Politoloq: Çin və Rusiya yeni ədalətli dünya nizamının qurulmasına liderlik edir – ÖZƏL

Son Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti göstərdi ki, Çin və Rusiya yeni dünya nizamının qurulmasında aparıcı rol oynayır. 

Olaylar.az xəbər verir ki, İranlı politoloq Ruhullah Modabberin TASS-a verdiyi açıqlamaya görə, bu yeni nizam ədalətə əsaslanır və ABŞ-nin uzun illər müdafiə etdiyi unipolyar hegemoniyadan kəskin fərqlənir.

Modabber bildirib ki, sammit son illərin ən mühüm hadisələrindən biri olub: "Məncə, sammitin ən önəmli qonağı Rusiya prezidenti Vladimir Putin idi. Onun yüksək səviyyədə qarşılanması və Çin lideri Si Cinpinlə görüşü bu faktı sübut edir. Rusiya və Çin yeni beynəlxalq düzənin memarlığını aktiv şəkildə qurur".

O, əlavə edib ki, Putin və Si-nin çıxışları əsasən daha ədalətli beynəlxalq münasibətlər sisteminin yaradılmasına yönəlib: "Dünya sürətlə yeni istiqamət üzrə dəyişir. Sammitin geniş işıqlandırılması və çoxsaylı ölkələrin iştirakı bu təşəbbüsün uğurunu göstərir".

Qeyd edək ki, ŞƏT 2001-ci il iyunun 15-də yaradılıb. Əvvəlcə Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan üzv olub. Sonradan Hindistan və Pakistan (2017), İran (2023) və Belarus (2024) təşkilata qoşulub. "ŞƏT Plus" formatına isə Azərbaycan, Ermənistan, Vyetnam, Misir, İndoneziya, Kamboca, Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Nepal, Türkmənistan, Türkiyə və digər dövlətlər, həmçinin beynəlxalq təşkilatlar daxildir.

Sonuncu sammit avqustun 31-dən sentyabrın 1-dək Tyanjin şəhərində keçirilib. Tədbirdə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Görüşün sonunda 15 yeni əməkdaşlıq sazişi imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31