Alman iqtisadçılar: Aİ Ukraynaya ayrılan 90 milyard avroluq krediti geri ala bilməyəcək- ÖZƏL
13:06 DünyaAvropa İttifaqı Ukrayna üçün planlaşdırılan 90 milyard avroluq krediti heç bir ssenaridə geri ala bilməyəcək. Bu fikri Almaniyanın aparıcı iqtisadçıları səsləndirib. Olaylar.az xəbər verir ki, Die Welt qəzetinin ekspertlərə istinadən yaydığı məlumata görə, sözügedən vəsaitin qaytarılması real görünmür.
İfo İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Klemens Füst bildirib ki, Ukraynanın gələcəkdə bu krediti ödəməsinə ümid etmək düzgün deyil. Onun sözlərinə görə, kreditin orta müddətli dövrdə xidmət xərcləri Aİ büdcəsinin digər maddələri üzrə ixtisarlar hesabına qarşılanmalı olacaq. Füst qeyd edib ki, Avropada prioritetlər dəyişib və bu dəyişiklik Aİ büdcəsində də əksini tapmalıdır.
Mannheymdə yerləşən Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Fridrix Hayneman da oxşar mövqe sərgiləyib. O bildirib ki, istənilən ssenaridə Ukrayna üçün ayrılan kreditin geri qaytarılacağına ümid etmək çətindir.
Qeyd edək ki, bu həftə keçirilən Aİ sammitində Rusiyanın dondurulmuş aktivlərinin "reparasiya krediti" adı altında müsadirə olunması məsələsi üzrə razılıq əldə olunmayıb. Nəticədə Aİ ölkələri Ukraynaya kollektiv borclanma mexanizmi vasitəsilə 90 milyard avro həcmində faizsiz kredit ayrılması barədə qərar qəbul ediblər.