“Bu tarixdə Yerə xeyli şər qüvvə daxil olur” – Astroloqlar xəbərdarlıq etdi

7 sentyabrda baş verən tam Ay tutulması dünya miqyasında böyük maraqla izləndi. Təxminən 7 milyard insan, o cümlədən Azərbaycan əhalisi bu nadir təbiət hadisəsini müşahidə etmək imkanı əldə etdi. Maraqlıdır ki, hadisə ölkəmizdə xüsusi diqqətə səbəb oldu: küçələrə çıxan, Ay tutulmasını telefonları ilə qeydə alan insanların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Belə geniş marağın səbəbi nədir? Ay tutulmasının insanlara mistik, yoxsa fiziki-psixoloji təsirləri varmı?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan astroloq Firudin Qurbansoyun sözlərinə görə, Ay tutulması zamanı Yerə çoxlu sayda şər qüvvələrin daxil olması ilə bağlı qədim inanclar mövcuddur.

Onun dediklərinə görə, keçmişdə belə hadisələr zamanı insanlar qorxuya qapılır, müxtəlif üsullarla özlərini və yaxınlarını qorumağa çalışırdılar:

"Əvvəllər Günəş və Ay tutulmaları zamanı səs-küy salır, mis qab-qacağı bir-birinə vururdular. Bu inanca görə, sanki şər qüvvələrə qarşı mübarizə aparırdılar. "Molla Nəsrəddin" jurnalında və digər satirik nəşrlərdə bu cür inanclar tənqid olunub, insanlara avam damğası vurulub. Amma mən demirəm ki, o dövrün insanları ağıllı, ya da avam idilər. Sadəcə olaraq, bu inamlar var və onlara hörmətlə yanaşmaq lazımdır. İnam və əqidəyə toxunmaq düzgün deyil".

Firudin Qurbansoy hesab edir ki, Ay və Günəş tutulmaları zamanı bəzi insanlarda fiziki və psixoloji təsirlər də müşahidə oluna bilər:

"Həssas insanlarda baş ağrıları, ürək bulanması, təzyiqin qalxıb-enməsi, halsızlıq və digər əlamətlər meydana çıxa bilər. Ürək və təzyiq xəstələri bu dövrlərdə daha diqqətli olmalıdırlar. Belə vaxtlarda dualar oxumaq, su içmək, özünü sakit saxlamaq tövsiyə olunur".

"Bu tarixdə Yerə xeyli şər qüvvə daxil olur" - Astroloqlar xəbərdarlıq etdi

Firudin Qurbansoy

Astroloqun fikrincə, bu hadisələrin təbiətdə və cəmiyyətdə də müəyyən təsirləri ola bilər:

"Ay və Günəş tutulmaları təxminən 15 gün fərqlə baş verir. İslam kosmoqoniyasında bu mövzu ilə bağlı elmi və dini mənbələrdə kifayət qədər məlumat mövcuddur. Tarix boyu bu cür təbiət hadisələri müəyyən bölgələrdə siyasi və sosial gərginliklərlə də üst-üstə düşüb".

Firudin Qurbansoy Ayın "qırmızı" görünməsi məsələsinə də aydınlıq gətirib:

"Ayın tünd qırmızı və ya qəhvəyi rəngdə görünməsi onun Günəş işığını yer atmosferi vasitəsilə alması ilə bağlıdır. Ağ işıq spektrlərə ayrıldıqda ilk görünən rəng qırmızı olur. Bakı şəraitində hava buludlu olduğu üçün tutulmanın yalnız bir hissəsi aydın müşahidə olundu".

F.Qurbansoy son olaraq 15 gün sonra baş verəcək Günəş tutulmasının da maraqla qarşılanacağının gözlənildiyini bildirib:

"Bu hadisə tam tutulma olmasa da, həssas insanlar üçün müəyyən təsirləri mümkündür".

Astroloq Səbuhi Rəhimli isə bildirib ki, Ay və Günəş tutulmaları dünyanın hər yerində maraqla izlənilir və bu, yalnız azərbaycanlılara xas deyil:

"Tutulmalar dünyanın harasında görünürsə, insanlar maraqla baxırlar. Azərbaycanda uzun müddət tam tutulma müşahidə olunmayıb. Sentyabrın 7-də isə hadisə tam görünüşlü oldu. Ona görə də insanlar daha çox maraq göstərdi".

"Bu tarixdə Yerə xeyli şər qüvvə daxil olur" - Astroloqlar xəbərdarlıq etdi

Səbuhi Rəhimli

Astroloq qeyd edib ki, tutulmaların insanlara birbaşa təsir etdiyi elmi sübutlarla təsdiqlənməyib:

"Ayın tutulması, Günəşin tutulması - bunların xüsusi bir təsir mexanizmi yoxdur. Əgər təsirdən danışırıqsa, bu, daha çox Günəş tutulmalarında ola bilər. Ay bədirlənəndə, yəni dolunay zamanı insanların emosional və psixoloji vəziyyətində dəyişikliklər müşahidə oluna bilər. Amma tutulma zamanı Ayın işığı kəsildiyinə görə həmin "Bədr təsiri" də olmur. Bu da birbaşa və ciddi təsir sayıla bilməz".

Səbuhi Rəhimli onu da vurğulayıb ki, bu cür hadisələr daha çox mistikləşdirilir:

"Bunu daha çox mistikləşdirirlər. Elə bilirsiniz ki, böyük bir şey olacaq. Halbuki bu, sadəcə gözəl və nadir təbiət hadisəsidir. Dünyanın hər yerində insanlar çəkib paylaşırlar. Ermənistanda, Gürcüstanda, Türkiyədə, hətta Saxalində belə".

O, növbəti tutulma barədə də danışıb:

"Sentyabrın 21-də Günəş tutulması olacaq, amma bu, bizim regionda müşahidə olunmayacaq. Tutulma Latın Amerikası, Cənubi Amerika, Şimali Amerika və Avstraliya istiqamətində baş verəcək. Azərbaycanda isə növbəti qismən Ay tutulması yalnız 2033-cü ildə müşahidə oluna bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31