47 milyon funtluq Çin dəstəyi: Rusiyanın PUA istehsalı ifşa olundu

Çindən Rusiyaya PUA istehsalı üçün ehtiyat hissələri və materiallar göndərilib, beynəlxalq sanksiyalar altındakı müəssisələr də bu tədarüklərdən faydalanıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Məqalə "Çin gizli şəkildə Rusiyanı silahlandırır" adlandırılıb.

Xəbərə görə, tədarüklərin dörddə biri - 10,7 milyon funt - kamikadze dronlar "Geran"ın istehsal olunduğu Alabuqa xüsusi iqtisadi zonasında fəaliyyət göstərən infrastruktur tərəfindən alınıb.

Araşdırma zamanı Çindən Rusiyaya əsas komponentlər (aviamühərriklər, çiplər, ərintilər, şüşə lif, obyektivlər, karbon lif) göndərən 97 təchizatçı şirkət müəyyən edilib. Bu detallar Ukraynaya hücum edən vurulmuş dronlarda aşkar olunur. Ukrayna hərbçiləri qeyd edirlər ki, Çin istehsalı lövhələr üzərində "aydın markalanma və Çin ieroqlifləri" var.

Pekin ixrac logistikası zamanı malları vətəndaş təyinatlı kimi göstərir, lakin əslində bunlar ikili təyinatlı məhsullardır. Belə tədarüklərin sayəsində 2024-cü ildə Çin və Rusiya arasındakı ticarət dövriyyəsi 210 milyard funt sterlinqə çatıb.

Çin şirkətləri Alabuqaya şüşə lif və karbon lif, həmçinin "Drake LLC" şirkəti üçün 860 min funt sterlinq dəyərində mühərriklər göndəriblər. Bu şirkət "Geran" istehsalında iştirak edir. 2023-cü ilin birinci rübündə "Ningbo Peak Cloud Import and Export" şirkəti sanksiyalar altındakı Ural Mülki Aviasiya Zavoduna 3 milyon funt sterlinq dəyərində təyyarə və aviamühərrik göndərib.

5 rus şirkəti Çin detallarını birbaşa alır: bunlar "Ural Mülki Aviasiya Zavodu", "Akmetron", "PT Electronic", "PT Elektronik" və "Radioline" şirkətləridir. Onlar "Asia Link Shanghai" vasitəsilə metaldan tutmuş çiplərə qədər hər şeyi alırlar.

Moskva ilə Tehran arasında 1,5 milyard funt sterlinqlik "Shahed-136" istehsalı razılaşmasından sonra Rusiya öz istehsalını quraraq İranı kənara itələdi. İndi əsas komponentlərin, o cümlədən mühərriklər və naviqasiya sistemlərinin əsas tədarükçüsü məhz Çin olub.

Proqramın mərkəzi Alabuqadır. Burada iran eskizləri əsasında "Harpia" və "Gerbera" dronları istehsal olunur. Onlar "Xiamen Limbach" və "Mile Hao Xiang Technology" mühərrikləri ilə təchiz edilir. Sonuncu şirkət Rusiyaya 1,3 milyon funt sterlinq dəyərində mühərriklər göndərib.

Çin komponentləri tez-tez üçüncü ölkələr vasitəsilə alınır və gizli şəkildə Rusiyanın qərbindəki zavodlara çatdırılır. Bəzən bu tədarüklər kondisioner və ya oyun konsolu kimi sənədləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31