"Hər gün 140 milyon dollar" – Trampın "göz yumduğu" İran nefti rekord qırır
13:44 Dünyaİran İslam Respublikası, Hörmüz boğazının blokadası və Xarq adasındakı strateji terminallara endirilən sarsıdıcı hava zərbələrinə baxmayaraq, neft ixracından külli miqdarda gəlir əldə etməyə davam edir.
Musavat.com xəbər verir ki, "Financial Times" (FT) qəzetinin "Kpler" və "Vortexa" analitik şirkətlərinin məlumatlarına istinadən yaydığı hesabatda rəsmi Tehranın mart ayında gündəlik 1,5-1,6 milyon barel neft ixrac etdiyi bildirilir. Qlobal bazarda neftin qiymətinin bir barel üçün 100 dolları keçməsi İranın büdcəsinə hər gün təxminən 140 milyon dollar daxil olmasına şərait yaradır.
Hesabatda vurğulanan ən sensasiyalı məqam Donald Tramp administrasiyasının bu ixraca qarşı nümayiş etdirdiyi qeyri-adi dözümlülükdür. Vaşinqton rəsmən İranın neft gəlirlərini sıfıra endirməyi hədəflədiyini bəyan etsə də, hazırda bu tədarüklərə faktiki olaraq "göz yumur". Bunun əsas səbəbi qlobal neft bazarındakı kəskin qıtlıq və qiymətlərin daha da yüksəlməsi qorxusudur.
ABŞ rəsmiləri ehtiyat edirlər ki, İranın neft ixracının tamamilə dayandırılması dünya iqtisadiyyatında inflyasiyanı nəzarətdən çıxara və yanacaq böhranını fəlakətli həddə çatdıra bilər. Martın 14-də Donald Tramp Xarq adasına zərbələr endirildiyini təsdiqləsə də, "insaf naminə" neft infrastrukturunu hədəf almadıqlarını, yalnız hərbi obyektləri "məhv etdiklərini" bildirmişdi. Lakin mütəxəssislər hesab edirlər ki, Xarq adasının 90% ixrac gücü hələ də yerindədir və İran bu "neft xilas yolu" vasitəsilə müharibənin maliyyə yükünü qarşılayır. Çin isə bu neftin 80%-dən çoxunu alaraq Tehranın ən böyük müştərisi və iqtisadi dayağı olmağa davam edir.