“Avropa Ukraynaya təhlükəsizlik zəmanətləri hazırladı – ABŞ-nin dəstəyi gözlənilir” – ÖZƏL
3 Sentyabr 2025 10:31 DünyaAvropa ölkələri Ukraynaya müharibədən sonrakı təhlükəsizlik zəmanətləri ilə bağlı öz təkliflərini hazırlayıb və bu məsələdə ABŞ-nin dəstəyini gözləyirlər.
Olaylar.az xəbər verir ki, bu barədə AFP agentliyi Yelisey sarayına istinadla məlumat yayıb.
"Biz hazırıq", - deyə Fransa Prezidenti Emmanuel Makronun nümayəndəsi bildirib. O əlavə edib ki, Avropa tərəfi indi Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün ABŞ-nin dəstəyinə ümid edir.
Məlumata görə, sentyabrın 4-də Parisdə "istəklilər koalisiyası"nın görüşü keçiriləcək. Almaniya kansleri Fridrix Mersin açıqlamasına əsasən, görüşdə Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər müzakirə olunacaq. Tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.
KİV-in yazdığına görə, Avropanın Ukraynadakı müttəfiqləri atəşkəs halında ölkəyə sülhməramlı qüvvələrin göndərilməsi məsələsini də müzakirəyə çıxara bilərlər. Rusiya isə əvvəllər bəyan etmişdi ki, Ukraynada xarici hərbi qüvvələrin mövcudluğunu özünə qəbuledilməz hesab edir.