Hərbi iqtisadiyyatın ömrü qısadır: Ukrayna və Rusiyanı gözləyən real təhlükə – ŞƏRH – ÖZƏL

"Dörd il əvvəl heç kimin ağlına gəlməzdi ki, Rusiya Ukraynaya genişmiqyaslı hücum edəcək. XXI əsrin artıq iyirmi ildən çox vaxt keçmiş bir mərhələsində, Avropanın mərkəzində belə bir müharibənin başlanması çoxlarına inanılmaz görünürdü".

Bu fikirləri Olaylar.az-a Rusiya-Ukrayna müharibəsini şərh edərkən Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib: "Lakin onu da unutmayaq ki, ötən əsrin sonunda NATO Yuqoslaviyaya hərbi müdaxilə etmişdi. Bu paraleli aparanda görürük ki, istənilən dövrdə güclü geosiyasi oyunçular - böyük iqtisadi və hərbi gücə malik dövlətlər - ya koalisiya şəklində, ya da təkbaşına başqa ölkələrə qarşı hərbi əməliyyatlara başlaya bilirlər. Bu baxımdan məsələ təkcə bir ölkənin davranışı ilə məhdudlaşmır, ümumi beynəlxalq sistemin xarakteri ilə bağlıdır. Burada cənab Prezidentin səsləndirdiyi bir fikri də təsdiqləmək istərdim: beynəlxalq hüquq uzun illərdir effektiv işləmir. Son 40-50 ilin təcrübəsi göstərir ki, beynəlxalq münasibətlərdə çox zaman hüquq deyil, güc faktoru həlledici olur. BMT-nin zəifliyi də bunun göstəricisidir. Təhlükəsizlik Şurasının razılığı olmadan belə güclü dövlətlərin hərbi əməliyyatlara başlaya bilməsi beynəlxalq sistemin ciddi böhran yaşadığını ortaya qoyur. Bu, artıq sistemli problemə çevrilib".

"Dörd ildən sonra aydın oldu ki, Rusiya ilkin hədəflərinə nail ola bilmədi. Kiyevin qısa müddətdə ələ keçiriləcəyi ilə bağlı gözləntilər özünü doğrultmadı. Məlum oldu ki, Ukrayna cəmiyyəti müqavimət göstərəcək və dövlət strukturları dağılmayacaq. Rusiya rəhbərliyinə Ukraynanın qısa müddətdə təslim olacağı barədə yanlış məlumatlar verildiyi ehtimal olunur. Lakin proses tam əks istiqamətdə inkişaf etdi. Eyni zamanda qeyd etmək lazımdır ki, Ukraynadakı müharibə faktiki olaraq yalnız Rusiya-Ukrayna qarşıdurması deyil. Ukraynanın arxasında NATO üzvü olan ölkələr başda olmaqla 40-dan çox dövlət müxtəlif formalarda - maliyyə, iqtisadi və hərbi dəstək göstərir. Bu baxımdan Rusiya faktiki olaraq daha geniş bir koalisiyanın dəstəklədiyi Ukrayna ilə üz-üzədir. Bu reallıq müharibənin miqyasını və nəticələrini daha da ağırlaşdırır. Ən ağır itkilər isə insan itkiləridir. Rusiya tərəfdən həlak olanların dəqiq sayı açıqlanmasa da, yüz minlərlə insanın öldüyü və yaralandığı ehtimal edilir. Yaralananların böyük hissəsi ömürlük əlil qalır - əlini, qolunu itirənlər, ciddi fiziki və psixoloji travma alanlar var. Bu, müharibənin ən dəhşətli nəticəsidir. İnsan tələfatı heç bir siyasi və ya geosiyasi məqsədlə müqayisə oluna bilməz", - deyə ekspert əlavə edib.

Professor qeyd edib ki, iqtisadi baxımdan da vəziyyət mürəkkəbdir. Rusiya son iki ildə hərbi sənayeni genişləndirməklə müəyyən iqtisadi artım nümayiş etdirdi. Hətta bəzi dövrlərdə nominal artım göstəriciləri qeydə alındı. Lakin iqtisadiyyatı tam şəkildə hərbi relslərə keçirmək uzunmüddətli perspektivdə dayanıqlı model deyil. Tarixi və iqtisadi təcrübə göstərir ki, hərbiləşdirilmiş iqtisadiyyat maksimum bir neçə il davam gətirə bilir. Sonra isə struktur problemlər, sosial böhran və real sektorun zəifləməsi qaçılmaz olur. Dövlət büdcəsinin təxminən yarısının müharibəyə yönəldilməsi sosial layihələrin, infrastruktur proqramlarının və əhalinin rifahına hesablanmış xərclərin azalmasına səbəb olur. İnflyasiya artır, real gəlirlər aşağı düşür. Nominal artım olsa belə, real iqtisadi artımın sıfıra yaxınlaşdığı müşahidə edilir. Orta sinif ən çox zərər çəkən təbəqəyə çevrilir. Bu müharibə təkcə Rusiya və Ukraynaya deyil, bütövlükdə dünyaya mənfi təsir göstərib. Avropada pandemiyadan sonra iqtisadiyyat yeni bərpa olunmağa başlamışdı ki, müharibə nəticəsində qida məhsullarının qiymətləri ciddi şəkildə artdı. Son illərdə ərzaq inflyasiyası əhəmiyyətli səviyyəyə yüksəlib. Logistika və nəqliyyat xərcləri artıb, təchizat zəncirləri pozulub. Rusiya və Ukrayna qlobal taxıl ixracında mühüm paya malik idilər. Müharibə bu tədarük sistemini sarsıtdı. Ukraynada kənd təsərrüfatı sahələrinin böyük hissəsi ya işğal altında qaldı, ya da hərbi əməliyyatlar nəticəsində yararsız hala düşdü. Məhsuldarlıq kəskin azaldı. Torpaqların bir hissəsi minalanıb və ya ekoloji baxımdan zərər görüb. Bu torpaqların bərpası onilliklər tələb edə bilər. Ukraynanın özündə iqtisadi göstəricilər dramatik şəkildə pisləşib. ÜDM kəskin azalıb, enerji infrastrukturunun böyük hissəsi dağıdılıb. Milyonlarla insan ölkəni tərk edib. Əhalinin sayı müharibədən əvvəlki səviyyə ilə müqayisədə xeyli azalıb. Qaçqın problemi həm Ukrayna, həm də Avropa üçün uzunmüddətli sosial-iqtisadi çağırışa çevrilib.

Professorun sözlərinə görə, müharibə şəraitində silah sənayesi və hərbi sənaye kompleksi böyük gəlirlər əldə edir. Silah istehsal edən şirkətlər üçün sifarişlər artıb və dövlət büdcələri hesabına maliyyələşmə təmin olunur. Lakin ümumi mənzərədə xalqlar itirir, sosial rifah aşağı düşür, inflyasiya yüksəlir və iqtisadi qeyri-sabitlik artır. Reallıq ondan ibarətdir ki, bu müharibədə tam hərbi üstünlük nə Rusiyadadır, nə də Ukraynada. Mövcud formatda davam edən qarşıdurmanın qalibinin olacağı inandırıcı görünmür. Müharibənin uzanması yalnız itkiləri artırır - insan, iqtisadi və sosial itkiləri.
Problemin həlli yalnız diplomatik danışıqlar yolu ilə mümkündür. Tərəflər bir-biri ilə dil tapmalı, beynəlxalq vasitəçilər prosesə zəmanət mexanizmləri ilə qoşulmalı və uzunmüddətli təhlükəsizlik arxitekturası formalaşdırılmalıdır. Əks halda, davam edən hərbiləşmə həm region, həm də qlobal sistem üçün daha ağır nəticələr doğura bilər.
Bu münaqişənin həlli ancaq diplomatiya yolu ilə mümkündür və gələcəkdə oxşar müharibələrin qarşısının alınması üçün beynəlxalq mexanizmlərin gücləndirilməsi zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31