Pekin Rusiyanın 5 illik arzusuna yaşıl işıq yandırdı: Məqsəd nədir?
14:21 DünyaŞanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində Rusiya ilə Çin arasında "Sibirin Gücü 2" qaz kəmərinin və Monqolustan ərazisindən "Soyuz Vostok" tranzit qaz kəmərinin tikintisinə dair hüquqi qüvvəyə malik memorandum imzalanıb.
Olaylar.az xəbər verir ki, məlumatı "Qazprom"un baş direktoru Aleksey Miller Pekində jurnalistlərə açıqlayıb.
Beləliklə, 5 il əvvəl təklif olunan, son 3 ildə Rusiyanın böyük israrla Çindən razılıq almağa çalışdığı "Sibirin Gücü 2" qaz kəməri layihəsi ilə bağlı ilk hüquqi addım atıldı. Millerin dediyinə görə, bu, dünyada qaz sənayesində ən böyük və kapital tutumlu layihə olacaq.
"Qazprom" rəhbəri deyir ki, indi qaz kəmərinin tikintisinin maliyyələşdirilməsi, eləcə də tədarüklərin kommersiya şərtləri ilə bağlı məsələlər müzakirə olunacaq və dəqiqləşdiriləcək. Nəzərə alsaq ki, layihə gündəmə gələndən onun icrasına mane olan elə məhz maliyyələşmə və qaz qiymətləri məsələləridir, onda imzalanan memorandumun kağız üzərində qalma ehtimalının çox böyük olduğunu görərik.
Məsələ burasındadır ki, kəmər Çinin Pekin hakimiyyətinin inkişafında maraqlı olmadığı Uyğur vilayətinə çıxır. Bu ərazidə sənayenin zəif inkişafı fonunda qaza tələbat elə də yüksək deyil. Bu səbəbdən də Çin kəmərin maliyyələşməsinə maraq göstərmir. Rusiyanın ortaq maliyyələşmə təklifləri buna görə illərdir Pekin tərəfindən cavabsız buraxılır. Çin yalnız Monqolustan ərazisindəki hissəyə müəyyən maliyyə dəstəyi təklif edir, əvəzində isə Rusiyadan qazın 60 dollara satılmasını istəyir. İndiyədək Rusiya buna razılaşmayıb.
Qeyd edək ki, "Sibirin gücü 2" müqaviləsi 30 il müddətinə nəzərdə tutulub. Rusiya tərəfi çatdırılma qiymətinin "Avropadakından daha aşağı" olacağını qeyd edir. Bu isə o deməkdir ki, Çin istəyinə böyük ölçüdə nail olub.
Millerin sözlərinə görə, "Qazprom" və Çinin CNPC şirkəti "Sibirin Gücü" qaz kəməri ilə Çinə qaz tədarükünü ildə 38 milyard kubmetrdən 44 milyard kubmetrə çatdırmaq barədə də sənədlər imzalayıb.
Həmçinin, Uzaq Şərq Marşrutu layihəsi çərçivəsində tədarüklərin həcmi indiki 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər artırılacaq. "Sibirin Gücü 2" magistral boru kəməri layihəsi Qərbi Sibirdəki qaz yataqlarını Monqolustan vasitəsilə Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə birləşdirməlidir. Onun layihə gücü ildə 50 milyard kubmetrə qədər qazdır.
2022-ci ilin yanvar ayında layihə texniki-iqtisadi əsaslandırma mərhələsindən keçsə də, Monqolustanın Dövlət Ekspertizası onu 2025-ci ilin martında təsdiqləyib.
Hesablamalara görə, 2024-cü ildə Rusiyanın Çinə satdığı qazın min kubmetrinin orta qiyməti 210 dollara bərabər olub. Bu, Avropadakı qiymətdən 2 dəfə aşağıdır. Söhbət hazır olan kəmərlərlə çatdırılan boru qazı və dəniz yolu ilə çatdırılan maye qazın birgə qiymətindən gedir. Maye qazın boru qazından daha baha olduğunu nəzərə alsaq, 210 dolların böyük hissəsinin məhz maye qazın payı olduğunu söyləyə bilərik.
Çinin indiyədək iqtisadi baxımdan cəlbedici hesab etməyərək maraq göstərmədiyi layihəyə məhz indi "dobro" verməsini əksər analitiklər ABŞ-la gözlənilən böyük ticarət danışıqları öncəsi rıçaq əldə etmək cəhdi kimi qiymətləndirirlər. Məlumdur ki, ABŞ Çindən Rusiya neft-qazının alışından imtina etməsini istəməyə hazırlaşır. Bu fonda Çin güzəşt kimi Rusiyadan əlavə həcmlərin alışından imtina təklif etmək imkanı əldə edəcək. Analitiklərə görə, ABŞ-la əlverişli ticarət razılaşması olarsa, Çin memorandumun icrasını rahatlıqla sandığa atacaq.