Qazaxıstanda qeydiyyatsız şəxslərin pensiya və müavinətlərinin dayandırılması təklif olunur – ÖZƏL
5 Sentyabr 10:27 DünyaQazaxıstanda daimi qeydiyyatı olmayan şəxslərə, həmçinin dövlətin tam təminatında olan vətəndaşlara pensiya və sosial müavinətlərin ödənişinin dayandırılması təklif edilir.
Olaylar.az xəbər verir ki, bu barədə Əmək və Sosial Müdafiə Nazirliyinin hazırladığı sənəd "Açıq NPA" portalında ictimai müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, pensiya və müavinətlər yalnız Qazaxıstan vətəndaşlarına, qandasa və ölkədə daimi yaşayan əcnəbilərə şamil olunur. Lakin aparılan yoxlamalar nəticəsində məlum olub ki, 100 mindən çox şəxs bu ödənişləri qeydiyyatsız şəkildə alır.
Bundan başqa, hazırda bəzi ödənişlər tam dövlət təminatında olan müəssisələrin hesablarına yönəldilir. Buraya sosial xidmət mərkəzlərində yaşayan yaşlı insanlar, əlilliyi olan şəxslər, psixonevroloji xəstəlikləri olanlar, eləcə də cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar daxildir.
Nazirlik hesab edir ki, bu yanaşma balanssızlıq yaradır. Belə ki, müstəqil yaşayan pensiyaçılar və müavinət alanlar gündəlik xərclərini öz vəsaitləri hesabına ödəyirlərsə, dövlət müəssisələrində yaşayanların bütün xərcləri dövlət büdcəsindən qarşılanır.
Yeni layihəyə görə, ödənişlərin dayandırılması aşağıdakı hallara şamil olunacaq:
• Daimi yaşayışını təsdiq etməyən şəxslərə;
• Sosial xidmət mərkəzlərində və cəzaçəkmə müəssisələrində olan vətəndaşlara, orada qaldıqları müddət ərzində.
Müzakirə 24 sentyabra qədər davam edəcək. Rəsmi məlumatlara görə, 2025-ci il aprelin 1-nə olan göstəriciyə əsasən, Qazaxıstanda 2,5 milyona yaxın yaşa görə pensiya alan şəxs var.