Rusiya ordusunun canlı qüvvəsi tükənir – Putin səfərbərliyə gedəcək?

"Bloomberg" agentliyi Avropa hökumətlərinin qiymətləndirmələrinə istinadla məlumat yayıb ki, son həftələr Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı kəskin şəkildə artıb və bu dinamika Kremlin itkiləri genişmiqyaslı səfərbərlik olmadan kompensasiya etməsini çətinləşdirə bilər. Təkcə dekabr ayında Rusiya ordusunun itkiləri təxminən 35 min nəfər təşkil edib. Ukrayna tərəfi bu artımı əsasən döyüş meydanında pilotsuz uçuş aparatlarının daha effektiv və sistemli şəkildə tətbiqi ilə izah edir.

Analitiklərə görə, bu vəziyyət Kremlin qarşısında ciddi seçim yaradır: ya itkiləri kompensasiya etmək üçün yeni səfərbərlik dalğasına getmək, ya da cəbhə xəttində əməliyyat intensivliyini azaltmaq. Hər iki ssenari isə daxili siyasi və sosial risklər daşıyır. Avropa paytaxtlarında hesab edirlər ki, insan resursları baxımından artan təzyiq Moskvanın həm hərbi, həm də diplomatik manevr imkanlarını məhdudlaşdırır.

Belə vəziyyətdə Putin səfərbərliyə gedərmi?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Moskva üçün bu sual artıq "gedərmi?" yox, "necə və nə vaxt?" mərhələsinə yaxınlaşıb, müharibə uzanacaqsa hərbi səfərbərlik qərarı verilməsi qaçılmazdır:

"Səfərbərlik ehtimalı yüksəlir. Ona görə ki, canlı itkilərin tempi hər ay artır. Təkcə dekabrda 35 min nəfərin müharibədə həlak olması Rusiya üçün ciddi rəqəmdir. Artıq könüllülər və müqaviləli əsgərlər də itkilər nəticəsində yaranan boşluğu tam doldurmur. Cəbhəni genişləndirmək də bir tərəfdən Rusiyanın işini çətinləşdirir. Çünki bu qədər genişlənmiş cəbhədə mövqeləri saxlamaq üçün canlı qüvvə lazımdır. Bundan başqa müharibədə məlumdur ki, hücumda olan tərəf daha çox canlı itkiyə məruz qalır. Rusiyanın hücum əməliyyatları hərbçilərinin kütləvi itkisini daha da böyüdüb".

Ekspertin sözlərinə görə, rus ordusunun bu cür ağır vəziyyətlə üz-üzə qalmasına baxmayaraq Putinin hələ də səfərbərlik məsələsində tərəddüd etməsinin səbəbləri var:

"Bu qərarın xalqda böyük narazılıq yaradacağı şübhəsizdir. Putinin hələ ki, səfərbərlik qərarı imzalaması ilk növbədə buna görədir. 2022-ci ilin qismən səfərbərliyi cəmiyyətdə şok və narazılıq yaratmışdı. 4 ildən və "qalib Rusiyadır" bəyanatlarnı mütəmadi yedirtdikdən sonra tam səfərbərlik qərarının verilməsi hakimiyyətə qarşı narazılığı genişləndirə və xalqda, hakimiyyətin içində "demək Ukrayna qarşısında aciz və məğlub duruma düşmüşük" rəyini formalaşdıra bilər. Tam səfərbərlik ölkədə bütün sahələrə təsirini göstərəcək. Bu ehtimalın yüksək olması da Putini çəkindirir. Ona görə də hələ ki, rəsmi elan olunmamış "Gizli səfərbərlik" taktikasını davam etdirirlər. Müqaviləli əsgərlərə maddi stimulların artırılması, regionlar üzərindən səssiz kontingent toplama, həbsxanalardan hərbiyə canlı resurs cəlbi kimi addımlar atılır. Ancaq bu cür addımlar da bir yerə qədər vəziyyəti idarə edə bilər. Bu imkanlar da tükənəcək və tam səfərbərlik qərarı verməkdən başqa çıxış yolu qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31