ABŞ Çin elektronika laboratoriyalarının lisenziyalarını geri alır - ÖZƏL

ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) Çin Xalq Respublikasında fəaliyyət göstərən və ABŞ bazarına çıxarılacaq elektron cihazları sınaqdan keçirən laboratoriyaların lisenziyalarını geri almağa başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi FCC-yə istinadla məlumat yayıb.  2025-ci ilin mayında FCC milli təhlükəsizlik riskləri daşıyan şirkətlərə lisenziyaların verilməməsinə imkan yaradan normativ bazanı qəbul etmişdi. Komissiya qərar verib ki, azı yeddi Çin laboratoriyasının lisenziyası geri alınsın. Səbəb kimi bu laboratoriyaların Çin hökuməti və təhlükəsizlik orqanları ilə əlaqələrinin olduğu göstərilib. FCC sədri Brendan Carr bildirib: "Rəqib ölkələrin hökumətləri ABŞ bazarına çıxarılacaq cihazların təhlükəsizliyini təsdiqləyən laboratoriyalara sahib olmamalı və onları nəzarətdə saxlamamalıdır." Məlumata görə, ABŞ-ə idxal olunan elektronikanın hamısı mütləq sertifikatlaşdırılmalıdır və bu cihazların təxminən 75%-i Çin laboratoriyalarında sınaqdan keçirilir.
Vaşinqtondakı Çin səfirliyi ABŞ-nin bu addımını sərt tənqid edərək bildirib ki, ABŞ "milli təhlükəsizlik anlayışını həddən artıq genişləndirir və dövlət mexanizmi vasitəsilə Çin şirkətlərinə təzyiq göstərir." May ayında Financial Times ABŞ administrasiyasının dünya şirkətlərinə Çin istehsalı olan Huawei süni intellekt (Sİ) çiplərindən imtina etməyi tövsiyə etdiyini yazmışdı. Daha sonra Bloomberg agentliyi xəbər verib ki, ABŞ texnologiya sektoruna qarşı ticarət məhdudiyyətlərini gücləndirməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31