Polşa-Belarus münasibətlərində yeni gərginlik : Sərhədlər bağlandı
04:36 DünyaPolşa hakimiyyəti xüsusi xidmət orqanları tərəfindən "Belarus agenti"nin saxlanması fonunda bir belarus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumatı Polşanın Baş naziri Donald Tusk X hesabında açıqlayıb: "Belarus xüsusi xidmət orqanlarının ölkəmizə qarşı aqressiv hərəkətlərini dəstəkləyən Belarus diplomatı da Polşadan qovulacaq".
Polşanın baş naziri həmçinin sentyabrın 8-də Daxili Təhlükəsizlik Agentliyi (Polşa xüsusi xidməti) tərəfindən "Belarus agentinin" saxlanılması barədə məlumat verib.
Bundan əlavə, Polşa Belarusla sərhədində hərəkəti dayandırıb. Varşava bunun müvəqqəti addım olduğunu açıqlayıb.
Qeyd edək ki, ölkələr arasında münasibətlər sentyabrın 4-də Belarus mətbuatının Polşa vətəndaşı Qrzeqorz Havelin Vitebsk vilayətinin Lepel şəhərində Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılması barədə məlumatından sonra gərginləşib. Belarus Polşa vətəndaşından guya "Zapad-2025" təlimləri ilə bağlı məxfi statuslu sənəd tapıldığına görə onun casusluqda ittiham olunduğunu açıqlayıb. Polşanın xarici işlər naziri Radoslav Sikorski buna qarşılıq olaraq deyib ki, Varşava Minskin hərəkətlərini cavabsız qoymayacaq.
Rəsmi Minsk Polşa hakimiyyətinin belarus diplomatını ölkədən çıxarmaq barədə qərarını pisləyib. Belarus Xarici İşlər Nazirliyi Polşanın sərhədi bağlamaq qərarı ilə əlaqədar Varşavanın Minskdəki müvəqqəti işlər vəkilinə şifahi etiraz edib.
Onu da bildirək ki, sentyabrın 8-də Çexiya ölkədəki Belarus səfirliyinin diplomatını casusluq ittihamı ilə ölkədən çıxarıb. Çexiya XİN Şərqi Avropa ölkələrində Belarusun bütöv casus şəbəkəsinin aşkarlanaraq zərərsizləşdirildiyini açıqlayıb.