Çikaqoda 55 il əvvəl yoxa çıxan cütlüyün axtarışında çaydan 100-ə yaxın avtomobil tapıldı – ÖZƏL
5 Sentyabr 11:04 DünyaABŞ-nin Çikaqo şəhərində 55 il əvvəl itkin düşən ər-arvadın axtarışları zamanı dalğıclar çayda təxminən 100 avtomobil aşkarlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Bildirilib ki, maşınların əksəriyyəti dəstələr halında - hər birində 12-dən 19-a qədər avtomobil olmaqla - suyun dibinə atılıb. "Biz daha çox ayrıca qalan avtomobillərə diqqət yetirirdik, çünki bu, qəza və ya hətta qəsdən törədilən hadisə üçün daha əlamətdardır", - deyə dalğıc qrupunun meneceri Lindsi Bassik açıqlama verib.
Məlumata görə, Edvard və Stefaniya Endryus adlı cütlük 1970-ci il mayın 15-də itkin düşüb. Onlar "Oldsmobile 442" markalı 1969-cu il istehsalı avtomobillə Çikaqodakı bir oteldə keçirilən ziyafətdən çıxdıqdan sonra yoxa çıxıblar.
1970-ci illərdə aparılan axtarışlar nəticəsiz qalıb, 1994-cü ildə iş yenidən gündəmə gətirilsə də, nəticə verməyib. 2025-ci ildə hüquq-mühafizə orqanları işə bir daha qayıdıb. Dalğıclar cütlüyün avtomobilini tapmasalar da, digər 20 açılmamış cinayət işi ilə bağlı hüquq-mühafizə orqanlarına əlavə məlumat təqdim ediblər.
Qeyd edək ki, bu yaxınlarda İngiltərədə 115 ildən sonra Misirdə tapılmış 2400 illik əsgər papağı nümayiş etdirilmişdi.