Zaxarova Zelenskini “Gözəl markiza” mahnısı ilə məsxərəyə qoydu – “Qalan hər şeydə, hər şey yaxşıdır…”
8 Sentyabr 10:11 DünyaOlaylar.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin "Ukrayna üçün qələbə" barədə son açıqlamasını istehza ilə şərh edib və Teleqram kanalında məşhur satirik mahnıdan sitat paylaşıb: "Qalan hər şeydə, gözəl markiza, hər şey yaxşıdır, hər şey yaxşıdır". Zaxarova paylaşımına Leonid Utyosovun ifasında həmin kompozisiyanın videosunu da əlavə edib.
Zaxarovanın reaksiyası Zelenskinin ABC News-a müsahibəsində səsləndirdiyi fikirlərlə bağlıdır. Ukrayna lideri həmin müsahibədə bildirib ki, Kreml Ukraynanın bütün ərazisinə tam nəzarət qura bilmədiyi müddətdə bu, Kiyev üçün qələbə sayılacaq: "Putinin hədəfi Ukraynanın tam işğalıdır... O bunu edə bilmədiyi müddətdə üstünlük bizdədir; bizim üçün yaşamaq - qələbədir".
Rusiya mediası Zaxarovanın paylaşımını Zelenskini "qələbə meyarını aşağı salmaqda" ittiham edən başlıqlarla geniş yayıb; xəbərlərdə sözçünün mahnıdan gətirdiyi tam sitata - "Hər şey yaxşıdır, gözəl markiza, işlər gedir və həyat asandır, kədərli sürpriz yoxdur, cüzi bir istisnadan başqa..." - yer verilib.
Qeyd edək ki, "Gözəl markiza" ("Tout va très bien, Madame la Marquise") 1930-cu illərin fransız mahnısıdır; rus dilinə Aleksandr Bezimenski tərəfindən uyğunlaşdırılıb və SSRİ-də Leonid Utyosovun ifasında populyarlaşıb. Zaxarovanın həmin mahnıya istinadının da ironik məğzi budur: mətndə baş verən fəlakətlər "xırda istisna" kimi təqdim olunur.
Zelenskinin ABC-yə müsahibəsi Kiyevin yaxın perspektivdə "ərazi güzəştlərinə gedəcəyi" iddialarını təkzib edən kontekstdə yayımlanıb; o, Ukraynanın suverenliyi və müstəqilliyini qorumağı "əsas qələbə" kimi dəyərləndirib. (Musavat.com)