5 min inqilab qurbanının məzarı asfaltla örtüldü – Tehran rejimi kütləvi məzarlığı parkinq etdi

"Associated Press"in dərc etdiyi peyk görüntüləri İran rejiminin Tehranda yerləşən və "Lot 41" adı ilə tanınan kütləvi məzarlığı asfaltla örtərək parkinq meydançasına çevirdiyini sübut edib.

Musavat.com xəbər verir ki, bu ərazi 1979-cu il İslam inqilabından sonra minlərlə siyasi məhbusun, dissidentin və rejim əleyhdarının gizli şəkildə basdırıldığı məkan kimi tanınır.

Tarixi mənbələrə görə, buraya 5 mindən çox insan dəfn olunmuş, on illər boyunca ailələr qadağalara baxmayaraq yaxınlarının məzar yerlərinə baş çəkməyə çalışmışdı. Lakin indi İran hakimiyyəti həmin izləri də silməyə çalışır.

Amsterdam Universitetindən tədqiqatçı Şahin Nasiri bildirib ki, illərdir bu sahədə sistemli vandalizm aparılırdı, məzar daşları dağıdılır, ağaclar qurudulur, indi isə parkinq tikintisi ilə məhv etmə prosesinin son mərhələsi tamamlanır. Amnesty International və digər hüquq müdafiə təşkilatları bu addımı tarixi yaddaşın məhv edilməsi, gələcək hüquqi istintaqlardan yayınmaq və inqilab cinayətlərinin izlərini gizlətmək kimi qiymətləndiriblər.

İran İnsan Haqları Mərkəzinin rəhbəri Hadi Ghaemi bəyan edib ki, bu, həm mənəviyyata, həm də beynəlxalq hüquqa qarşı yönəlmiş açıq hörmətsizlikdir və ailələrin yaxınlarının xatirəsini yad etmək hüququ kobud şəkildə pozulur. BMT-nin xüsusi məruzəçiləri də dəfələrlə xəbərdarlıq etmişdilər ki, İranın məzarlıqları məhv etməsi, xüsusən 1980-ci illərdəki kütləvi edamların izlərinin silinməsi dövlətin məsuliyyətdən yayınmaq siyasətinin göstəricisidir.

Tehran meriyasının rəsmiləri isə əksinə olaraq bu addımı "şəhərsalma planı" kimi təqdim etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyət və insan haqları qurumları qətiyyətlə bildirirlər ki, bu, sadəcə şəhərsalma deyil, tarixin və günahsız insanların xatirəsinin üstündən asfalt çəkməkdir.

İran rejiminin bu davranışı həm ölkə daxilində, həm də xaricdə dərin qınaq doğurub. Ədalət və həqiqət uğrunda mübarizə aparan ailələr, hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar dünyanı bu mənəviyyətsiz addıma qarşı səs qaldırmağa çağırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31