“İranın Zəngəzur dəhlizini tam bloklama ehtimalı azdır, amma…" – ŞƏRH ÖZƏL

Yaxın Şərqdəki böhranlara baxmayaraq, İran təsir imkanlarını qorumaq üçün Ermənistanla siyasi, iqtisadi və hərbi əlaqələri gücləndirməyə çalışır. Lakin ekspertlər iki ölkə arasında son 24 ildə imzalanan 132 sazişin əksəriyyətinin kağız üzərində qaldığını bildirirlər. Tehranın İrəvanı açıq şəkildə himayə etmək cəhdləri Azərbaycan-Ermənistan normallaşma prosesini çətinləşdirə və Zəngəzur dəhlizi ətrafında gərginliyi artıra bilər. Buna baxmayaraq, Azərbaycan-Türkiyə tandemi, eləcə də Rusiya və Qərbin bölgədəki maraqları İranın Cənubi Qafqazda təkbaşına aparıcı qüvvəyə çevrilməsini çətinləşdirir. 

İranın Ermənistanı aktiv himayə etməsi Zəngəzur dəhlizinin açılmasını tamamilə bloklaya bilərmi? Bu ssenari regiona və Zəngəzur dəhlizinə nə vəd edir? 

"Proseslərə nəzər salsaq görərik ki, tam bloklama ehtimalı azdır, amma gecikdirmə və gərginlik artırma tam mümkündür".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, İranın real imkanları zəifləyib. Fevral 2026-cı ildə Xamenei ABŞ-İsrail zərbəsində öldürülüb, ölkə 12 günlük müharibədən və sonrakı münaqişədən çıxıb, iyulun əvvəlində dəfn mərasimi keçirilib. Bu, İranı hərbi-siyasi cəhətdən əvvəlkindən qat-qat zəif vəziyyətə salıb - rejim daxili sabitliyi qorumağa çalışır, xaricdə "jandarm" roluna iddia etmək üçün əvvəlki resursu yoxdur. Əlavə olaraq bildirməliyik ki, Tehranın hakimiyyət gücü özünün varlığını qorumağa çatır, regiona müdaxilə imkanı vermir. Tehran daxilində özü də bölünüb: Sərt xətt (Sepah/IRGC, radikal deputatlar) dəhlizi "qırmızı xətt" adlandırır, açıq təhdid dilindən istifadə edir. Prezident Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə açıq deyiblər ki, bu yol İran üçün "təhlükəli olmaya bilər" və İranın tələbləri artıq nəzərə alınıb
Bu ikili mövqe göstərir ki, İranın rəsmi siyasəti hələ kristallaşmayıb, bu da qəti bloklama strategiyasını çətinləşdirir. Struktur məhdudiyyətlər daha ciddidir:
ABŞ-Ermənistan-Azərbaycan arasında Vaşinqton çərçivə sazişi (avqust 2025) artıq imzalanıb, TRIPP layihəsi ABŞ-nin birbaşa iştirakı ilə irəliləyir. Rusiya İranla bu məsələdə tam həmrəy deyil - Moskva öz mövqeyini saxlayır, "ikinci cəbhə"yə gücü çatmır. Azərbaycan-Türkiyə tandemi öz tərəfini bitirir, Araz dəhlizini paralel inşa edir. Paşinyan payıza qədər praktiki addımlar vəd edib.

Ekspertin sözlərinə görə, ssenarinin nə vəd etdiyinə nəzər salsaq görərik ki, tamm blok yerinə, ehtimal olunan yol - İranın gecikdirmə və dividend strategiyasıdır: rəsmi bəyanatlarla təzyiq, İrəvana iqtisadi, hərbi əlaqələri gücləndirməklə asılılıq yaratmaq, amma layihəni tamamilə dayandıra bilməmək. Nəticədə: Ermənistan-Azərbaycan normallaşması ləngiyə bilər, amma dayanmaz. Dəhliz ətrafında rəhbərlik dili, təxribat riski artar (xüsusən Sepah tərəfindən). İran öz tranzit-iqtisadi payını (qaz, nəqliyyat güzəştləri) əldə etməyə çalışacaq.  Uzunmüddətli perspektivdə TRIPP/Zəngəzur layihəsi ABŞ-Türkiyə-Azərbaycan oxunun üstünlüyü ilə irəliləməyə davam edəcək, İranın rolu isə mərkəzi oyunçudan kənar müşahidəçiyə doğru sıxışacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31