Lavrov: Ermənistan–Azərbaycan razılaşmasının necə işləyəcəyini görmək lazımdır – ÖZƏL

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında ABŞ-də əldə edilən razılaşmaya münasibət bildirib. Onun sözlərinə görə, hər iki ölkənin razılaşma əldə etməsi onların suveren hüququdur, lakin sənədin real nəticələrinin necə olacağına baxmaq vacibdir.

"İlk günlərdə çoxsaylı təriflər səsləndi, lakin sənəd dərc olunandan sonra şübhəli yanaşmalar ortaya çıxdı. Məlum oldu ki, orada hələ bütün məsələlər razılaşdırılmayıb", - Lavrov MGİMO-da çıxışı zamanı qeyd edib.

Nazir əlavə edib ki, Vaşinqtonda imzalanmış bu sənəd 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan razılaşmaların üzərində formalaşıb.

Xatırladaq ki, avqustun 8-də ABŞ-də Ermənistan və Azərbaycan liderləri birgə bəyannamə imzalayıb. ABŞ prezidenti Donald Tramp da sənədi şahid qismində təsdiqləyib. Bəyannaməyə əsasən, Ermənistan 99 il müddətinə ABŞ-yə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) inkişafı üzrə eksklüziv hüquqlar verib. Yol Ermənistan qanunvericiliyinə əsasən fəaliyyət göstərəcək, ABŞ isə layihəni infrastruktur və idarəetməyə cavabdeh konsorsiuma subarendaya verəcək.

Həmçinin, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun bağlanması barədə ortaq müraciət imzalayıb. Daha sonra iki ölkənin XİN-ləri gələcək sülh sazişinin mətni dərc ediblər.

Paşinyan və Əliyev, həmçinin, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üçün birgə təşəbbüs göstərmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31