Rusiyanın yeni hücumu: Ukrayna Baş nazirindən sərt xəbərdarlıq
17:22 DünyaSentyabrın 7-nə keçən gecə Rusiyanın hava zərbələri Ukraynanın Kiyev, Odessa, Dnepr, Krivoy Roq və digər şəhərlərini atəşə tutub.
Milli.Az xəbər verir ki, Ukrayna Baş naziri Yuliya Sviridenko "Telegram" kanalında verdiyi açıqlamada, müharibənin başlanmasından bəri ilk dəfə olaraq hökumət binasının hücum nəticəsində zədələndiyini bildirib.
"Dam və yuxarı mərtəbələr zədələnib, xilasedicilər yanğını söndürür. Onların fədakarlığına görə minnətdarıq. Binaları yenidən bərpa edəcəyik, ancaq itirilən həyatları geri gətirmək mümkün deyil. Düşmən ölkə ərazisində insanlarımızı terror altında saxlayır və öldürür", - Sviridenko vurğulayıb.
Baş nazir həmçinin əlavə edib ki, dünya bu dağıntılara sadəcə sözlə reaksiya verməklə kifayətlənməməli, praktiki addımlar atmalıdır. Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməli, Ukraynaya isə həyat qurtaran silah dəstəyi verilməlidir.
"Ən vacibi Ukraynaya lazımi silahlar çatdırılmalıdır. Bu, terrorun dayandırılması və düşmənin ukraynalılara qarşı növbəti hücumlarının qarşısını almaq üçün yeganə yoldur", - deyə o bildirib.