Nepalda sosial şəbəkələrə qoyulan qadağa ləğv olunub – ÖZƏL

Nepal hökuməti ölkədə sosial şəbəkələrin fəaliyyətinə qoyulan qadağanı ləğv edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Reuters-ə rabitə və informasiya texnologiyaları naziri Pritxvi Subba Gurung məlumat verib. O bildirib ki, artıq sosial şəbəkələr tam işlək vəziyyətdədir.

Baş nazir Xadqa Prasad Şarma Oli etirazlar zamanı baş verən zorakılıqlara görə təəssüfünü ifadə edərək, hadisələrin "xarici təsirlərin nəticəsi" olduğunu vurğulayıb. O, həmçinin hökumətin həlak olanların ailələrinə kompensasiya ödəyəcəyini, yaralananlara isə pulsuz müalicə təqdim edəcəyini açıqlayıb. Baş nazirin sözlərinə görə, xüsusi istintaq komissiyası yaradılacaq və 15 gün ərzində etirazların səbəblərini araşdıraraq, zərərləri qiymətləndirəcək və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün təkliflər irəli sürəcək.

Xatırladaq ki, Nepalda bir sıra məşhur sosial şəbəkələr və onlayn platformaların fəaliyyəti sentyabrın əvvəlində dayandırılmışdı. Buna səbəb şirkətlərin 28 avqust 2025-ci ildən sonra yeddi gün ərzində rəsmi qeydiyyat üçün müraciət etməməsi olmuşdu. Qadağadan sonra böyük şəhərlərdə kütləvi etiraz aksiyaları baş verdi.

Katmanduda parlament binası önündə keçirilən "Z nəsli inqilabı" adlı aksiyada etirazçılarla polis arasında toqquşmalar nəticəsində təxminən 19 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb. Bu fonunda Rusiya səfirliyi vətəndaşlarına paytaxt küçələrinə çıxmamağı tövsiyə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31