Tramp Avropa İttifaqını Çin və Hindistana qarşı ÇAĞIRDI
10:15 DünyaABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya təzyiqi gücləndirmək məqsədilə Avropa İttifaqını Çin və Hindistana qarşı tarifləri 100 faiz artırmağa çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" adı açıqlanmayan üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp təklifini Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə etmək üçün Vaşinqtonda toplaşan ABŞ və Avropa İttifaqının yüksək rütbəli rəsmiləri arasında keçirilən görüşə uzaqdan qatılarkən irəli sürüb.
Ehtimal olunur ki, Aİ bu cür hərəkətlərə hazır olsa, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər. Qəzetin ABŞ administrasiyasındakı həmsöhbəti deyib: "Biz indi hərəkət etməyə hazırıq, hərəkətə keçməyə hazırıq, lakin biz bunu yalnız o halda edəcəyik ki, digər avropalı tərəfdaşlar bizimlə birgə tədbirləri gücləndirsinlər". Digər amerikalı məmur qəzetə bildirib ki, Brüssel belə bir addımla razılaşarsa, ABŞ Çin və Hindistana Aİ kimi yüksək rüsumlar tətbiq etməyə hazırdır.
Bundan əvvəl "Financial Times" xəbər vermişdi ki, Aİ Rusiya neft və qazının alınmasına görə Çin və üçüncü ölkələrə qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə edir. Məqalədə deyilir ki, Aİ rəsmiləri və diplomatları bu cür məhdudiyyətlərin yeni sanksiyalar paketinə daxil edilməsi ilə bağlı danışıqlara sentyabrın 7-də başlayıblar. Qəzetə üç mənbə bildirib ki, ilkin müzakirələr zamanı Çinə qarşı mümkün ikinci dərəcəli sanksiyalar məsələsi dəfələrlə qaldırılıb.