Türkiyənin xəzinəsi ABŞ-ni zəngin etdi - Elə bir şey öyrəndilər ki...

ABŞ-nin ən prestijli kənd təsərrüfatı bölgələrindən biri olan Kaliforniya ştatı bu gün milyardlarla dollarlıq əncir sənayesinə ev sahibliyi edir.

Musavat.com xəbər verir ki, lakin Kaliforniyanın ən məşhur məhsullarından hesab edilən "Calimyrna" əncirinin əsasında tamamilə Türkiyədən gətirilən tinglər və Anadolunun əsrlik kənd təsərrüfatı təcrübəsi dayanır. ABŞ bu gün dünya bazarında satdığı əncirləri sözün əsl mənasında Türkiyəni nümunə götürərək istehsal edir.

Hər şey Aydından aparılan tinglərlə başlayıb. Aralıq dənizi iqliminə bənzərliyi ilə tanınan Kaliforniyada kommersiya məqsədli əncir sənayesi qurmaq istəyən amerikalı sahibkarlar dünyanın ən keyfiyyətli əncirlərinin yetişdiyi Aydın bölgəsinə üz tutublar. Türkiyədən xüsusi seçilən və bölgənin ən məşhur qurudulmuş əncir növü olan "Sarılop" əncirinin tingləri gəmilərlə Amerikaya daşındı.

Kaliforniya torpaqlarında sürətlə böyüyən ağaclar amerikalı istehsalçıları böyük problemlə üz-üzə qoyub. Ağaclar meyvə verirdi, lakin meyvələr böyümədən çürüyərək tökülürdü. Sonradan məlum olub ki, Anadolu fermerlərinin əsrlərdir istifadə etdiyi xüsusi üsul olmadan məhsuldarlıq mümkün deyil.

Amerikalı mütəxəssislər Türkiyəyə gələrək "ilekləmə" adlanan sistemi araşdırdılar. Onlar öyrəndilər ki, Sarılop əncirinin yetişməsi üçün bölgəyə məxsus mikroskopik əncir arıcığı tərəfindən tozlanma baş verməlidir. ABŞ-də bu canlı növü olmadığı üçün ağaclar mayalana bilmirdi. Bundan sonra Türkiyədən yalnız tinglər deyil, erkək əncir ağacları və əncir milçəkləri də Amerikaya aparılıb.

Anadolunun bu təbii ekosistem sirri sayəsində Kaliforniyadakı bağlar, nəhayət, məhsul verməyə başlayıb. Amerikalılar daha sonra "California" və "Smyrna" (İzmir) sözlərini birləşdirərək bu məhsula "Calimyrna" adını verdilər.

Türkiyənin Egey bölgəsində olduğu kimi, Kaliforniyada da bu xüsusi əncirlərin yığımı hər il avqust ayında başlayır. Ağacda quruyaraq yerə düşən əncirlər diqqətlə toplanır və qurutma sahələrinə aparılır. Məhsul yığımı sentyabrın sonuna qədər davam edir.

Bu gün ABŞ qlobal əncir bazarında mühüm oyunçulardan biri hesab olunsa da, istehsalın əsasını təşkil edən genetik kodlar, istehsal texnikaları və hətta məhsul yığımı təqvimi tamamilə Türkiyədən ixrac edilən kənd təsərrüfatı mədəniyyətinə əsaslanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31