Ukraynada iki min KXDR əsgəri öldürülüb - kəşfiyyat məlumatı

Müharibədə iştirak etmək üçün Rusiyaya göndərilən iki minə yaxın Şimali Koreya əsgəri Ukraynada həlak olub.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın kəşfiyyat xidmətinin məlumatına əsaslanaraq xəbər yayıb.

"Yonhap"ın məlumatına görə, bu informasiya parlamentin kəşfiyyat komitəsinin qapalı brifinqində təqdim olunub. Deputatlar Park Sun-von və Li Son-Kvun jurnalistlərə bildiriblər ki, Pxenyan Rusiyaya daha altı minə yaxın əsgər göndərmək niyyətindədir. Eyni zamanda, minə yaxın mühəndis artıq Rusiya Federasiyasındadır.

Kəşfiyyat xidməti Şimali Koreya əsgərlərinin hazırda arxa mövqelərdə olduğunu və ehtiyatda istifadə edildiyini bildirir. Göndərilən bölmələrdə komanda dəyişikliyi də istisna edilmir.

Deputat Linin sözlərinə görə, KXDR hakimiyyəti transferin ilk mərhələlərində təxminən 350 əsgərin öldüyünü rəsmən etiraf edib. Bununla belə, NIS aprel ayında 600 nəfərin öldüyünü söyləmişdi. İndi xarici tərəfdaşlarla birgə "əlavə təhlil"dən sonra bu rəqəm iki minə çatıb.

Ötən ilin oktyabr ayından bəri Şimali Koreya Rusiyaya 13 minə yaxın hərbi qulluqçu göndərib, həmçinin Rusiya ordusuna silah və sursat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31