Polşa: “Şərq Qalxanı” düşmən hücumunu dayandıra bilməyəcək - ÖZƏL
8 Sentyabr 2025 11:11 DünyaPolşa Silahlı Qüvvələrinin Baş Qərargahının polkovniki Slavomir Valençinkovski bildirib ki, ölkənin Rusiya və Belarusla sərhədlərində inşa edilən "Şərq Qalxanı" müdafiə xətti düşmən hücumunu tam dayandırmaq gücündə deyil. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu layihənin məqsədi düşmənin hərəkətini izləmək və onu Polşa ordusunun zərbə endirə biləcəyi istiqamətə yönləndirməkdir:
"Bu istehkamlar düşməni dayandıra bilməz. Söhbət ondan gedir ki, biz onun hərəkətini izləyək və onu istədiyimiz istiqamətə yönləndirək, çünki orada ona atəşlə təsir göstərə bilərik", - deyə Valençinkovski Euronews-a açıqlamasında bildirib. Polkovnik vurğulayıb ki, "Şərq Qalxanı"nı XX əsrdə Fransada salınan Maqinot xətti və ya Finlandiyadakı Mannerheymin müdafiə xətti ilə müqayisə etmək düzgün deyil.
Xatırladaq ki, Polşa hökuməti bu proqramı 2024-cü ilin mayında elan edib. Layihənin dəyəri 10 milyard zlotı (təxminən 2,5 milyard dollar) təşkil edir və 2028-ci ilə qədər tam başa çatdırılması planlaşdırılır. Sərhəddə xəndəklərin qazılması, mina sahələrinin yaradılması, tank əleyhinə maneələrin quraşdırılması, həmçinin aktiv müşahidə sistemlərinin tətbiqi nəzərdə tutulur. İlk işlər 2024-cü ilin noyabrında Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhəddə başlanılıb. Həmin ayın sonunda isə hökumət ilk sahənin tamamlandığını və orada 3,5 min beton istehkam qurğusunun quraşdırıldığını açıqlayıb.