Bağçada qarışıqlıq: uşaq səhvən başqa şəxsin babası tərəfindən aparıldı - ÖZƏL

Sidneydə (Avstraliya) bağçada baş verən insidentlə bağlı araşdırmaya başlanılıb. Hadisə Bango bölgəsində yerləşən First Steps Learning Academy bağçasında qeydə alınıb. Olaylar.az xəbər verir ki, məlumata görə, bağçaya öz nəvəsini götürməyə gələn bir kişi səhvən başqa uşağı aparıb. Hadisə uşaqların yatdığı vaxt baş verdiyi üçün tərbiyəçi diqqətsizlik edərək körpəni yanlış ailəyə təhvil verib. Səhv yalnız uşağın anası bağçaya gələndə üzə çıxıb. Ana hadisə ilə bağlı Sydney Morning Herald qəzetinə açıqlamasında bunları deyib: "Bu hissi sözlə ifadə etmək mümkün deyil. Bir yaşlı oğlumu yad adamın apardığını biləndə dəhşət yaşadım. Biz babanı günahlandırmırıq, məsuliyyət bağçadadır". Hadisəyə qarışan kişinin həyat yoldaşı isə bildirib ki, əri səhvi anlayan kimi uşağı qaytarmaq üçün tələsib: "Ərim çox sarsıldı, səhvi başa düşən kimi mümkün qədər sürətlə geri qayıtdı". Yeni Cənubi Uelsin məktəbəqədər təhsil üzrə tənzimləyici qurumu hadisəni "ciddi və narahatedici hal" adlandıraraq araşdırmaya başlayıb. Səhvə yol verən tərbiyəçi işdən müvəqqəti uzaqlaşdırılıb.
First Steps Learning Academy şəbəkəsinin rəhbəri Trişa Hasti isə valideynlərdən üzr istəyib və bunun "istisna hal" olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəzdə uşaqların təhvil verilməsi zamanı hər zaman ciddi qaydalar tətbiq olunub, lakin bu dəfə onlar pozulub. Hadisədən sonra protokollar daha da sərtləşdirilib. Qeyd edək ki, son aylarda Avstraliyanın müxtəlif bağçalarında laqeydlik və zorakılıqla bağlı xəbərlər ictimaiyyətdə narahatlıq yaradıb. Sözügedən bağça ilə bağlı belə bir ittiham irəli sürülməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31