Pekinin strateji gedişi: Çin İranın neft kartı ilə müharibəni necə dayandırdı? – ÖZƏL

ABŞ mediasının son məlumatlarına görə, İranın atəşkəsə razı olmasında iki gözlənilməz amil həlledici rol oynayıb: Pekinin iqtisadi ultimatuımı və Ceyms Devid Vensin gizli vasitəçiliyi.
Tramp administrasiyasının İranın neft infrastrukturunu məhv etmək təhdidləri fonunda, Çin lideri Si Cinpin Tehranın yeni dini lideri Müctəba Xameneiyə kəskin xəbərdarlıq göndərib. İran neftinin 90%-ni alan Pekin, atəşkəs əldə olunmayacağı təqdirdə "iqtisadi və strateji məhv" ssenarisini işə salaraq neft alışını dayandıracağını bildirib. Bu təzyiq nəticəsində İran Pakistanın təqdim etdiyi atəşkəs təklifini qəbul etmək məcburiyyətində qalıb.

İranın atəşkəsə razılaşması daha çox iqtisadi təzyiqin, yoxsa hərbi risklərin nəticəsidir?

"Bu atəşkəs hər iki tərəf üçün faydalıdır. Çünki tərəflər zaman keçdikcə öz hərbi potensiallarını itirməkdə idilər".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, müharibə ilə bağlı iki əsas ssenari mövcud idi. Birinci ssenariyə görə, əgər İran atəşkəsə razılaşmasaydı, Amerika Birləşmiş Ştatları İranın həyati əhəmiyyət daşıyan infrastrukturuna, xüsusilə elektrik enerjisi istehsal edən stansiyalara və neft sənayesinə zərbələr endirmək niyyətində idi. Bu isə İran üçün son dərəcə dağıdıcı nəticələrə səbəb ola bilərdi. İkinci ssenari isə ondan ibarət idi ki, İran bu şərtlərlə razılaşmaya bilərdi və nəticədə birinci ssenari reallaşardı. Məhz buna görə də İran daha az riskli variantı seçərək atəşkəsə razılıq verdi. Yəni ölkə öz infrastrukturunun, xüsusilə elektrik və neft sektorunun sıradan çıxarılmasının qarşısını almaq üçün bu razılaşmanı qəbul etdi. Beləliklə, iki variantdan nisbətən daha sərfəli olanı həyata keçmiş oldu. Buradan belə nəticə çıxarmaq olar ki, əslində Amerika Birləşmiş Ştatları da İranın enerji və neft sənayesinə genişmiqyaslı zərbələrin son dərəcə təhlükəli nəticələr doğuracağını anlayırdı və bunu reallaşdırmaq istəmirdi. Lakin müəyyən şərtlər daxilində belə bir addım atmaq məcburiyyətində qala bilərdi. Digər tərəfdən, İran da hərbi zərbələrə məruz qalmaq istəmirdi. Nəticədə "vurmaq istəməyən"lə "vurulmaq istəməyən" arasında bir kompromis əldə olundu.

Ekspert qeyd edib ki, bu prosesdə bir çox amillər mühüm rol oynadı. Həm hərbi, həm də iqtisadi faktorlar üst-üstə düşərək hər iki tərəf üçün ciddi təzyiq mühiti formalaşdırdı. Bu səbəbdən də hazırkı mərhələdə nə İran, nə də Amerika Birləşmiş Ştatları bu qarşıdurmanın qalibi və ya məğlubu hesab edilə bilər. Hazırda əldə olunmuş 14 günlük fasilə isə münaqişənin yenidən alovlanıb-alovlanmayacağını və ya sülhə doğru irəliləyib-irəliləməyəcəyini müəyyən edəcək. Ümumi baxdıqda isə mövcud situasiyada iki əsas qalib diqqət çəkir. Bunlardan biri Çindir. Çin üçün münaqişənin dayandırılması olduqca vacib idi. Çünki İranın neft sənayesinə zərbə endirilməsi halında bunun mənfi təsirləri birbaşa Çinə də ötürüləcəkdi. Belə ki, İran neftinin böyük hissəsi məhz Çinə ixrac olunur və bu mənbənin itirilməsi Çin iqtisadiyyatı üçün ciddi sarsıntılara səbəb ola bilərdi. Bu baxımdan rəsmi Pekin İran üzərində diplomatik təzyiqlər göstərərək atəşkəsin əldə olunmasına təsir etdi. Digər qalib isə Pakistan hesab olunur. Pakistan Amerika Birləşmiş Ştatları ilə İran arasında çevik və operativ vasitəçilik missiyası həyata keçirərək tərəflərin atəşkəsə razılaşmasına mühüm töhfə verdi. Bu isə Pakistanın beynəlxalq arenadakı nüfuzunu daha da gücləndirdi. Beləliklə, mövcud vəziyyətdə əsas qazanan tərəflər kimi Çin və Pakistan çıxış edir. Onu da nəzərə almaq lazımdır ki, bu iki ölkə strateji müttəfiqdir və bir çox məsələlərdə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Bu baxımdan, qarşıdakı dövrdə həm Çinin, həm də Pakistanın regional və qlobal proseslərə təsir imkanlarının daha da artacağı gözlənilir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31