Xomeyni ilə bağlı inanılmaz detal: İran rəhbərliyinə iki namizəd göstərildi

Məlum olduğu kimi İranda etiraz aksiyaları davam edir və bir neçə şəhərdə nümayişlər xüsusi ilə şiddətlənib. Etirazçılar əsasən iqtisadi vəziyyət, sosial bərabərsizlik və hökumətin siyasətinə etirazlarını bildirirlər. Təhlükəsizlik qüvvələrinin aksiyalara reaksiyası gərginliyi artırır və nəticədə silahlı qarşıdurmalar yaşanır.

Etirazların arxasında hansı qüvvələr dayanır? Bu, sadəcə xalq narazılığıdır, yoxsa müəyyən təşkilatlar və ya ideoloji qruplar prosesi yönləndirir? Ehtimal dəyişiklikdə hansı siyasi qüvvə hakimiyyətə gələ bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, dünya tarixini resurslar və onlara nəzarət uğrunda daimi mübarizə tarixi adlandırmaq olar:

"Əgər bu resurslar 1991-ci ildən sonra formalaşan dünya nizamının aparıcı qüvvəsi olan ABŞ-a loyal (yaxud qismən loyal/neytral) hakimiyyətlərin nəzarətindədirsə, o zaman həmin hakimiyyətlərin davamlılığı, hətta monarxiya və ya teokratiya olsa belə, Qərb üçün təhdid doğurmur. Əks təqdirdə, hakimiyyətin devrilməsi üçün Qərb tərəfindən hər cür "rəngli" ideyalar meydana çıxarılır.

İranın öz imkanlarından istifadə etməsi onun nəinki regionda, həmçinin dünyada söz sahibi olması mənasına gələr. Lakin, buna qlobal güclər şərait yaratmaq niyyətində deyillər. Odur ki, zaman-zaman İran inqilablarla, çevrilişlərlə, parçalanma və bölünmələrlə nəzarət altında saxlanıb.

İranın uran zənginləşdirməsi və nüvə proqramı 1979-cu il inqilabından sonra Qərbi daima narahat edib. 2015-ci ildə əldə olunan nüvə sazişi Tehrana verilən ikinci şans idi. Lakin ölkənin ali dini və siyasi rəhbərliyi bu şansı düzgün dəyərləndirmədi. İranın nüvə silahına sahib olmaq uğrunda davamlı çalışmaları, həmçinin Qərbin Yaxın Şərq regionunda dizayn etməyə çalışdığı geosiyasi konfiqurasiyaya öz "şiə müqavimət oxu" vasitəsilə mane olmağa çalışması - bütün bunlar hazırki rejiminin sonunu gətirən amillərdir".

Ekspert hesab edir ki, Qərb hazırda İrandan sadəcə uran zənginləşdirmə proqramını deyil, o cümlədən uzaq mənzilli raketlərin istehsalını və radikal qruplara dəstəyini sonlandırmağı tələb edir:

"Təbii ki, İran hakimiyyəti bu tələblərə öz maraqlarından çıxış edərək sərt cavab verir. ABŞ öncə SEPAH-ın Qüds komandanı Qasım Süleymanini öldürəndə İrana ilkin mesaj ötürdü. Ötən ilin iyununda baş tutan 12 günlük müharibə növbəti çağırış idi. Lakin İran hakimiyyəti mövqeyini dəyişmək niyyətində deyil. Odur ki, növbəti müharibə qaçınılmaz görünür. Bununla yanaşı, İranı içdən parçalamağa, cəmiyyəti hərəkətə gətirməyə də çalışırlar.

"Rəngli" ideyalar İranda ilk dəfə 2000-ci illərdə cücərməyə başladı. Yaşıl rəng mahiyyətcə İslamı simvolizə etsə də, İranda 2009-dakı "yaşıl hərəkat" 1979-cu il inqilabının ideyalarını rədd edir, ölkəyə yeni reformist idarəçiliyin gətirilməsini özündə ehtiva edirdi. Bu hərəkatın rəhbərləri, o cümlədən keçmiş baş nazir Mir Hüseyn Musəvi daha sonra həbs olundu. 2025-ci ilin fevralında İranın bir sıra iri şəhərlərində, o cümlədən paytaxt Tehranda yaşanan "yaşıl ümid yolu" etirazları Musəvinin ideyaları ilə əlaqələndirənlər də olmuşdu. Beləliklə, İran daxilində və xaricində (keçmiş Pəhləvi, Qacarlar və digər qruplarla bağlantılı, lakin hazırki İran rejiminə qarşı olan) müxalifət qüvvələrinin konsolidasiyası və onların ölkədə rejim dəyişikliyi prosesinə daxil edilməsi Qərbin uzun müddətli plan-proqramının tərkib hissəsi adlandırmaq olar.

Lakin İran hakimiyyəti sosial-iqtisadi problemlər fonunda ayağa qalxan, xarici qüvvələrin də təşviqi ilə alovlandırılan etirazçılara qarşı nə qədər sərt davransa da, rejim dəyişikliyi baş tutmur. 2022-23-cü illərdəki etirazlarda da yüzlərlə adam öldürülmüşdü, hazırda bir-neçə gündə artıq 35 insan həlak olub. Lakin yenə də nəticə yoxdur, çünki etirazlar spontandır, vahid idarəetməsi və lideri, o cümlədən aydın tələbləri yoxdur".

Ş. Cəlilzadənin sözlərinə görə xarici qüvvələrin müəyyən lider namizədləri var:

"Məsələn, Pəhləvilərin varisi, hazırda İsraildə olan Rza Pəhləvi, yaxud Qacarların varisi, hazırda Avropada olan Məryəm Rajavi. Rajavi İran Milli Müqavimət Şurasının rəhbəridir. Şuranın digər rəhbərləri 1981-ci ildən Fransada sürgündə yaşayan İranın ilk prezidenti Banisadr və xanım Rajavinin həyat yoldaşı, 2003-də İraq əməliyyatı başlayandan itkin sayılan Masud Rajavidir. Onun xeyrinə dəyişiklik baş tutarsa, İranın Ərəb dünyası və Qərblə münasibətlərində köklü dəyişikliklər olacaq. Belə ki, o, 2023-də İran İnqilabçıları ilə Ərəb-İslam həmrəyliyi komitəsinin 27 yanvar tarixli Brüssel konfransında əsas spiker qismində dəvət olunmuşdu. Eyni zamanda SEPAH-ın terror təşkilatı kimi tanınmasına dair kampaniya da aparır. Lakin nə Pəhləvi, nə də Rajavi İranda xalqın dəstəyinə sahib deyil.

Pəhləvilər dövrü İran üçün müstəmləkəçiliyin bərpasını yada salır. Qacarların nümayəndəsi isə 1980-88-ci illərin İraq-İran müharibəsində məhz dini rejimə küdurətlərindən Səddam Hüseyni dəstəklədikləri üçün İranda nifrətlə anılır. Beləliklə, bu şəxslər Qərbin İran üçün namizədləri ola bilərlər. Lakin, İslam respublikasının qurucusu Ruhullah Xomeyni özü də Fransa təyyarəsindən düşərək Tehrana gəlməmişdimi?! İstənilən halda İranda böyük çevrilişlərin baş tutmasında da, yatırılmasında da hər zaman xarici güclərin əli olub. Bu dəfə də istisna deyil. Lakin bunun baş tutması üçün xalqın dəstəyi hər zaman həlledici hesab edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31