İranda hərbi fərarilik kütləviləşir – Orduda şəxsi heyətin 90%-i yoxa çıxıb
10:58 Dünyaİranın hərbi və təhlükəsizlik strukturlarında mənəvi düşkünlük və kütləvi fərarilik halları rekord həddə çatıb.
Musavat.com xəbər verir ki, "Iran International" telekanalının əldə etdiyi kəşfiyyat məlumatlarına görə, ölkənin bir çox hərbi hissələrində nizam-intizam tamamilə pozulub və orduda xidmət edənlər postlarını tərk edərək qaçırlar. Məlumata görə, yalnız bir polis bölməsində 350-dən çox əməkdaş xidmətdən imtina edib, bəzi hərbi hissələrdə isə şəxsi heyətin çatışmazlığı 90%-ə çatıb.
SEPAH yaranmış kəskin kadr qıtlığını aradan qaldırmaq üçün ən radikal üsullara əl atır: təqaüddə olan hərbçilər məcburi şəkildə xidmətə geri çağırılır, həbsxanalardakı məhbuslara isə əməkdaşlıq müqabilində amnistiya vəd olunur.
Vəziyyət İran Hərbi Hava Qüvvələrində (HHQ) daha kritikdir; pilotların böyük bir qisminin döyüş uçuşları həyata keçirməkdən qəti şəkildə imtina etdiyi bildirilir.
Eyni zamanda, bir sıra şəhərlərdə SEPAH obyektlərinə endirilən sarsıdıcı zərbələrdən sonra dinc sakinlərin silah anbarlarına daxil olaraq kütləvi şəkildə silahlandığına dair məlumatlar yayılır. Bu, ölkədə rejimin nəzarətindən çıxan silahlı xaosun və mümkün daxili qarşıdurmanın başlanğıcı kimi qiymətləndirilir.