Çin ABŞ-nin Mərkəzi Amerika ölkələrinə qarşı viza sanksiyalarını kəskin tənqid etdi - ÖZƏL
8 Sentyabr 12:44 DünyaÇin Xalq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Mərkəzi Amerika ölkələrinin vətəndaşlarına qarşı tətbiq etdiyi vizə məhdudiyyətlərini kəskin şəkildə pisləyib. Sanksiyalar həmin ölkələrin Çin və Çin Kommunist Partiyası ilə əlaqələrinə görə tətbiq olunur. Olaylar.az xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Lin Jian brifinqdə bildirib ki, ABŞ-nin bu addımı "diplomatik məcburiyyət" siyasətidir və eyni zamanda "əsassız hücumlar və qarayaxma kampaniyası"dır. Onun sözlərinə görə, Vaşinqtonun bu davranışı beynəlxalq münasibətlərdə "güclünün zəifi əzməsi" siyasətinə nümunədir və bəzi Amerika siyasətçilərinin "soyuq müharibə düşüncə tərzini" ortaya qoyur. "Biz ABŞ-nin sanksiya çubuğu ilə hədələməsinə qəti şəkildə qarşıyıq. Çin Mərkəzi Amerika dövlətləri ilə əməkdaşlığını davam etdirəcək və bu münasibətlər xalqların rifahı naminə sosial-iqtisadi inkişafı hədəfləyir," - deyə Çinli diplomat vurğulayıb. Lin Jian əlavə edib ki, ABŞ-nin bu müdaxiləsi "qərəzli, əsassız və Mərkəzi Amerika dövlətlərinə hörmətsizlikdir".
Xatırladaq ki, ötən həftə ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Çinlə və Çin Kommunist Partiyası ilə əlaqəsi olan Mərkəzi Amerika vətəndaşlarına, həmçinin onların yaxın ailə üzvlərinə vizə məhdudiyyətləri tətbiq ediləcək.