YEDDİNCİ TÜRKİYƏ SƏFƏRNAMƏSİ

"Gəldim, İğdıra gəldim"

Bir il bundan qabaq, 2018-ci ilin 1-5 oktyabr tarixində Türkiyəyə, möhtəşəm bir Beynəlxalq Elmi Konfransa, Türk Tarix Qurumunun keçirdiyi 18-ci Tarix Konqresində iştirak üçün Ankara şəhərinə getmişdim. Getdim, çıxış etdim və qayıtdım. Amma, Türkiyəyə 7-ci səfərnaməm olan həmin səfərnamənin yazısını xeyli gecikdirdim. Bakıda işlərimin çoxluğundan həmin səfərin səfərnaməsini 11 aydan sonra qələmə olmalı oldum.

İndi isə 2010-cu ilin başlanğıcıdır. Yeni il münasibətilə bir həftə bayram keçirildiyinə görə, İğdır şəhərində keçirilmiş Beynəlxalq Elmi Konfransdan qayıdışımdan 3 ay keçəndən sonra bu səfərnaməmi yazmağa başlayıram. Buna da çox şükür, İlahi. Əvvəlki vaxtlarda, hansı ölkəyə səfərim olur-olsun, vaxtlı-vaxtında yazıb qəzetlərdə dərc etdirirdim səfərnamələrimi. Hətta Gündoğan ölkədən - Yaponiyadan qayıtdıqdan sonra bu səfərə məqalə yox, böyük bir kitab yazdım və 2011-ci ildə çap etdirdim. Eləcə İran, Polşa və Kipr səfərnamələrimi də vaxtını gecikdirmədən çapa təhvil vermişəm (Hətta, "İran səfərnamələri"mi 3 kitab halında oxucuların diqqətinə yetirmişəm.) Türkiyə ilə bağlı səfər təəssüratlarımın hamısını da kitab kimi çap etdirmək niyyətindəyəm inşallah.

Mənim İğdır Konfransına gedişim əvvəlki Türkiyə səfərimdən 1 il 15 gündən sonra oldu. Qeyd dəftərimə baxıram:

15 oktyabr 2019. İğdır şəhərinə yolumuz ya İstanbul, ya da Bakı şəhəri vasitəsilə olmalıdır. İğdır Naxçıvana yaxın məsafədə yerləşdiyi üçün Bakı-Naxçıvan təyyarə reysi ilə uçmalı olduq: Səfər yoldaşlarım bunlardır:

AMEA-nın müxbir üzvü Prof.Dr. Musa Qasımlı, Prof.Dr.Anar İsgəndərli, Prof.Dr.Qasım Hacıyev, Prof.Dr.Tofiq Mustafazadə, Prof.Dr.Nəsiman Yaqublu, Prof.Dr. Qafar Çaxmaqlı və Dr.Öğretmen Üyesi Gülər Qafqazlı. Təəssüf ki, akademiklər İsa Həbibəyli, İsmayıl Hacıyev, Prof.Dr.Həvva Məmmədova və Prof.Dr.Abbas Seyidov konfransa gələ bilmədilər.

Naxçıvan təyyarə meydanının gözləmə zalındayıq. Çox gözləmədik. Bizi, o cümlədən bir neçə Naxçıvanlı tədqiqatçını aparmaq üçün İğdırdan göndərilən xüsusi avtobusa əyləşib məqsəd istiqamətinə yollandıq.

Qeyd etməliyəm ki, 2018-ci ilin sentyabr ayında da Naxçıvanda olmuşdum. O vaxt səfərimin məqsədi AMEA Naxçıvan bölməsində təşkil olunan bir dissertasiya­sının müdafiəsində iştirak idi. Mən elə o gün, Naxçıvana uçuş günündə, eləcə təyyarədə bir şe¢r yazdım ki, onu bu səfərnaməmdə vermək yerinə düşər zənnindəyəm:

Naxçıvana gəlmişəm

Naxçıvan - qədim ölkə, qoca yurd, ulu diyar,

Tarix kitablarının çox-çox səhifəsində

Naxçıvanın nəqşi var.

"Nəqşi-cahan" adlanan gülüstana gəlmişəm,

Naxçıvana gəlmişəm.

Nə vaxtdır görmədiyim dostu, yarı yad edib,

Ağrıdağı düşünüb, çəmənzarı yad edib,

Əcəmini, Quseyri, Bəhmənyarı yad edib,

Mömünə xatun adlı möhtərəm bir ananı

Ana-ana yad edib,

Naxçıvana gəlmişəm.

Bir əsrdir aləmə nə məxfidir, nə sirdir:

Zəngəzurum həbsdə, Göycə gölüm əsirdir.

O yan bu yana həsrət, fərmana müntəzirdir,

O yan o yanda qalmaz!!! Mən bu yana gəlmişəm,

Naxçıvana gəlmişəm.

Yağılar illər boyu minbir əməldən çıxıb

Qarabağı aldılar.

Müvəqqəti olsa da, əl o məhəldən çıxıb,

Göz o gözəldən çıxıb...

Gözəl səmtə üz tutub,

Odlu məkandan çıxıb odlu yana gəlmişəm,

Naxçıvana gəlmişəm.

Damarımdan tökülən qan dayanmayıb hələ,

Yaram qalıbdır açıq, qaysaqlanmayıb hələ,

Köz üstünü kül deyil, kül üstünü köz tutub!

Yenə qələm "yaz" deyir,

Yenə məni söz tutub,

Yaraşıqlı diyara, xoş məkana gəlmişəm,

Naxçıvana gəlmişəm.

08.09.2018

Naxçıvan

Bəli, Naxçıvana gəlmişik. Olduqca səmimi qarşılandıq. Bizi bu qədim şəhərin gəzməli-görməli yerlərinə gəzib-görməyə apardılar. Təxminən bir saat çəkdi. Mən şəhərin mərkəzi meydanında bir kənara çəkilib onun tarixi haqqında düşüncələrə dalmışam: Salındığı tarix dəqiq müəyyənləşməyib. Şəhər və onun ətrafı uzun əsrlər boyu müxtəlif dağıntılara məruz qalıb. İran-Bizans müharibəsi zamanı Bizans imperatoru II İrakli (610-641) şəhəri dağıtdı. İllər ötdü. Ərəblər gəlib Naxçıvanı tutdular. Bizans bununla razılaşmadı və ərəblərlə müharibə etdi (656-cı il), IX-X əsrlərdə Naxçıvan əvvəlcə Sacilər, sonralar isə Salarilər dövlətinin tərkibinə daxil edildi. Bizans dövləti yenə də bununla razılaşmadı, II Vasilinin (976-1025) qoşunları şəhəri yenə işğal etdilər. İllər ötdü. Əvvəlcə Səlcuqilər, sonra Eldəgizlər və Naxçıvan onların tərkibində. Sonra monqollar gəldilər, Naxçıvan dağıdıldı. 1225-ci ildə bu şəhəri Cəlaləddin Xarəzmşahın qoşunları tutdular, 1257-ci ildə şəhər Elxanilər dövlətinin oldu. Sonra Çobanilər. Sonra Cəlairilər. 1386-cı ildə Qızıl Orda xanı Toxtamış. Bir ildən sonra isə işğallardan toxtamamış Əmir Teymur. 1412-ci ildə Qaraqoyunlular, 1468-ci ildə Ağqoyunlular, 1501-ci ildə Səfəvilər. 1795, 1797-ci illərdə Ağa Məhəmməd şah Qacar. 1827-ci ildə çar qoşunları. Naxçıvan bir gəlinə dönüb əldən-ələ keçirdi. Türkmançay müqaviləsi (1828-ci il). Rusiyaya birləşmə, 1920-ci ildəsə Sovet hakimiyyəti....      

Mən hazırda Mömünə xatın türbəsinin yaxınlığındakı bağda əyləşmişəm. Bir qədər aralıda Yusif ibn Küseyr türbəsi...

Bir azdan İğdıra doğru yola düşəcəyik. Orada Belnəlxalq elmi məclisdə iştirak etməliyik: "I Uluslararası XX yüzilin ilk yarısında türk-erməni münasibətləri Simpoziumu". Bu gün oktyabrın 15-dir. Sabahdan başlayaraq  üç gün (16-18 oktyabr 2019) iclas dinləmələrinə qatılacağıq. Simpoziumun proqramını varaqlayıram. Təşkilat Komissiyasının üzvləri bunlardır: Ənvər Ünlü (İğdır valisi), Prof.Dr.Mehmet Hakkı Alma (İğdır Universitetinin rektoru), Prof.Dr.Rəfiq Turan (Türk Tarix Qurumu Başkanı), Akademik İsa Həbibbəyli (Azərbaycan Milli Akademiyasının vitse-Prezidenti), İsmayıl Hacıyev (Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölümünün Başkanı)... və Timsal Qarabəkir (Kazım Qarabəkir paşanın qızı) və başqaları. Olduqca samballı heyətdir. Simpoziumun oturumlarında Qasım Hacıyev, Abbas Seyidov (Gülər Qafqazlı ilə birlikdə), Qafar Çaxmaqlı Mehdiyev, Musa Qasımlı, Nəsiman Yaqublu, Həvva Məmmədova, Rahim Həsənov (Elşən Əbdür­rəhmanovla birlikdə), Hatəm Cabbbarlı, Tofiq Mustafazadə, Samir Quliyev, İsmayıl Hacıyev, Anar İsgəndərov, Emin Şıxəliyev və Şahin Fərzəliyev çıxış etməlidirlər.

Yeməkdən sonra İğdır istiqamətinə yollandıq.

3 saat çəkən yolu qət etdikdən və Naxçıvan-İğdır gömrük məntəqələrinin qeydiyyatından keçdikdən sonra nəhayət gəlib İğdır şəhərinə çatdıq.

Şəhər içi ilə irəliləyirik. AMEA-nın müxbir üzvü prof.Cəfər Qiyasinin memarlığı ilə başa çatan və bu şəhərdə ucaldılan soyqırım abidəsinin yanındayıq (1995-ci il). Son dərəcə Möhtəşəm bir abidə!

Abidə "İğdır soyqırım anısı" adlanır. 1995-ci ildə ermənilərin uydurma soyqırım yubileyinə cavab olaraq İğdır şəhərində "Tarixi gerçəklər və ermənilər" mövzusunda Beynəlxalq Konfrans keçirilmiş, həmin konfransa AMEA-nın hazırkı müxbir üzvü Cəfər Qiyasi məruzə ilə yanaşı, bir soyqırım anısı layihəsinin eskizini və maketini aparmışdı. Layihə bəyənildi və Valey Şəmsəddin Uzun 1998-1999-cu illərdə onu gerçəkləşdirdi. C.Qiyasi yazır: Abidə üçün yeri mən seçdim. Azərbaycan-İran və Ermənistan Respublikalarından İğdıra gələn yolların qovşağında sahəsi 1,5 ha olan üçbucaq ərazidir. Fonda möhtəşəm Ağrıdağı yüksəlir. Abidəni ucaltmaqdan məqsəd 1915-1920-ci illərdə soyqırıma məruz qalmış 80 mindən artıq iğdırlıların xatirəsini əbədiləşdirməkdir.

Seçilən ərazinin ortasında içərisində muzey olan süni təpə - kurqan yaradılıb. Yüksəkliyi 7,5 m. olan kurqanın mərkəzində şəhidlər üçün kub şəkilli simvolik başdaşı qoyulub. Kurqanın üzərində baş-başa çatılmış beş qılınc yüksəlir. Abidənin ümumi yüksəkliyi 43,5 m. O, Türkiyədə ən yüksək xatirə abidəsidir.

Qılınclar geniş ərazidə müsəlman xalqlarını erməni soyqırımından xilas etmiş türk ordusunun şərəfinə, onun şəhid və qazilərinin xatirəsinə ucaldılmışdı. Beşbucaqlı ulduzun hər ucundan bir qılınc yüksəlir. Qılınc qəbzələrini tuncdan tükülmüş relyeflər bəzəyir: türklərin totemi bozqurd, türklərin üstündə ölkələr fəth etdiyi ad, Anadolunu fəth etmiş səlcuqların rəmzi ikibaşlı qartalı və müxtəlif dövrlərin türk əsgərləri fiqurları".

C.Qiyasi sözünə davam edir: "Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl abidəni görərkən belə demişdi: "Ölkənin o biri ucu Çanaqqala, bu ucu İğdırda ölkəyə sahibliyimizin möhürünü vuran iki abidədir. Çok iyi iş yapmışsınız.  Təbrik edirəm".  

İrəliləyirik. Abidə xiyabanın sağ tərəfində qaldı. Bir qədər irəlilədikdən sonra gəlib çatdıq otelə.

Otağımdayam. İğdıra qədərki yol təəssüratımı qələmim belə şe¢rləşdirdi:

Gəldim, İğdıra gəldim

İlk dəfə bir neçə il əvvəl gəlmişdim      

bu şəhərə. Bu isə ikinci səfərimdir.    

Şahinəm hər yerdə mən,

Gəldim, İğdıra gəldim.

Yad eləyib bir də mən

Gəldim, İğdıra gəldim.

Gəldi Bakıya xəbər:

"Var oturum mö¢təbər.

Uğurlu olsun səfər",

Gəldim, İğdıra gəldim.

Qanadı açıb həmən,

Səmanı qucub həmən,

Havada uçub həmən

Gəldim, İğdıra gəldim.

Qardaşları görməyə,

Sirdaşları görməyə,

Yoldaşları görməyə

Gəldim, İğdıra gəldim.

Düşmənimə "yan" deyib,

Naxçıvana "can" deyib,

Dostluğa "meydan" deyib

Gəldim, İğdıra gəldim.

Bu şerimlə kifayətlənmədim, ilham pərimi səslədim, gəlib "Gəldim, İğdıra gəldim" rədifli yeni şerimi mənə diktə etdi:

Sədərək yoluna çıx

Vüsalın yolu açıq,

İğdırın qolu açıq,

Gəldim, İğdıra gəldim.

İğdır necə böyüyüb!...

Yetib gücə, böyüyüb!...

Gündüz-gecə böyüyüb,

Gəldim, İğdıra gəldim.

Yox dağının oxşarı,

Ağrı dağı...Quc qarı...

Türkiyənin ucqarı

Gəldim, İğdıra gəldim.

Göyə baxma, yerə bax,

Böyüyən şəhərə bax,

Gəlməsin nəzərə, bax,

Gəldim, İğdıra gəldim.

Ata yolu səmtinə,

Ana qolu səmtinə,

Anadolu səmtinə

Gəldim, İğdıra gəldim.

Azərbaycan - Türkiyə

Dostluğu bərk bərkiyə!!!

"Türkü sevə türk!" deyə

Gəldim, İğdıra gəldim.

Naxçıvan, Türkiyə İğdır,

16 oktyabr.

"İğdır Universiteti"nin əsas binasındayıq. İclas zalı. Önümüzdə səhnə. Səhnə divarında böyük hərflərlə yazılmış yazı: "Uluslararası 20 yüzilliyin ilk yarısında Türk-Erməni İlişkiləri Sempoziumu. 16-18 Ekim 2019 (16-18 oktyabr 2019). İğdır Universitesi."

Simpozimun açılışı. Türkiyənin himni səsləndikdən sonrakı çıxışlar: Prof.Dr. Hikmət Öksüz - Qaradəniz Texniki Universitetinin rektoru öz çıxışında erməni işğalçı qüvvələrinin 1921-ci il Qars anlaşmasını pozmalarından və XX əsrdə Bakıda, Qubada və ... Xocalıda da Soyqrım hadisələri törətdiklərini vurğuladı. Akademik Vaqif Aslanovdan sonra Azərbaycan səfirliyinin eğitim müşaviri Nəcibə Nəsibova xitabət kürsüsündə göründü və çıxışına başladı. Onun dediklərindən: İğdır qətliamı. Anadoluda 523 min adam qətl olunmuşdu. Qərb dünyası erməniləri dəstəkləyir... 1989-cu ildən başlayaraq ermənilərlə Qarabağ qanlı savaşı başlandı.

Xarici İşlər Nazirliyinin genəl müdir yardımçısı Mustafa Özcan nazir Mövlud Çavuşoğlunun salamlarını çatdırdı.

Universitetinin rektoru Mehmet Hakkı Alma çıxış edərək Simpozium iştirakçılarına "Xoş gəldiniz" dedi.

Geniş çıxış!

Sonra akademik Vaqif Aslanov xilafət kürsüsündə göründü. Onun yarım saata qədər davam edən çıxışı:

"Mən ixtisasca kimyaçı olsam da tarixi, xüsusən də Şərq, İslam tarixini hər zaman sevə-sevə oxuyuram. 2008-2019-cu illərdə yazıb çap etdirdiyim "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının I və II cildi və nəşrə hazırladığım III cild eyni zamanda Cənubi Qafqazın, Türkiyənin, Şərqin və bütövlükdə dünyanın tarixi ilə sıx bağlıdır.

Onu da bildirim ki, mən Qarabağda doğulub böyümüşəm və 1988-ci ildən başlanan Ermənistan təcavüzünün şahidi olmuşam.

Bütün tarix boyu ermənilər başqa xalqların ərazisinə qonaq kimi gəlib, sonradan o yerlərin sahibi olduqlarını bəyan ediblər.

Vaxtı ilə İran və Türkiyənin müxtəlif ərazilərindən siyasi məqsədlərlə Qarabağa köçürülmüş ermənilər indi "Dağlıq Qarabağ"ı özlərininki hesab edirlər. İkili və daha çox standartlarla dünya düzənini idarə etməyə çalışan böyük dövlətlərin bir çoxu bu işdə məkirli, hiyləgər, qəddar ermənilərə himayədarlıq etmiş və edirdilər. Türkiyəni 1915-ci ildə guya baş vermiş "erməni genosidi" ilə günahlandıran, onu təhdid edən bu qüvvələr Xocalı genosidini güya görməmiş kimi davranırlar.

Belə faciələrin yaranmasında müsəlman dünyası ölkələrinin çoxunun birlik nümaiş etdirməməsi, bəzi hallarda işğalçı Ermənistan ilə əməkdaşlığı davam etdir­mə­sinin də mənfi rolu var.

...Hələ 1978-ci ildə ermənilər özləri Qarabağa 150 il öncə köç etdiklərini göstərən abidə ucaltmışdılar. Bu abidə mənim doğulub böyüdüyüm kənddən bir neçə kilometr aralıdadır və onun qalıqları hələ də durur.

Erməni tarixi həmişə saxta və uydurma tarix olub və bu gün də belədir.

Tariximizə aid dəqiq məlumatlar tarixə aid elmi kitablarda verilməsi ilə yanaşı istənilən populyar, geniş oxucu kütləsi üçün sadə dildə yazılan kitablarda və məqalələrdə də verilməlidir. Bədii əsərlər yazan insanlarımız yeri gəldikcə tarixçiləri­mizdən tarixi faktları öyrənməli və əsərlərinə daxil etməlidirlər.

Tarixi faktların bir çoxu türk tarixçiləri ilə birgə araşdırılmalı, dəqiqləşdirilməli və hiyləgər düşmənin saxta tarixini ifşa edən həqiqi tarix yazılmalıdır.

Müsəlman dünyasının öz həqiqi birliyini nümaiş etdirməsinin, beynəlxalq siyasi arenada müsəlman ölkələrinin vahid cəbhədə birləşməsinin vacibliyi nəzərə alınmalıdır. Təklənmək ümumilikdə uduzmağa aparan yolun başlanğıcıdır."

Akademikin çıxışı bitdi, İğdır Universitetinin rektoru Prof.Dr. Mehmet Hakkı Almanın çıxışı başlandı: "...1914-1920-ci illər arasında Türkiyə torpaqlarında çoxsaylı erməni dəstələri məskunlaşmışdı. Türkiyədə hazırda da çoxlu erməni ailələri yaşamaqdadır. Biz heç vaxt onlara qarşı təcavüz əli uzatmamışıq, amma onlar bizləri vaxtaşırı terrora məruz qoymuşlar."

Professor sözünə davam etdi:

"Bizim də iştirakçısı olduğumuz bu konfrans "Uluslarası 20. yüzyılın ilk yarısında türk-erməni ilişkiləri Simpoziumu" adlanır. Dünyanın müxtəlif  ölkələrindən İğdıra təşrif gətirmiş 80 nəfərdən çox tədqiqatçı alimin hamısının məruzələri, əlbəttə həmin dövrün türk-erməni münasibətlərinə həsr olunmuşdur.  Məsələn Timsal Qarabəkir (məşhur general Kərim Qarabəkir paşanın qızı) və Dr.Sadıq Təkəlinin şərikli yazdıqları məqalələrin adı: "Çarlıq Rusiyasının devrilməsindən sonra Doğu Anadolu və Qafqazlarda siyasi gəlişmələr və Kazım Qarabəkir" idi.

Prof.dr.Qasım Hacıyev xitabət kürsüsündə göründü. Onun "Qafqazda separatçı dövlət - Ermənistanın regionda dövlətlər və xalqlararası münasibətlərə təsiri" adlı çıxışından bəzi sətirlər: "Ermənistanın Cənubi Qafqazda region dövlətləri və xalqları üçün yaratdığı 200 ildən bəri davam edən "parçala, hökm sür" imperiya siyasəti reallaşmaqdadır. Bu siyasət bu gün Ermənistanın fəal iştirakı ilə həyata keçirilir. Ermənistan təkcə Cənubi Qafqazda deyil, Ümumqafqazda separatçı siyasət aparır. Son zamanlar erməni təbliğatçılarının Şimali Qafqaz Muxtar Respublikasında apardığı siyasi fəaliyyəti xalqlararası milli münaqişələrin və etnik toqquşmaların yaranması və artmasında əsas rol oynamışdır...

Vaxtı ilə (XX əsrin əvvəllərində) "Qafqaz evi" nin yaranmasına mane olan ermənilər Qafqaz xalqlarının müstəqilliklərini bərpa etməyə ehtiyac olan bir zamanda da böyük təxribatlar törətmişlər ki, bu təxribat aktlarının fəsadları indi də özünü göstərməkdədir....

Tarixi təcrübə göstərir ki, heç kimin bilmədiyi və düşünmədiyi hiyləgər planlar ermənilər tərəfindən hazırlanır və əlverişli məqamlarda həyata keçirilir."

Simpoziumun proqramında yer tutan bəzi alimlərin çıxışlarının təkcə adlarına diqqət yetirirəm:

Prof.Dr.Alpaslan Ceylan: "Doğu Anadolu ermənilərin vətənimi?";

Dr. Öğrətmən Eray Akçay: "Rus imperatorluğunun Güney Qafqazda bir erməni bölgəsi qurmaq prosesinin tarixi arxa planı";  

Araşdırmaçı Gülsüm Güzəl Özyol: "Erməni terror fəaliyyəti";

Prof.Dr.Abbas Seyidov və araşdırmaçı Gülər Qafqazlı: "Dünya savaşı və ermənilərin Osmanlı dövləti ilə bağlı xəyalları";

Prof.Dr. Səlma Yel və araşdırmaşı Əsra Müjgan Qaradaş: "İstiqlal savaşı və Doğu Anadoluda təxricdən (xaricdən-Ş.F.) dönən ermənilər (1919-1923)";

Prof.Dr. Sərpil Sürməli: "Ermənilərin Böyük Ermənistan xəyalı və general Xarbordun İrəvan izlənmələri";

Doç.Dr. Namiq Kamal Yıldırım: "Andranik Ozanyan paşanın türk düşmənliyi və hücumları";

Prof.Dr. Qafar Çaxmaqlı Mehdiyev: "Erməni qaynaqlarının işığında Dünya savaşından əvvəl və sonra ermənilərin türklərə qarşı hərbi fəaliyyətləri";

Prof.Dr. Musa Qasımlı: "XIX yüzilin sonları və XX yüzilin əvvəllərində erməni silahlı qüvvələrinin İğdırdakı fəaliyyətləri (Rusiya və Gürcüstan Arxiv qaynaqları əsasında)";

Prof.Dr. Anar İsgəndərli: "Türk müsəlman əhaliyə qarşı soyqrımların tarixi arxiv qeydləri";

Prof.Dr. Nəsiman Yaqublu: "I dünya savaşında ermənilər türklərə qarşı (Rusiya Dövlət Arxivinin məlumatları)";

Prof.Dr. Tofiq Mustafazadə: "Sovet hökumətinin "Türkiyə Ermənistanı haqqında qərarı və türklərə qarşı ermənilərin soyqrım hücumlarının güclənməsi";

Doç.Dr. Samir Quliyev:"1918-1920-ci illərdə Azərbaycan nefti üzərindəki Uluslararası rəqabətdə erməni faktoru və s.";

Qeyd olunmalıdır ki, Simpozium iştirakçılarının çoxsaylı olmaları nəzərə alınaraq məruzələr İğdır Universitetinin müxtəlif salonlarında (Şəhidlər salonu, Yunus İmrə salonu, Mövlana salonu) dinlənildi.

17 oktyabr.

Birinci oturumda doç.dr. Refiq Turan: "Türkiyədə Erməni sorunu və təhcir konularının öğrətimi"; adlı çıxışına odlu-alovlu başladı.

Prof. dr. Musa Qasımlı Rusiya və Gürcüstan arxiv qaynaqlarının məlumatlarını konfrans iştirakçılarına çatdırdı. Ondan sonra çıxış edən prof.dr. Anar İsgəndərli soyqrımların tarixi arxiv sənədlərində və prof.dr.Nəsiman Yaqublu I dünya savaşında ermənilər türklərə qarşı savaşları, prof.dr.Sərpil Sürməli ermənilərin böyük Ermənistan xəyalı, prof.dr. Kenan Ziya Taş "Revan qanunnaməsinin təhlili" mövzularını ərz etdilər.

Mən də elə həmin gün günortadan sonra "XX yüliyyiyin əvvəlində üç imperatorluq arasında erməni Yefrem Davidyanın fəaliyyətləri: Dönəmin farsdilli qaynaqları çərçivəsində" adlı məruzə ilə çıxış etdim. Çıxışımdan sətirlər: "Azərbaycanın Gəncə vilayətində erməni ailəsində doğulmuş Yefrem Davidyan erkən yaşlarında Tiflisə getmiş, Osmanlılar əleyhinə fəaliyyət göstərən erməni dəstələrinə qatılmış, həbs edilərək 1892-ci ildə Sibirə sürgün edilmişdir. Dörd ildən sonra sürgündən qurtulmağı bacaran Yefrem Təbrizdə Səttar xan tərəfdarlarına qatılmışdısa da az sonra onun əleyhidarına çevrilmişdir...

Yefrem Davidyan təkcə osmanlı əleyhinə fəaliyyətləri ilə deyil, eyni zamanda Azərbaycan türklərinə qarşı da daşnaksütyun partiyasının üzvü olaraq 18 illik fəaliyyətdə olmuşdur. Bakı daşnaklarından silahlı yardım alan Yefrem Rəştdə və Tehranda türklərə qarşı qızğın fəaliyyətdə olmuş, Tehranda hakim Məhəmməd Əlişahı və polis rəisi olan Salarüddövləni devirmiş, Həmədan və Kirmanşah vilayətlərində məşrutəçilərə qarşı vuruşmuşdur. Onun həyatı faciəli şəkildə bitmiş, 1911-ci ildə qətl olunmuşdur.

Mən Naxçıvana və İğdıra gəlişimizin ikinci günü növbəti Türkiyə şeirlərimin üçüncüsünü qələmə aldım:

Türkiyədir, Türkiyədir, Türkiyə

Bəd günüm olcaq yetişən dadıma

Türkiyədir, Türkiyədir, Türkiyə.

Söyləmişəm çox kərə övladıma

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Yardım edib külli Azərbaycana,

Türkçülüyü bəlli Azərbaycana,

Qardaş olan milli Azərbaycana

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

 

Çox sınadıq biz, ona tən harda var?

Dərdimi öz dərdi bilən bir diyar!

Sevgisi bəlli, əməli aşikar

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Yağı ilə cəngə girən məmləkət,

Cəngə mücahid gətirən məmləkət,

Türk Atatürkü yetirən məmləkət,

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Tariximiz bəllidi şəksiz kimi:

Qətliama məruz olan biz kimi,

Faciəsi canlı qalan iz kimi

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Bax ki, cahan içrə nə al-ver gedir,

Türkiyə cəng etməyi inkar edir,

Bəli, siyasətdə olan müqtədir

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Yar ilə öz yarlığını hifz edən,

Əğyara inkarlığını hifz edən,

Əzm ilə öz varlığını hifz edən

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

"Olmalı türk-türkə dayaq" söyləyən

"Çəkməliyik düşmənə dağ" söyləyən,

Düşsə yeri hey "Qarabağ" söyləyən

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Eyləmişik, eyləyirik iftixar,

Çünki qazanmış, qazanır etibar,

Suriya qaçqınlarına hami var -

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Türkiyəmi hər vədə şən etmə zənn,

Soyqırımın soy qırımından bezən,

Qismətə bax həm əzilən, həm əzən

Türkiyədir, Türkiyədir, Türkiyə.

 

Gün kimi aşkar Azərbaycana

Kimdi vəfadar Azərbaycana!

Sadiq olan var Azərbaycana -

Türkiyədir, Türkiyədir, Türkiyə,

Türkiyədir, Türkiyədir, Türkiyə!!!

İğdır

17.10.2019        

Oktyabrın 18-də Naxçıvana qayıddıq, həmin günün axşamı artıq Bakıdaydıq. Yeni görüşədək.

Bakı - Naxçıvan - İğdır - Bakı

16-18 oktyabr, 2019

Şahin Fazil

tarix elmləri doktoru,

professor

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31