Maduro işi niyə uzanır?-devrilmiş prezidenti bu cəza gözləyir...
18:22 DünyaVenesuelanın devrilmiş prezidenti Nikolas Maduro ətrafında yaranan qeyri-müəyyənlik getdikcə daha böyük müəmmaya çevrilir. Əvvəlcə martın 17-nə təyin olunan məhkəmə iclasının 26 mart tarixinə keçirilməsi, indi isə ümumiyyətlə konkret məhkəmə tarixinin açıqlanmaması prosesin nəzarətdən çıxdığına dair sualları artırır.
Məlumdur ki, Maduro ABŞ-da narkoterrorizm və digər ağır ittihamlarla üz-üzədir və günahını qəbul etmir. Lakin məhkəmə prosesinin uzanması və texniki-hüquqi problemlərin ortaya çıxması bu işin sadəcə hüquqi deyil, həm də ciddi siyasi xarakter daşıdığını göstərir.
Maduro işi niyə bu qədər uzanır və qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək? ABŞ məhkəmə sistemində onun taleyi necə həll olunacaq? Devrilmiş prezidentin barəsində bəraət, uzunmüddətli həbs, yoxsa daha sərt ssenarilər gözlənilir?
Rəsmi Karakasda isə artıq yeni siyasi reallıq formalaşır və bu da Maduronun yenidən hakimiyyətə qayıtması ehtimalını xeyli zəiflədir.
Beləliklə, həm hüquqi, həm də geosiyasi baxımdan "Maduro düyünü" getdikcə daha da dolaşıq hal alır. Görünən odur ki, onun gələcək taleyi yalnız məhkəmə qərarından deyil, eyni zamanda böyük güclərin siyasi iradəsindən və beynəlxalq münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.

Beynəxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-da vurğuladı ki, ABŞ 19-cu əsrdən bəri dünya tarixində çoxsaylı dövlət, hakimiyyət çevrilişlərinin açıq və ya qapalı formada təşkilatçısı olub: "Bu müdaxilələr özünə loyal iqtidarların formalaşdırılmasına xidmət edib. Nəzərə alsaq ki, Venesuela ABŞ-ın yanında (coğrafi olaraq) olmasına baxmayaraq Rusiya və Çinlə strateji tərəfdaşlığı gedərək daha da dərinləşdirməkdə və ABŞ-a qarşı çıxmaqda idi. ABŞ buradakı təsir imkanlarını gedərək itirirdi. Beləliklə, Trampın "Make America Great Again" siyasi çağırışı ilə birlikdə Venesuelada baş verən proseslər gözlənilən idi. Maduronun devrilməsi bir sıra aspektlərinə görə tarixi nümunələrlə eynilik təşkil edir. Belə ki, tarixdə ilk dəfə deyil ki, bir ölkənin prezidenti başqa bir dövlətin ərazisində həbsdədir. Məsələn, vaxtilə (1989-da) ABŞ tərəfindən devrilən Panama Prezidenti Manuel Norieqa da 20 il ABŞ-da həbsdə saxlanılmışdı (daha sonra Fransa üzərindən ölkəsinə geri ekstradisiya olunmuş, 2017-də həbsdə ölüb). O da narkotraffikdə ittiham olunurdu.
Hətta onun halı daha ağır ola bilərdi, çünki Panamaya müdaxilə ABŞ ordusunda (20-dən çox), o cümlədən Panama tərəfindən ümumilikdə 1000-dən çox itki ilə nəticələnmişdi. Venesuelaya müdaxilə isə sanki "razılaşdırılmış formada" baş tutdu, nə hərbi, nə də mülki itkilər demək olar ki, olmadı. Həm də, Rusiya və Çinin bu müdaxiləyə sərt reaksiyası olmadı. Burada Rusiyanın hava hücumundan müdafiə sistemləri yerləşdirilməsinə baxmayaraq "çevriliş" hərbi ssenari ilə aparılmadı. Halbuki, Maduro özünü "hərbi məhbus" adlandırır. Məsələn, İraqda Səddam ona görə edam olunmuşdu ki, ona qarşı on illərlə davam edən mübarizə və 2003-dəki hərbi müdaxilədə 100-lərlə ABŞ əsgəri həlak olmuşdu. Proses daha ağrılı olmuşdu, hər iki tərəf üçün. Bütün bu müqayisəli təhlillər onu deməyə əsas verir ki, Maduroya ölüm hökmü verilməsə də, o ömrünü elə həbsdə başa vuracaq. Yumşaldıcı hal kimi Maduronun prezidentliyi dövründə vitse-prezident olan, hazırda keçid hökumətinə rəhbərlik edən Delcy Rodriguezin legitimliyinin ABŞ tərəfindən tanınmasıdır. Hətta bu günlərdə ABŞ Venesuela hökumətinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və buna paralel olaraq Maduro ilk dəfə həbsdə telefon əldə etdi, hətta "X" hesabında paylaşım da etdi. Beləliklə, aydındır ki, Venesuelada inqilabi hökumət artıq inqilab etmir, ABŞ tələblərini qəbul edir, neft və s. resurslarını ABŞ-ın müvafiq şirkətlərinin istifadəsinə və səlahiyyətinə verir və əvəzində "yaşama haqqı" qazanır. Tramp artıq Amerika qitəsində növbəti inqilabi hökuməti hədəf göstərib - Kuba. Belə ki, ABŞ artıq Kubanı enerji blokadasına alıb və hadisələr bu fonda da inkişaf edərək nəticə verə bilər".