Paşinyan ailəsinin gülümsəyən fotoları Ermənistanda narazılıq yaradıb – ÖZƏL
2 Sentyabr 2025 11:53 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda ictimaiyyət Baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın Çin səfəri zamanı qonşu ölkələrin liderləri və onların xanımları ilə gülümsəyərək çəkilən fotolarına sərt reaksiya verib. Sosial şəbəkələrdə geniş yayılan görüntülər cəmiyyətdə ciddi narazılıq yaradıb.
Tənqidçilər hesab edir ki, Ermənistan xalqı hələ də müharibənin ağrı-acılarını, itkiləri, Qarabağdan köçü və Azərbaycan rəhbərliyinin sərt ritorikasını unutmamışkən, belə səmimi və mehriban görüntülər qəbuledilməzdir. Onlar bildirirlər ki, Ermənistan cəmiyyətinin gözündə hələ də düşmən obrazı qalan tərəflərlə gülərüz poz vermək milli ləyaqəti təhqir edir.
Mətbuatda yayılan şərhlərdə vurğulanır ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan təbii olaraq gülümsəyirlər, çünki qalib tərəfdirlər - Qarabağı alıblar və məqsədlərinə doğru irəliləyirlər. Ancaq Paşinyan və həyat yoldaşının niyə bu qədər sevincli göründükləri, hansı səbəbdən "belə şadyanalıq" nümayiş etdirdikləri Ermənistan cəmiyyətində anlaşılmazlıq və qəzəb doğurub.