ABŞ məhkəməsi Trampın XVIII əsr qanunundan deportasiya üçün istifadəsini qanunsuz saydı - ÖZƏL

ABŞ Federal Apellyasiya Məhkəməsi prezident Donald Trampın 1798-ci il tarixli "Düşmən-əcnəbilər haqqında qanun"a əsaslanaraq venesuelalı miqrantların deportasiyasını qanunsuz hesab edib. Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xatırladaq ki, mart ayında Vaşinqton məhkəməsi deportasiyaların dayandırılması barədə qərar qəbul etmişdi. Tramp həmin qanunun "quldur hücumu" ilə bağlı müddəasına istinad edərək, bunun ABŞ-də baş verdiyini iddia etmişdi. Lakin sentyabrın 2-də apellyasiya məhkəməsi bildirib ki, "hücum və ya işğal faktı təsdiqini tapmayıb". Hakim Lesli Saufriqin sözlərinə görə, təqdim olunan sübutlar "işğalın" mövcudluğunu göstərmir və buna görə də qanunun tətbiqi əsassızdır. Bu qərardan sonra Tramp Texas, Luiziana və Missisipi ştatlarında yaşayan venesuelalı miqrantları deportasiya edə bilməyəcək. CNN-in qeyd etdiyinə görə, məsələ növbəti mərhələdə ABŞ Ali Məhkəməsinə çıxarıla bilər.
Qeyd edək ki, Tramp daha əvvəl 1798-ci il qanununa əsaslanan proklamasiya imzalayaraq, Venesuelada yaranmış "Tren de Aragua" adlı transmilli cinayətkar dəstənin üzvlərinin dərhal saxlanılması və ölkədən çıxarılmasını əmr etmişdi. ABŞ-da həbs edilən 252 venesuelalı məhkəmə qərarı olmadan və müdafiə hüququndan məhrum edilərək Salvador ölkəsinə göndərilmiş və ciddi rejimli həbsxanaya salınmışdı. Donald Tramp dəfələrlə immiqrasiya siyasətini sərtləşdirmək istədiyini açıqlayıb və ABŞ tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirəcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31