ABŞ İran ərazisinə qoşun göndərə bilərmi?
17:44 DünyaABŞ-ın İranla müharibəsinin genişlənməsi ehtimalı Vaşinqtonda və Amerika cəmiyyətində ciddi müzakirələr doğurur.
Musavat.com xəbər verir ki, bu barədə CNN saytında xüsusi yazı dərc olunub.
Məqalədə qeyd olunur ki, 2025-ci ilin iyununda ABŞ İranın nüvə obyektlərinə hava zərbələri endirdikdən dərhal sonra vitse-prezident Cey Di Vens Vaşinqtonun uzunmüddətli müharibədə maraqlı olmadığını və İran ərazisinə quru qoşunlarının göndərilməsinin gündəmdə olmadığını bildirib.
Lakin iki həftədən çox davam edən müharibədən sonra ABŞ administrasiyası artıq bu ehtimalı tam istisna etmir. Prezident Donald Tramp da əvvəllər olduğu kimi bu ideyanı açıq şəkildə rədd etmir və bəzi strateji səbəblər belə bir addımın mümkün variantlardan biri ola biləcəyini göstərir.
CNN ABŞ qoşunlarının İran ərazisinə göndərilməsi müharibənin Trampın əvvəlcədən gözləmədiyi istiqamətdə inkişaf etdiyini göstərər və eyni zamanda prezident üçün ciddi siyasi riskə çevrilə biləcəyini yazıb.
Aparılan rəy sorğuları göstərir ki, amerikalıların böyük əksəriyyəti belə bir addımın əleyhinədir. Müharibənin ilk günlərindən sonra keçirilən sorğulara görə, ABŞ vətəndaşları quru qoşunlarının göndərilməsinə 5-ə 1 nisbətində qarşı çıxırlar.
CNN-in sorğusunda respondentlərin 60 faizi bu ideyaya qarşı, yalnız 12 faizi isə lehinə çıxıb. Quinnipiac Universitetinin sonrakı sorğusunda isə qeydiyyatdan keçmiş seçicilər arasında nisbət 74 faizə qarşı 20 faiz olub.
Hətta Respublikaçılar Partiyasının seçiciləri arasında da bu ideya geniş dəstək qazanmır. CNN sorğusuna görə, respublikaçıların yalnız 27 faizi, Quinnipiac sorğusunda isə 37 faizi İran ərazisinə qoşun göndərilməsini dəstəkləyib.
Bununla belə, ABŞ administrasiyası regiona əlavə hərbi qüvvələr göndərir. Son günlərdə təxminən 2500 dəniz piyadasından ibarət dəniz ekspedisiya bölməsinin Yaxın Şərqə göndərildiyi məlum olub.
ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts isə bildirib ki, bu, 2003-cü ildəki İraq müharibəsi kimi genişmiqyaslı işğal olmayacaq.
Onun sözlərinə görə, ABŞ ordusu prezidentə müxtəlif variantlar təqdim edir və hərbçilər "istənilən qərar üçün hazır vəziyyətdədirlər".
CNN yazır ki, ABŞ qoşunlarının İran ərazisinə göndərilməsi münaqişəni tammiqyaslı müharibəyə çevirə bilər və bu halda amerikalı hərbçilər arasında itkilərin artması ehtimalı da yüksələr.
Bu isə ABŞ cəmiyyətinin böyük hissəsinin artıq dəfələrlə qarşı çıxdığı uzunmüddətli Yaxın Şərq müharibəsi ssenarisini gündəmə gətirə bilər.