SEPAH: İsrail və ABŞ İrana qarşı yeni müharibəyə qadir deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, briqada generalı Əli Məhəmməd Naeini bildirib ki, İsrail və onun müttəfiqləri İrana qarşı yeni müharibə başlatmaq gücündə deyil və yalnız psixoloji təzyiqlərə əl atırlar.

"Düşmən yeni müharibə apara bilmir, amma ölkəni daim gərginlik və narahatlıq atmosferində saxlamaq istəyir", - deyə general Press TV-yə açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, ABŞ və İsrail psixoloji əməliyyatlarla İran xalqında təhlükə hissi yaratmağa çalışır, lakin İran nə münaqişənin təşəbbüskarıdır, nə də ondan qorxur. Naeini İran xalqını sakitliyə çağıraraq vurğulayıb: "Əgər müharibə başlasa, biz qalib gələcəyik. Düşməni peşman edəcək güclü çəkindirici qüvvəyə sahibik".

General əlavə edib ki, 24 iyunda ABŞ və İsrailin təcavüzü İranın uğurlu cavab əməliyyatları ilə dayandırılıb. Onun sözlərinə görə, İsrailin təhlükəsizlik strategiyası iflasa uğrayıb və rejim İranın gücünü düzgün qiymətləndirməyib. "Xalq azmış düşmənə sarsıdıcı cavab verdi", - deyə o qeyd edib.

Naeini vurğulayıb ki, 12 günlük qarşıdurma İranın milli birliyini, silahlı qüvvələrinin gücünü və ölkə rəhbərliyinin effektivliyini nümayiş etdirib: "Biz bu aqressiyadan sonra daha sabit, həmrəy və güclü olduq".

O, düşmənin indi iqtisadi və psixoloji müharibəyə əl atdığını, lakin SEPAH-ın hər cür təhdidə cavab verməyə hazır olduğunu bildirib. General əlavə edib ki, "sionist rejim və ABŞ İslam inqilabını və İran xalqını məğlub etmək üçün milyardlarla dollar xərcləyib, lakin uğur əldə edə bilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31