə salınmışdır. Roma İmperiyasına, sonralar Bizansa daxil idi. 10 illik mühasirədən sonra 1326-cı ildə Osmanlı türkləri tərəfindən ələ keçirilmiş və Osmanlı dövlətinin paytaxt şəhəri şəhəri olmuşdur. Türk memarlığının ən qədim abidələri İstanbuldan sonra Bursa­dadır. Orada ilk Osmanlı padşahlarının türbəsi var: Osman Qazi türbəsi (14-cü əsr); Ulu came (1396-1400); Muradiyyə məscidi (15-ci əsr); Yaşıl türbə (1420-21); Yaşıl came (1424) - Bax: ASE, cild II, Bakı, 1978, səh.360.

Aşağıdakı məlumatı isə mən iki cildlik "Türkiyə tarixi" kitabının Osman bəy və Orxan bəy dövründə baş vermiş tarixi fəthlərə aid hissələrdən əxz etmişəm:

Atası Ərtoğrul bəyin 1281-ci ildə vəfatından sonra kiçik oğlu Osman bəy (1281-1326) hakimiyyətinin sonunda oğlu Orxan bəyi (1324-1360) özünün vəkili elan etmişdi. Osman Qazi ölərkən Söğütdə, atasının yanında basdırılmış, "əgər Bursa fəth edilərsə cəsədimi aparıb orada dəfn edərsiniz" deyə vəsiyyət etmişdi.

Orxan bəy ata vəsiyyətini yerinə yetirdi. Osman bəyin vəsiyyətinə əməl olundu və o, Bursaya aparılıb dəfn olundu (Prof. Dr. Yaşar Yücel və prof. Dr. Əli Sevim. Türkiyə tarixi, cild II, Ankara, 1990, səh. 6).

Orxan bəy mərhum atasının fəthlərini genişləndirməyə başladı, 1321-ci ildə Mudanyanı tutdu, Konrapa və Kandira adlı yerləri, özünə tabe etdi, Samandıraya qoşun çəkdi, Yalovanın sahibi oldu. Qarşıda isə Bursa, İznit və Ankara fəthləri dururdu.

Türk bəylərinin uğurlarından təlaşa düşən Bizans imperatoru II Andranikos türklərə qarşı hücumlara başladısa da, qələbə əldə edə bilmədi (1308).

Bursa 1315-ci ildən mühasirəyə alındı və şəhərə yaxın 2 qala salındı. Böyük hərbi qüvvətlə Bursa üzərinə yürüyən (1326) Orxan bəy Pınarbaşında qərargah qurdu. Şəhər komandanı Evreniz qalanı türklərə təslim edərək "müsəlman oldu" və osmanlı himayəsinə sığındı. Bursanın fəthindən sonra bəyliyin paytaxtı Bursaya köçürülmüş, şəhərdə yeni binalar inşa olunmuş, 1327-ci ildə ilk osmanlı pulu (akça) zərb edilmişdir (Həmin əsər, səh.7-8)

Belə yürüş və fəthlər göstərilən illər üçün adi hal səciyyəsi daşıyırdı, amma ermənilər bir neçə əsrdən sonra Qarabağımızı, necə deyərlər, fəth etdilər, amma biz də yürüşə başlayaraq 30 illik əsarətdən sonra öz əski torpağımızı onların pəncə­sindən uzaqlaşdırdıq!

Keçək mətləbə. Artıq Bursa şəhərindəyik. "İbis Otel"i. 7 mərtəbəli yaraşıqlı bir bina və hər birimizə hər şəraiti olan ayrı-ayrı otaqlar. İstirahətdən sonra İbis Otel-Restoranında axşam yeməyi.

Gün bitdi. Mənim günümsə bitmədi. İlham gəldi, qələmim işlədi və Bursa haqqında bir şeir yazıldı.

Nizami məclisi "gəl" dedi, gəldik

Salam söyləyirik ürəkdən ona,

Bu gün İstanbula doğru yönəldik.

Gəldik türk mülkünə, Bursa yurduna,

Nizami məclisi "gəl" dedi, gəldik.

"Aramızda çoxdan yox hicran" dedi,

Ürək xoş təmənna eşqinə düşdü.

İki dost ölkənin dili "can" dedi,

İki qardaş elin əli görüşdü.

Sabiq paytaxt olan möhtəşəm Bursa

Doğmaya olmayıb heç zaman qərib.

Şübhə etmirik ki, bizi bu yurda

Ulu Nizaminin ruhu göndərib.

Bursa dostu məhrəm, yadı yad sayıb,

Bursa daim olub həmdəmə həmdəm.

Əzəl şöhrətini miras saxlayıb,

Bursanı görürük yenə möhtəşəm.

Çoxdan isitmişik əllərimizi,

Çoxdan aramızda düz duz-çörək var.

Sanki qaynaqlayıb Tanrımız bizi,

Sanki bir bədəndə iki ürək var.

Türkün tarixini tədqiq etmişəm,

Məşəqqətlər çəkib Bursa torpağı.

Onu çulğalayıb kədər, qüssə, qəm,

Ona hücum edib nə qədər yağı.

Ey qələm, birbəbir aç yürüşləri,

Səlib yürüşləri, xaç yürüşləri.

Sərvət yürüşləri, var yürüşləri,

Qeyrət yürüşləri, ar yürüşləri.

Biri qeyrisini qarət edirdi,

Qeyrisi birinə zillət edirdi.

Öz tələbi vardı orta çağların,

Qeyri dəbi vardı orta çağların.

Bizansların türkə həmləsi vardı,

Türkün də bəyləri qisas alardı.

O zaman şəhərlər başqa təhərdi,

Nələr, nələr, nələr başqa təhərdi.

Zaman  işğalçılar zamanı idi,

Məkan müstəbidlər məkanı idi.

Qonşu qonşu mülkə tamah salırdı,

Bac tələb edirdi, xərac alırdı.

Silah bazarları, pul bazarları,

Aşırdı-daşırdı qul bazarları,

İpəyin qiyməti, duzun qiyməti,

Qadının qiyməti, qızın qiyməti,

Boyun biçilirdi, baş yarırdılar,

Qulları hərraca çıxarırdılar.

Əsarət var idi, qorxu var idi,

Hər qulun üstündə nırxı var idi.

Adamın qiyməti, malın qiyməti,

Falçının qiyməti, falın qiyməti.

Bəs qədər xanalar, sələmxanalar,

Fahişəxanalar, hərəmxanalar.

Xacələr sarayda axtalanırdı,

Qanlar damarlarda laxtalanırdı.   

Yerdə kaş savaşlar ocağı sönə,

Qala inşa olmur haçandan bəri,

Amma nəzərimdə canlanır yenə

Bursa qalasının uca bürcləri.

Yoxdur hasarların qorucuları,

Yoxdur çarpışmada itib-batanlar.

Yoxdur od yağdıran qalaya sarı,

Yoxdur mancanaqlar, lağım atanlar.

Şəhər dinc yaşayır, şükür Allaha,

Ox atan, gürz vuran əsgər görünmür.

Yaxşı ki, əllərdə qılınc yox daha,

Yaxşı ki, bellərdə xəncər görünmür.

Yürüşlər çox olub İzmirə, Qarsa,

Türkiyə çox görüb yağı dağını.

Yenə müxənnəslər baş qaldırarsa

Bursa buracaqdır qulaqlarını.

Salam söyləyirik ürəkdən ona,

Bu gün İstanbula doğru yönəldik.

Gəldik türk mülkünə, Bursa yurduna,

Nizami məclisi "gəl" dedi, gəldik.

Bursa, 26.07.2017

ardı var...

 Şahin Fazil

tarix elmləri doktoru,

professor

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31