Moskvanın siyasi manevr imkanları daralır- ÖZƏL

"Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun Xarici İşlər Nazirliyinə çağırılması və ona nota təqdim olunması sıradan diplomatik prosedur deyil. Bu, Bakının səbrinin tükəndiyini, Moskvanın isə artıq təkcə siyasi etimadı deyil, hüquqi və mənəvi legitimliyini də sürətlə itirdiyini göstərən çox ciddi siqnaldır. Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu, bundan əvvəl isə şirkətin digər obyektlərinin, eləcə də Azərbaycanın Kiyevdəki səfirliyi və Xarkovdakı fəxri konsulluğunun zərər görməsi artıq təsadüfi epizodlar kimi təqdim oluna bilməz. Bu, təkrarlanan, sistemli və izah tələb edən təhlükəli bir xəttdir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Burada söhbət yalnız bir yanacaqdoldurma məntəqəsinə və ya bir şirkətin maddi ziyanına məruz qalmasından getmir. Məsələ ondan ibarətdir ki, Rusiya ardıcıl şəkildə Azərbaycana məxsus mülki obyektlərin, iqtisadi infrastrukturun və diplomatik nümayəndəliklərin təhlükəsizliyini pozan hərəkətlərə yol verir. Bu isə artıq bir dövlətin digər dövlətin legitim maraqlarına, suveren hüquqlarına və beynəlxalq təminat altında olan diplomatik statusuna qarşı nümayişkaranə sayğısızlıqdır.

Ən ağır və qəbuledilməz məqam isə budur ki, Bakı bu məsələlərlə bağlı Moskvaya bir dəfə yox, dəfələrlə müraciət edib. Azərbaycanın Ukraynadakı diplomatik korpuslarının yerləşdiyi ərazilərlə bağlı rəsmi məlumatlar Rusiya tərəfinə təqdim olunub. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni dəfələrlə açıq şəkildə dilə gətirib, Azərbaycanın diplomatik nümayəndəliklərinə və obyektlərinə təhlükə yaradan halların yolverilməz olduğunu ən yüksək səviyyədə bəyan edib. Təkcə Kiyev və digər tərəfdaş paytaxtlarla deyil, məhz Rusiya rəsmiləri ilə də bu məsələ birbaşa müzakirə olunub, xəbərdarlıqlar edilib, məsuliyyət xatırladılıb. Yəni Moskvanın "bilmirdik", "nəzərə alınmayıb", "təsadüf oldu" kimi bəhanələr üçün heç bir yeri qalmayıb.
Əgər bir dövlətə diplomatik nümayəndəliklərin koordinatları təqdim olunursa, bu barədə rəsmi qaydada xəbərdarlıq edilirsə, prezident səviyyəsində məsələ qaldırılırsa, buna baxmayaraq həmin nümayəndəliklər yenə də zərbə riskinə məruz qalırsa, burada artıq sadə səhlənkarlıqdan danışmaq sadəlövhlük olar. Bu, ya kobud laqeydlikdir, ya da edilən xəbərdarlıqlara baxmayaraq, Azərbaycanın maraqlarının qəsdən nəzərə alınmamasıdır. Hər iki halda məsuliyyət Moskvanın üzərindədir.

Bu hücumlar beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmazlığı beynəlxalq münasibətlərin bünövrə daşlarından biridir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası və konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyası qəbul edən dövlətlərin üzərinə çox aydın öhdəlik qoyur: diplomatik və konsulluq binaları qorunmalı, onların təhlükəsizliyi təmin edilməli, fəaliyyətinə təhlükə yaradan halların qarşısı alınmalıdır. Müharibə şəraiti, gərginlik, hərbi əməliyyatlar zamanı bunların heç biri bu öhdəlikləri ləğv etmir. Əksinə, belə şəraitdə bu öhdəliklərin məsuliyyəti daha da artır. Mülki obyektlərin, enerji infrastrukturunun, diplomatik korpusların hədəfə düşməsi isə beynəlxalq humanitar hüququn ruhuna da, diplomatiyanın elementar qaydalarına da ziddir.

SOCAR obyektlərinə zərbələr də ayrıca diqqət tələb edir. Çünki burada söhbət hərbi obyektdən deyil, kommersiya və mülki təyinatlı infrastrukturdan gedir. Bu obyektlər Azərbaycanın xaricdəki iqtisadi iştirakının bir hissəsidir, ölkənin investisiya nüfuzunu, iqtisadi maraqlarını və vətəndaşlarının təhlükəsizliyini əhatə edir.

Bütün bunlar fonunda Rusiyanın davranışı təkcə Azərbaycana qarşı məsuliyyətsizlik deyil, həm də öz dövlət maraqlarına qarşı siyasi korluqdur. Çünki Moskva hazırkı ağır geosiyasi şəraitdə onsuz da ciddi təcrid, sanksiya, etimad böhranı və reputasiya eroziyası ilə üz-üzədir. Belə bir vaxtda qonşu və tərəfdaş ölkənin diplomatik missiyalarının, iqtisadi obyektlərinin zərbə altına düşməsinə səbəb olmaq və ya buna göz yummaq Rusiya üçün əlavə  problemlərə səbəb olur. Bu, nə qonşuluq, nə də regional əməkdaşlığa deyil, əksinə, Moskvanın siyasi manevr imkanlarını daha da daraldan, ona olan etimadı daha da aşındıran, yaxın tərəfdaşlarla münasibətlərə zərbə vuran xəttdir.

Bakı bu məsələdə kifayət qədər səbirli və məsuliyyətli davranıb. Rəsmi kanallarla xəbərdarlıq edib, hüquqi öhdəlikləri xatırladıb, diplomatik missiyaların koordinatlarını təqdim edib, ən yüksək səviyyədə məsələni qaldırıb. Bütün bunlara baxmayaraq hücumların və təhlükəli insidentlərin davam etməsi artıq Bakının haqlı olaraq daha sərt danışmasına səbəb olur. Çünki burada söhbət yalnız hüquqi prosedurdan yox, dövlətin ləyaqətindən, vətəndaşlarının təhlükəsizliyindən, xaricdəki iqtisadi maraqlarının müdafiəsindən gedir.

Moskva anlamalıdır ki, bu cür davranışı ikitərəfli münasibətlərə deyil, eyni zamanda Rusiyanın beynəlxalq aləmdə onsuz da aşınmış nüfuzuna ciddi zərbə vurur. Bu addım Rusiyanı beynəlxalq hüquqa hörmət etməyən, diplomatik öhdəliklərə laqeyd yanaşan və tərəfdaşlarının maraqlarını saya salmayan aktor kimi daha da ifşa edir.

Bakı tərəfindən səfirin XİN-ə çağırılması və notanın təqdim olunması məhz buna görə prinsipial addımdır. Bu, təkcə etiraz deyil, həm də xəbərdarlıqdır. Azərbaycanın diplomatik nümayəndəliklərinin, vətəndaşlarının və iqtisadi maraqlarının təhlükəsizliyi müzakirə predmeti deyil. Çünki dövlətlərin münasibətində müəyyən qırmızı xətlər var. Diplomatik missiyalara və mülki obyektlərə toxunmaq isə həmin qırmızı xətlərin ən təhlükəlilərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31