Yaponiya Ukraynaya hərbi qüvvə göndərmək niyyətində deyil - ÖZƏL
5 Sentyabr 12:04 DünyaYaponiya hökuməti Ukraynada atəşkəs və ya sülh əldə edildikdən sonra belə, özünümüdafiə qüvvələrini bu ölkəyə göndərməyi planlaşdırmır. Olaylar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi açıqlama verib. "Yaponiya həmin 26 ölkənin sırasında deyil və hökumətimiz Ukraynaya özünümüdafiə qüvvələrinin göndərilməsi məsələsini nəzərdən keçirmir", - deyə o, jurnalistlərin sualına cavab verib. Xatırladaq ki, sentyabrın 4-də Parisdə keçirilən "istəklilərin koalisiyası" görüşündə Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski iştirak edib. Fransa prezidenti Emmanuel Makron görüşdən sonra bildirib ki, koalisiyaya daxil olan 26 dövlət atəşkəs və ya sülh razılaşmasından sonra Ukraynaya beynəlxalq hərbi kontingent göndərməyə hazırdır. Lakin o, ölkələrin adlarını və qüvvələrin sayını açıqlamayıb, bunu "Rusiya qarşısında kartları açmaq istəməməsi" ilə izah edib. Makron əlavə edib ki, bir neçə ölkə hələ də öz mövqeyini müəyyənləşdirməyib. Ümumilikdə görüşdə 35 ölkənin nümayəndələri iştirak edib. Qeyd edək ki, avqustun 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, Ukraynada NATO ölkələrinin hərbi kontingentlərinin yerləşdirilməsi Moskva tərəfindən qəbuledilməzdir və bu addım münaqişənin nəzarətsiz eskalasiyasına səbəb ola bilər.