Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı

"Azərbaycan və İranın hərbi mütəxəssislərinin iştirakı ilə birgə qrup yaradılıb".

Bunu "Yeni Sabah"a eksklüziv müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Naxçıvana dron hücumunun araşdırılması ilə bağlı suala cavabında bildirib.

O xatırladıb ki, məsələ Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Məsud Pezeşkian səviyyəsində də müzakirə olunub:

"Prezidentlərin telefon danışığında qərara alındı ki, bu məsələ araşdırılsın və aydınlıq gətirilsin", - səfir əlavə edib.

Müctəba Dəmirçilu deyib ki, hadisənin araşdırılması məqsədilə Azərbaycan və İran arasında koordinasiya gücləndirilib və artıq tərəflər arasında geniş informasiya mübadiləsi aparılıb. Onun sözlərinə görə, informasiya mübadiləsi mərhələsindən sonra qrupda təmsil olunan mütəxəssislərin yaxın vaxtlarda birgə müzakirələr keçirməsi planlaşdırılır.

"Hazırda Azərbaycan tərəfində olan informasiya İran tərəfinə, İran tərəfində olan informasiya isə Azərbaycan tərəfinə mübadilə edilib".

Araşdırmanın gedişinə toxunan diplomat yekun nəticənin hələ açıqlanmadığını bildirib:

"Mütəxəssislərin hansı nəticəyə gəldikləri barədə məlumatım yoxdur. Bu iş davam etməlidir ki, qəti nəticəyə gəlin və gələcəkdə belə hadisələrin qarşısı alınsın".

Səfirin fikrincə, Naxçıvana edilmiş dron hücumunda İranın iştirakı olmayıb.

"İran zərbə endirdiyi yerləri açıq şəkildə elan edir. İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi bəyanat yayaraq bildirdi ki, zərbə endirdiyimiz yerləri elan edirik. Elan etmədiyimiz yerlərin hücumu bizimlə bağlı deyil. Çox təəssüf ki, bəzi yerlər şübhəli hücuma məruz qalıb. Bu hücumlar İran tərəfindən olmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31