Korotçenko: Putinin Ukraynada NATO ilə bağlı sözləri beynəlxalq hüquqa uyğundur - ÖZƏL

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xarici qoşunların peyda olacağı halda onların Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəyi barədə bəyanatı beynəlxalq hüquq normalarına tam uyğundur.

Olaylar xəbər verir ki, bu fikri hərbi analitik, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib.

"Prezident Putinin bəyanatı və onun məntiqi beynəlxalq hüquq normalarına, silahlı münaqişələrin aparılması qaydalarına və özünümüdafiə hüququna tam cavab verir", - Korotçenko bildirib.

Onun sözlərinə görə, Putinin mövqeyi tamamilə qanunidir və bu bəyanatın reallaşdırılması zəruriliyi ilə bağlı heç bir şübhə yoxdur.

Korotçenko həmçinin vurğulayıb ki, Rusiya ilə NATO arasında birbaşa qarşıdurma baş verəcəyi halda ABŞ hərbi müdaxiləyə getməyəcək, Vaşinqton sadəcə siyasi bəyanatlarla kifayətlənəcək.

Xatırladaq ki, daha əvvəl Putin Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünü qətiyyən qəbul etmədiyini bəyan etmişdi. NATO-nun baş katibi Mark Ryutte isə açıqlamasında qeyd edib ki, alyans hətta Ukraynadakı münaqişə başa çatdıqdan sonra da Rusiyaya qarşı siyasətindən imtina etməyəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31