ALTINCI TÜRKİYƏ SƏFƏRNAMƏSİ

əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/504341

2 oktyabr. Bu gün üç oturumda  məruzə dinlədim.

I oturum: Prof. Dr. Nərgiz Əliyeva, Doç.Dr. Elnur Nəciyev, Prof. Dr. Behcet Ka­raca, Dr. Mustafa Şahin.

II Oturum: Bu günün iclaslarıma yekun vuruldu. Axşam ziyafəti...

Otelə qayıtdıq. Yuxum qaçmışdı. Yazacağım bir qəzəlin məzmunu haqqında düşündüm. Qələmim işləməyə başladı. Nəticədə yeni bir şer

Qəsidə

 

Tarix elə ibrət ki, o ibrət unudulmaz,

Qeyrətli adamlardakı qeyrət unudulmaz.

Tarix boyu ziddiyyətlərə məhkum ulu dünya,

Tarixdə sədaqət və xəyanət unudulmaz.

Eyvah, hanı Zəngəzurum, Göyçə hayanda?

Düşdüm başa çox gec, o fəlakət unudulmaz.

Olduqda xəçil hər kərə çəkdik nə xəcalət,

Billah, bizə öylə xəcalət unudulmaz.

Təşviş ilə, dəhşət ilə vəhşət cana hopdu,

Təşviş ilə, dəhşət ilə vəhşət unudulmaz.

Öz yurduna, öz mülkünə həsrətli qalıbsa,

Həsrətli adamlardakı həsrət unudulmaz.

Qaçqınlığa, köçkünlüyə, sürgünlüyə dözdük,

Zillət ki, çəkib millət, o zillət unudulmaz.

Bir dəfə unutdumsa da düşmənliyi, indi

Düşmənlərə qəlbimdəki nifrət unudulmaz.

Hər kəs özünün dövlətinə sadiq olarsa,

Sərvət unudulsa belə, dövlət unudulmaz.

Çıxmışdır əlimdən nə qədər torpağım, əfsus,

İşğal cinayətdi, cinayət unudulmaz.

Var öylə səadət ki, müsibətlə ekizdir,

Əlbət, nə saədət, nə musibət unudulmaz.

Türkün qanını türk özü tökmüş neçə müddət,

Ibrət deyilən qırmızı ibrət unudulmaz.

Təhqir elədi yaği məni öz vətənimdə,

Təhqir unudulmaz və həqarət unudulmaz.

Dil tapmadı türk sultanı, türk şahı çox illər,

Əldən ki, çıxıbdır neçə fürsət, unudulmaz.

Cürətlə gəlib eylədi yardım bu diyarə,

Nuri paşanın etdiyi cürchr("39")ət unudulmaz.

Qeyrətli Rəsulzadə edən xidmətə əhsən,

Əsla o edən xəlqinə xidmət unudulmaz.

Qəlbimdəki  yüzlərlə məhəbbət unuduldu,

Amma, vətənə ülvi məhəbbət unudulmaz.

Allah görəndirsə,biləndirsə nə xəlvət?

"Xəlvət" dediyin bir neçə xəlvət unudulmaz.

Etdimsə vida çoxlu səyahətlərə, amma

Eşq mülkünə şövq ilə səyahət unudulmaz.

Şahin, gözünü aç, özünü hifz elə yaddan,

Yadlardakı işğalçılıq, əlbət, unudulmaz!!!

2.10.2018

Ankara

3. oktyabr. Bu gün də konfransın işi qızğın müzakirələrlə keçəcək. Təəssüf ki, bütün məqalləri dinləməyimiz mümkün olmur, çünki, yuxarıda qeyd etdiymiz kimi, müəllif və məqalə seçimi qarşısındadayıq və tez-tez bir salonu tərk edib başqasına getmək məcburiyyətindəyik.

Bu gün beş oturum olacaq.

I oturumun başkanı Doç. Dr.Tohid Məlikzadədir. Çıxışçılar:

Doç.Dr. Fəridə Əliyeva;

Doç. Dr. Elvira Lətifova;

Doç.Dr. Aycamal Urazbayeva.

II oturumda isə t.e.d,. professor İmamverdi Həmidov, Prof.Dr. Şurəddin Məmmədli, Aynur Məmmədova və Günay Qarayeva dinlənildi."Mehmet Sultan" solununda isə t.e.d. Eynulla Mədətlinin məruzəsinə məmnuniyyətlə qulaq asdım.

III oturumun başkanı AMEA-nın müxbir üzvü Musa Qasımlıdır.

IV oturum: Prof. Dr. Tofiq Mustafazadə, Dr. Seyfəddin Rzasoy, Gülcənnət Kurmanqaliyeva Ercilasın (mənim anamın adı da Gülcənnət idi) çıxışları.

V oturumun "Türkistan  salonu"nda davamı. t.ü.f.d Gültəkin  Nəcəfli, Doç.Dr. Şahin Doğan, Doç. Dr. İsmət Zaatov, t.ü.f.d. Əhməd Quliyev, Doç. Dr. Burcu Tuqay.

Oteldəyəm. Sabah Məmmədəmin Rəsulzadənin məzarını ziyarət etməyi qərarlaşdırmışıq. Yaqub müəllim dedi: "Bəlkə bir şer yazasan". Sabah oxuya­ca­ğım şeri bu gün yazdım:

Qəzəl

Əzilmiş binəvalərdə görüb əfqan Rəsulzadə,

Dedi: "Mən hazıram imdad edim hər an"  Rəsulzadə.

"Bərabərlik" dedi, yəni "Müsavat" söylədi xəlqə,

Müsavatdan xəbərdar gördü az insan Rəsulzadə.

Nəhayət təbliğatından səmər görsəndi məxluqə,

Dedi: "Lütf eyləyər hökmən bizə dövran-" Rəsulzadə.

Fələk imdadə göndərdi və gəldi Nuri ləşkərlə,

Dedi: "Mən hazıram xəlqə olum qurban" -Rəsulzadə.

Yarandı milli bir dövlət və millət şadiman oldu,

Çalışdı məslək uğrunda açıb meydan Rəsulzadə.

Vətəndən amma yan oldu sovet dövrü mühacir  tək,

Qucaq açdı sənə az müddətə İran, Rəsulzadə

Və sonra Türkiyə dövrü acı  tale payın oldu,

Vüsaldan ayırıb gördün  acı hicran, Rəsulzadə.

Azərbaycanə yer verdin cahan dövlətləri içrə,

Sənə yer verdi qürbətdə məzarıstan, Rəsulzadə.

3.10.2018

Ankara

4 oktyabr. Bu gün hələlik bir oturumda otura bildim. Böyük müsavatçı, inqilabçı, şair, yazıçı, jurnalist Məmmədəmin Rəsulzadənin Ankaranın mərkəzində mövcud olan  "Əsri qəbristanlığ"ındakı məzarının ziyarətinə getmək fikrindəyik.

Yenə iclas salonlarında dinləmələr:

"Qaradəniz salonu". Aparıcı Prof. Dr. Kamal Arıdır. Hələ gəlib çıxmayıb.

Bugünkü rəyasət heyətinin səhnədə əyləşəcəyimizin arxasında bizim prof. Sevda Süleymanova öz yerini tutdu. Sevdaya dedim:

  • Sənin yanında Arı oturacaq

Dedi:- Arı? Nə arı?

Zarafatı dərhal başa düşdü:-Hə, Arı.

  •  

Amma prof. Dr. Kamal Arıdan əvvəl Doç Dr. Səbahəddin Şimşir (Şəmşir, yəni qılınc-Ş.F) gələrək Sevadanın sağ tərəfində oturdu. K. Arı də gəlib əyləşdi.

-Əcəb isə düşmüsən. Bir yanında arı, başqa yanında qılınc.

Dilim şer pıçıldadı.Zarafatyana bir şer:

 

Əyləşib gözəl Sevda-

Elimin gözəl yarı.

Sağ tərəfində şəmşir,

Sol tərəfinda arı.

Şəmşiri yan edərdi,

Arını qovlayardı

Əgər Şahin Fazilin

Olsaydı ixtiyarı.

 

Arı və qılınc! Biri yaradan, biri kəsib-dağrayan. Yadıma gözəl şair Ramiz Qusarçaylının arı haqqında yazdığı iki misralıq bir beyti düşdü:

 

"Hər gül üstü bir arının iş yeri,

Ləçəyində dodaq yeri, diş yeri".

 

Arı Ramizin sevə-sevə müraciət etdiyi "obraz"larından biridir.         Bu oturumda Doç. Dr. Aygün Bağırova və Doç. Dr. Bilal Dədəyev də öz məruzələrini ərz etdilər.Daha başqa oturumda oturmayıb qəzəl yazdım:

 

Həqqi edib car Məhəmməd Əmin,

Oldu vəfadar Məhəmməd Əmin.

 

Zülmü, rəhimsizliyi, qəddarlığı

Eylədi inkar Məhəmməd Əmin.

 

Dərdliyə həmdərd olan bir düha,

Çox qəmə qəmxar Məhəmməd Əmin.

 

Milləti sövq eylədiistiqlala

Ədli edib car Məhəmməd Əmin.

 

"Müstəqil olsun Vətənim" söyləyib

Eylədi israr Məhəmməd Əmin.

 

  •  ilə dövlət yaradan qəhrəman,

Həqqə ümidvar Məhəmməd Əmin.

 

Əyriliyə ömrü boyu zidd olan,

Düzlüyə meyar Məhəmməd Əmin

 

Var idi qeyrətli əməkdaşları,

Onlara sərdar Məhəmməd Əmin.

 

Amma, heyfbayrağını yıxdılar,

Görmədi təkrar Məhəmməd Əmin.

 

Hicrana yollandı mühacir kimi,

Oldu cəfakar Məhəmməd Əmin.

 

Yoxluğu yoxdursa əgər, Şahina,

Söyləyirəm "Var Məhəmməd Əmin!"

"Əsri qəbristanlığı"ndayıq. M. Ə. Rəsulzadənin  ruhuna  fatihə oxundu. Ya­qub Mahmudov geniş çıxış edərək o böyük dahinin fəaliyyətini yüksək qiymətlən­dirdi.

Həqiqətən böyük qiymətə layiq şəxsiyyətdir və 70-dək əsər müəllifidir. An­karada "Mehmet Emin Resulzade  Anadolu Lisesi" fəaliyyət göstərir (4 mərtəbəli bina, Çukurambar Mahalı, Ögretmenler caddesi, N 4).

Axşamüstü 18-ci Türk tarix Konfransının qapanış mərasimi keçrildi, onun işinə yekun vuruldu. Prof.Dr. Rəfiq Turan, Prof.Dr. Uğur Ünal, Prof. Dr. Əli Engin Oba, Prof. Dr. Cəmil Həsənli, Prof. Dr. Musa Qasımlı, Prof. Dr. Mehmet Öz və Prof. Dr. Akademik Yaqub Mahmudov çıxış etdilər, Cəmil Həsənli bu sətirlər müəl­lifinin, Prof. Dr. İmamverdi Həmidovun və Prof. Dr. Musa Qasımlının məqa­lələrini xoş sözlərlə xatırlatdı, Yaqub Mahmudov Azərbaycandan gəlmiş alimlərin 68 nəfər olduğunu vurğuladı. Beləliklə də, Konfrans işini bitirdi.

Otelimizin kiçik həyətində gəzişirəm. Əlbəttə, dəftər-qələmim yanımdadır. Çoxdan yazmaqda olduğum "Sevgi və iztirab" adlı poemanın yeni bir soneti də yarandı. Sonetdə aşiq-məşuqun yeddi günlük hicranı öz əksini tapdı:

Gözəlim, səngidi görüşlərimiz,

Həftəlik-ayrılıq, yeddi gün-ara.

Məni qarşıladı ayrılanda biz

Əvvəlcə İstanbul, sonra Ankara.

Hər iki şəhərin var məziyyəti,

Biri-şəhərbaşı, biri-baş şəhər.

Çin ola hamının əhdi, niyyəti,

Onları görməyə, gəzməyə dəyər.

Zülmət günlər vardı, qaldı geridə,

Yetişdi Türkiyə neçə uğura.

Həmin şəhərlərin gecələri də

Qoy gündüzlər kimi qərq ola nura.

Nur olub xəyalən yanıma şığı,

Qoy bu şəhərlərin arta işığı.

5 oktyabr. Sübh tezdən gəlməli-gəzməli  yerlərdən olan Poladlı şəhərinə gəldik, muzeyində olduq. Anadolu coğrafiyasına daxil olan və bir neçə min il əvvəl insanların qədim məskənlərindən sayılan sabiq Gordion şəhərinin gəzintisindəyik. Bu antik şəhər  bugün Yassıhöyük adlanır. Gordion yaşayış məskənin yaşı 3 min ildir. Bu şəhər Sakaryanın (Sangarios) və onun bir qolu olan Porsukun birləşdiyi yerdə, Poladlıya bitişik ərazidə yerləşirdi. Gordion Frikiya krallığının baş şəhəri olmuş, böyük İsgəndər miladdan əvvəl 334-cü ildə Asiya səfərinə çıxdığı vaxt Gordiona də gəlib çıxmışdı.

Gordion Muzeyi. 1963-cu ildə yaradılan bu muzey Türkyənin önəmli mu­zeylərindəndir. Burada Tunc dövründən Dəmir dövrünə qədər mövcud olmuş qə­dim əşyalar saxlanılır. Qədim əşyalar. Əsrlərin yadigarları...

Kurqanın altındakı dünyada tayı-bərabəri olmayan, tarixi 2700 il olmaqla keçmişə meydan oxuyan, hazırda da mövcud olan mükəmməl bir üslubda taxtadan düzəldilmiş məzar otağı vardır. Bu otaq içəridən çölə doğru 3 qatdan  ibarətdir. I və II qatlar taxtadan, III isə daşdan inşa olunmuşdur.Qatların  çınqıl daşlarla doldurulmuş və mükəmməl  bir drenaj sistemi sayəsində nəmişliyinin taxta hissələrə təsirinin qarşısı alınmışdır. Taxtadan inşa olunmuş məzar otağının ətrafında hörülən  daş divar ətrafdakı torpağın məzar otağına ağırlığının qarşısının alınmaqdan ötrü hörülmüşdür. Tavan iki tərəfə mayil formadadır. Bu abidə Zonquldaqdan qələm mədən işçiləri tərəfindən aşkarlanmışdır. Vaxtı ilə bu məzarxanaya daxil olmaqdan ötrü 75 m-lik bir torpaq çıxarılmaqla 82 m-lik tunel qazılmışdır. Bu arxeoloji abidə XX əsrə damğa vuran dünyanın ən məşhur qazın­tısıdır. Məzar otağının içərisində şimal-qərbə doğru kralın üstü parçalarla örtülü skeleti qalmaqdadır.Orada  tunc bir kəmər və çoxsaylı döyüş yabaları mövcuddur, taxtadan 9 ədəd masa da gözə dəyir. Masaların üstünə 98 ədəd tunc dəyirmi daş düzülmüşdür. Şərqə baxan divarının önündə səliqə ilə bəzənmiş 2 taxta qarmaq (tutacaq) vardır. Onların  hərəsinin üstündəki 3 yuvaya 6 ədəd tunc çanaq yer­ləşdirilmişdir. Cənub-qərb küncündə dəmir üçayaq üzərində 3 qazan böyür-böyürə yerləşdirilmişdir. Yemək yemək üçün nəzərdə tutulmuş boşqablar da  vardır. Otağın şərq-qərb divarlarından  dəmir mismarlarla çoxsaylı  qulplu tunc çanaqlar və tunc sinilər  asılmışdır. Divarlar rəngbərəng və naxışlı qumaşlarla örtülüdür. Məzardan çıxarılan saxsı qabların izotop analizlərinin nəticəsində  məlum olur ki,  həmin qablar kralın sonuncu axşam yeməyindən ötrü yığılmışdır. Bu yeməkdən sonra güman ki, kral əbədi yuxuya getmiş və məzara gömülmüşdü. Məzardan çıxan əşyalar Ankara Anadolu Mədəniyyətləri Muzeyində sərgilən­mişdir.

Gordion Muzeyi ilə tanışlıqdan  sonra başqa bir muzeyə "Sakarya Meydan Müharibəsinin Tarixi Milli Parkı" adlanan əraziyə tərəf yollandıq. Poladlı və Hay­mana torpaqlarında 22 gecə-gündüz davam geniş bir ərazi müharibəsi baş vermiş­dir və həmin ərazi uğrunda yunanların hədəfi Milli Mücadilənin mərkəzi olan Ankara olmuşdur.

Qeyd etməliyəm ki, Sakarya meydan müharibəsi, Ankaranın qərb istiqa­mə­tində 76 km aralıda yerləşən Polatlı və həmçinin Haymana ilçələri daxilində və ət­ra­­fında yaşanan və hərb tarixinə ən uzun meydan döyüşü kimi düşən kimi hərbi əmə­liyyat idi. 1921-ci ilin 23 avqust-13 sentyabr tarixlərində həyata keçrilən həmin hərbi əməliyyat Türk Qurtuluş savaşında dönüş yaradan ən mühüm döyüş ol­muş­dur.

Məlumadur ki, I Dünya Müharibəsində məğlub olaraq Səvr müqaviləsini im­zalayan Osmanlı imperiyası Antanta qüvvələri tərəfindən işğala məruz qaldıqda Türk xalqı Misaki-Milli sərhədləri daxilində ölkənin bütövlüyü uğrunda Ana­do­luda gerçəkləşdirilən çoxcəbhəli siyasi və hərbi mübarizəyə başlamalı olmuşdur. Türk Qurtuluş Savaşı adı ilə tarixə düşən bu müharibə Mustafa Kamal Atatürkün öndərliyi altında Türk xalqının öz milli istiqlaliyyəti uğrunda verdiyi ölüm-dirim mücadiləsi olub, Ankarada Türkiyə Böyük Millət Məclisinin təsisi ilə özünün ən pik nöqtəsinə çatmışdır.

Səvr müqaviləsini Türkiyəyə qəbul etdirmək üçün general Anastasios Pa­pulasın başçılıq etdiyi yunan ordularına Ankaraya hərəkətə keçmək əmri verilir. Əslində ordunu yolsuz Anadolu səhralarının dərinliyinə sürükləməyinin ağır nə­ticələr verə biləcəyindən ehtiyat edən və yunan əskərinin döyüş ruhunun aşağı ol­du­ğunu nəzərə alan Papulas bu əməliyyata qarşı olsa da, ümümi rəyin təsiri və ona artan təzyiqlər ilə əməliyyata başlamaq əmrini vermək məcburiyyətində qalmışdır. Onun "Ankara fatehi" şərəfinə nail olmaq arzusu da var idi.

Müdafiə xətti ayrı-ayrı yerlərdə qırılsa da, Türk ordusunun əzmli mübarizəsi, tətbiq etdiyi uğurlu taktika və iman dolu mücadiləsi nəticəsində yunan ordusunun qarşısı alınmış və zəfər qazanılmışdır. Qazi Mustafa Kamal paşanın "xətti-müdafiə yoxdur, səthi-müdafiə vardır. O səth, bütün vətəndir. Vətənin hər qarış torpağı vətəndaş qanı ilə sulanmadıqça vətən tərk olunmaz. Onun üçün də kiçik, böyük hər hərbi birlik bulunduğu mövqdən geri çəkilə bilər. Fəqət kiçik, böyük hər birlik ilk dayandığı nöqtədə, təkrar düşmənə qarşı cəbhə təşkil edib müharibəyə davam etməlidir. Yanındakı birliyin çəkilməyə məcbur olunduğunu görən birliklər, ona tabe olmalı, bulunduğu mövqedən nəhayətə qədər səbat və müqavimət etməyə məcburdur" əmrini verərək müharibəni geniş bir əraziyə yaydı. Beləcə yunan qüvvətləri də qərargahlarından uzaqlaşıb bölünməyə məruz qaldılar.

Türk ordusu sentyabr ayının 10-da Mustafa Kamal paşanın şəxsən koman­danlığı altında bütün cəbhə boyunca hücuma keçib Çal Dağını geri alaraq yunan ordusunu geri çəkilməyə məcbur edir. Bu çəkilmə nəticəsində ard-ardınca Sivri­hisar, Aziziye, Bolvardin məntəqələri düşmən işğalından azad edilmişdir. 22 gecə-gündüz boyunca davam edən 100 km-lik ərazidəki savaş nəticəsində yunan ordusu Ankaranın 50 km-lik  məsafəsinə qədər geri atılmışdır. Geri çəkilmə sırasında yu­nan ordusu türklərin yararlana biləcəyi bütün obyektləri məhv edir, dəmir yollarını və körpüləri havaya uçurur, kəndləri yandırırdı.

Sakarya Meydan Müharibəsi Türkiyə tarixində "Osmanlı ordusunun 1683-cü il 13 sentyabr günü Vyanada başlayan geri çəkilmə prosesinin 238 il sonra Sakar­yada dayandırılması hadisəsi kimi qiymətləndirilir. Məşhur İngilis tarixçisi Jozef Ar­nold Toynbe bu müharibənin əhəmiyyətini dilə gətirərək yazır:  "Sakarya sahil­lərindəki türk zəfəri, Yaxın və Orta Doğunun siyasi üzünü dəyişdirmişdir. Iki yüz ildən bəri Qərb ixtiyar Osmanlı İmperatorluğunu parçalamağa çalışmış, fəqət Sa­kar­yada türkün özü ilə qarşılaşmış və ona toxunduğu anda da tarixin istiqaməti dəyişmişdir."

Həqiqətən də yunanları şiddətli məğlubiyyətə uğradan  bu böyük türk zəfəri "Ya istiqlal, ya ölüm" şüarı altında Türkiyə istiqalal savaşının sonuncu zəfəri oldu. 22 gündüz-gecə davam edən, 5713 şəhidin və 20 mindən çox yaralının qanı ilə qa­za­nılan bu zəfər müstəqillik mücadiləsinin ən böyük və uğurlu meydan müharibəsi  olmuşdur. Nəticə olaraq türklər buradakı Qarapinar kəndini, Zəfər təpəsini,  Duatəpəni və ərazidəki geniş sahələri yunanlardan  aldılar və "Sakarya Meydan Müharibəsi:" adlanan möhtəşəm bir Milli Park yaratdılar. Həmin parkda 2 "Alagöz Qərargah Muzeyi" ,Malıköy Qatar Stansiye Muzeyi", "Topçu Okulu Muzeyi", "Sakarya Şəhidliyi Muzeyi", "Qartaltəpə Mehmetçik Anıtı və Tanıtım Mərkəzi" muzeylər şəkilində bu gün də qalmaqdadır.

Günorta vaxtı Sakarya Milli Parkından qayıtdıq. Bir qədər istirahət. Sonra yenə yeni dinləmələr. Beləliklə Ankaraya qayıtdıq. Axşamüstü şəhərdə gəzinti sabah Bakıda olmalıyıq. Olduq! Əlvida Ankara! Salam Bakı!

   Bakı-İstanbul-Ankara-Bakı

                                                                   30 sentyabr-06 oktyabr , 2018

Ardı var

Şahin Fazil

tarix elmləri doktoru, professor

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31