Qüdsdə mühüm görüş: Netanyahu “qırmızı xətlər”i dedi – Əraqçını nə gözləyir?

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun İsrailə səfəri, Qüdsdə baş nazir Benyamin Netanyahu ilə görüşü mövcud geosiyasi gərginlik fonunda diqqət çəkib.

Məlumata görə, görüşün əsas mövzuları Qəzza zolağında nizamlanma prosesi və İran ətrafında yaranmış vəziyyət olub. Həmçinin Stiv Uitkoffun növbəti görüşünün İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçiriləcəyi bildirilir.

Uitkoffun Netanyahu və İsrailin təhlükəsizlik qurumlarının rəhbərləri ilə görüşü regiondakı gərginliyə, mövcud proseslərə necə təsir göstərəcək? Bu təmaslar mümkün müharibə öncəsi məsləhətləşmə xarakteri daşıyır?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Netanyahu ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında Qüdsdə baş tutan görüşdə qeyri-adi heç nə yoxdur:

"Belə bir görüşün keçirilməsi gözlənilən idi. İran ətrafında yaranmış gərginlik fonunda tərəflərin danışıqlar masasına cəlb edilməsi istiqamətində ciddi işlər aparılır. Bu görüş də məhz İranla mümkün danışıqlara hazırlıq məqsədi daşıyır.

İndiki mərhələdə İsrailin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Təl-Əvivin şərtləri və tələbləri diqqətlə öyrənilir. Xüsusilə İsrail üçün "qırmızı xətlərin" nədən ibarət olduğu danışıqlar öncəsi dəqiqləşdirilməlidir. Əgər Təl-Əvivlə aparılan bu məsləhətləşmələr uğurlu olarsa, növbəti mərhələdə koordinasiya davam edəcək. Lakin hələlik bu barədə danışmaq tezdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31