İran XİN rəhbəri: Tehran Fələstin müqavimətini dəstəkləməyə davam edəcək – ÖZƏL
5 Sentyabr 12:05 Dünyaİranın xarici işlər naziri Abbas Əraqçi Dohada HƏMAS rəhbərləri ilə görüşdə Tehranın Fələstin xalqının İsrail işğalına qarşı müqavimətinə verdiyi dəstəyi bir daha təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Əraqçi Fələstin xalqının "sionist rejimin misilsiz cinayətləri" qarşısında göstərdiyi əfsanəvi möhkəmliyi yüksək qiymətləndirərək, İranın onların qanuni müqavimətini tam hüquqları bərpa olunana qədər dəstəkləyəcəyini vurğulayıb.
XİN rəhbərinin XƏMAS-ın siyasi büro üzvü və Qəzza rəhbəri Xalil əl-Hayya, həmçinin təşkilatın digər nümayəndələri ilə görüşü Qəzzadakı son hadisələrə, davam edən "soyqırımı"na və əsirlərin mübadiləsi səylərinə həsr olunub.
Əraqçi İsrailin Qəzzada və İordan çayının qərb sahilində cinayətləri kəskinləşdirdiyini, aclıq şəraiti yaratdığını, qadın və uşaqları ərzaq növbələrində öldürdüyünü qeyd edib. O, beynəlxalq ictimaiyyətin artıq ayıldığını və islam ölkələrinin koordinasiyalı addımlar ataraq soyqırımın qarşısını almaq, təcili humanitar yardım göstərmək və İsrail liderlərini məsuliyyətə cəlb etmək üçün hərəkətə keçməli olduğunu vurğulayıb.
Öz növbəsində Xalil əl-Hayya Qəzzadakı vəziyyət barədə məlumat verib, İsrailin cinayətlərinin dayandırılması və əsir mübadiləsi istiqamətində görülən işləri açıqlayıb. O, Fələstin xalqına dəstəyə görə İrana təşəkkür edib və bölgənin, eləcə də dünyanın azad xalqlarının, xüsusilə Yəmən xalqının həmrəyliyini qeyd edib.
"Fələstin xalqına qarşı ən amansız cinayətlərə baxmayaraq, sionist rejim onların qanuni hüquqlarını müdafiə etmək əzmini sındıra bilməyəcək", - deyə əl-Hayya bəyan edib. O, həmçinin Qəzza blokadasının aradan qaldırılması, humanitar yardımın çatdırılması və artan işğal və soyqırıma qarşı qlobal səfərbərliyin vacibliyini vurğulayıb.